Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh prosesi, NATO və Yaxın Şərq gündəmi
Ekskluziv
3038
08 Jul 2026 | 16:23

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh prosesi, NATO və Yaxın Şərq gündəmi

Moderator.az-ın Pərvin Şakirqızı ilə "Rəsmilərin mövqeyi" rubrikasında ölkə və beynəlxalq gündəmin ən aktual siyasi, geosiyasi və təhlükəsizlik məsələləri rəsmi şəxslər və ekspertlərlə müzakirə olunur. Burada ictimai maraq doğuran proseslərə dair əsaslandırılmış mövqelər və peşəkar siyasi təhlillər təqdim edilir. Rubrikamızın növbəti müsahibi Milli Məclisin deputatı Elçin Mirzəbəyli oldu.

Deputatla Azərbaycan–Ermənistan sülh prosesi, Zəngəzur dəhlizi, Ankarada keçirilən NATO Liderlər Sammitinin nəticələri, eləcə də ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan yeni geosiyasi proseslər ətrafında həmsöhbət olduq. 

Moderator.az həmin müsahibəni təqdim edir:

– Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün hüquqi və siyasi əsasların formalaşdığı bildirilsə də, proses hələ yekunlaşmayıb. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların qüvvədə qalması və Zəngəzur dəhlizi ətrafında davam edən müzakirələr fonunda sülh prosesinin mövcud vəziyyətini və perspektivlərini necə qiymətləndirirsiniz?

– Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün hüquqi və siyasi baza, mahiyyət etibarilə, formalaşıb. Lakin prosesin yekunlaşmasının qarşısında duran əsas maneə Ermənistan Konstitusiyasında bu ölkənin müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı əsassız, BMT Nizamnaməsinə və digər beynəlxalq sənədlərə zidd ərazi iddialarına yol açan müddəaların hələ də qüvvədə qalmasıdır. 

Azərbaycan haqlı olaraq hesab edir ki, sülh sazişi yalnız bugünkü siyasi iradəyə deyil, həm də gələcəkdə revanşizmə imkan verməyəcək hüquqi təminatlara söykənməlidir.
Ermənistan rəhbərliyi Konstitusiyanın dəyişdirilməsinin daxili siyasi məsələ olduğunu bəyan etsə də, bu, artıq regional təhlükəsizlik gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Çünki hüquqi sənəddə qonşu dövlətə qarşı ərazi iddiası saxlanıldığı müddətdə imzalanacaq istənilən saziş potensial risk daşıyacaq.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, proses dayanmayıb, sadəcə yeni mərhələyə keçib. Burada söhbət yalnız nəqliyyat xəttindən deyil, Avrasiyanın yeni logistika və enerji arxitekturasından gedir. Dəhlizin açılması Orta Dəhlizin funksionallığını əhəmiyyətli dərəcədə artıracaq, Türk dünyasının coğrafi inteqrasiyasını gücləndirəcək və Şərq-Qərb ticarət marşrutlarının təhlükəsizliyini təmin edəcək.

Maneələr isə əsasən geosiyasi xarakter daşıyır. Regionda maraqları toqquşan güclər – Rusiya, İran, Qərb və müəyyən mənada Avropa İttifaqı bu layihəyə qarşılıqlı ziddiyyət təşkil edən prizmadan yanaşırlar. Ermənistan da daxili və xarici təsirlər arasında balans yaratmağa çalışdığı üçün proses zaman-zaman ləngiyir.
Rəsmi Bakı üçün isə əsas məsələ sülhün sürətlə deyil, davamlı və hüquqi təminatlarla əldə edilməsidir.

– ABŞ Prezidenti Donald Trampın Türkiyənin İranla bağlı mövqeyinə dair son açıqlamaları beynəlxalq ictimaiyyətdə müxtəlif şərhlərə səbəb olub. Sizcə, bu bəyanatlar Vaşinqtonun Ankaraya münasibətində hansı siyasi və geosiyasi mesajları ehtiva edir?

– Donald Trampın Türkiyənin İranın tərəfində müharibəyə qoşulmadığını xüsusi vurğulaması və Prezident Rəcəb Tayyib Ərdoğanın da İranın nüvə silahına malik olmasını istəməyəcəyini bildirməsi təsadüfi diplomatik ifadələr deyil. Bu açıqlamalar Vaşinqtonun Ankaranın regional çəkisini və müstəqil təhlükəsizlik siyasətini qəbul etdiyini göstərən siyasi siqnallar kimi qiymətləndirilə bilər.

ABŞ faktiki olaraq etiraf edir ki, Yaxın Şərqdə Türkiyənin iştirakı olmadan dayanıqlı təhlükəsizlik modeli qurmaq mümkün deyil. Ankara həm NATO üzvü, həm də İran, Rusiya, Azərbaycan və ərəb dünyası ilə eyni vaxtda dialoq qura bilən nadir aktorlardan biridir.
Trampın bəyanatında digər mühüm məqam Türkiyənin İranla münasibətlərinə yanaşmadır. ABŞ burada Ankaranın Tehranla əlaqələrini problem kimi deyil, idarəolunan regional kommunikasiya kanalı kimi qiymətləndirdiyini nümayiş etdirir.

Bu isə Vaşinqtonun əvvəlki dövrlərlə müqayisədə daha praqmatik yanaşmaya üstünlük verdiyini göstərir. Türkiyə də öz növbəsində İranın nüvə silahına malik olmasını dəstəkləmir. Çünki belə bir vəziyyət regionda silahlanma yarışını sürətləndirə, İsrail-İran qarşıdurmasını daha təhlükəli mərhələyə keçirə və Türkiyənin milli təhlükəsizlik maraqlarına əlavə risklər yarada bilər.

Bu açıqlamalar Türkiyə-ABŞ münasibətlərində müəyyən yumşalma elementlərinin formalaşdığını göstərsə də, onları bütün problemlərin həlli kimi qiymətləndirmək düzgün olmaz. Ümumilikdə isə Trampın mesajları onu göstərir ki, Yaxın Şərqdə formalaşan yeni güc balansında Türkiyə artıq təkcə regional dövlət deyil, qlobal təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biri kimi qəbul olunur.

– Ankarada keçirilən NATO Liderlər Sammiti qlobal və regional təhlükəsizlik gündəminin əsas mövzularından biri oldu. Sammitdə müzakirə olunan məsələlər fonunda Azərbaycanın təhlükəsizlik maraqları və NATO ilə tərəfdaşlıq münasibətlərinin gələcək inkişafını necə qiymətləndirirsiniz?

– Ankarada keçirilən NATO Liderlər Sammiti qlobal təhlükəsizlik sisteminin transformasiya mərhələsinə təsadüf edir. Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik, enerji təhlükəsizliyi, kibertəhdidlər və yeni texnologiyaların hərbiləşdirilməsi NATO-nun prioritetlərini əhəmiyyətli dərəcədə dəyişib.

NATO artıq klassik hərbi blok modelindən daha çevik, yüksək texnologiyalara əsaslanan təhlükəsizlik platformasına keçid edir. Bu dəyişikliklər Qara dəniz–Cənubi Qafqaz geosiyasi xəttinin əhəmiyyətini daha da artırır. Türkiyənin NATO daxilində mövqeyinin güclənməsi avtomatik olaraq Cənubi Qafqazın strateji çəkisini də yüksəldir. Azərbaycan isə regionun ən etibarlı təhlükəsizlik və enerji tərəfdaşlarından biri kimi ön plana çıxır.

Azərbaycan NATO üzvü olmasa da, uzun illərdir alyansla siyasi dialoq, sülhməramlı missiyalar, hərbi hazırlıq və müdafiə islahatları sahəsində uğurlu əməkdaşlıq həyata keçirir. Məhz buna görə də yeni təhlükəsizlik mühitində Bakı ilə NATO arasında praktiki əməkdaşlığın daha da genişlənməsi real perspektiv kimi görünür.
Digər mühüm məqam Orta Dəhliz və enerji təhlükəsizliyi ilə bağlıdır. 

Avropanın alternativ enerji və logistika marşrutlarına ehtiyacının artması Azərbaycanın geostrateji əhəmiyyətini daha da yüksəldir. Bu isə ölkəmizin yalnız enerji ixracatçısı deyil, həm də Avrasiya təhlükəsizlik sisteminin mühüm komponentlərindən birinə çevrildiyini göstərir.
Bəzən mübaliğəli şəkildə təqdim edilən total informasiya dalğasına baxmayaraq, Ankaradakı sammit yalnız NATO-nun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmir.

 O, həm də Qara dəniz–Cənubi Qafqaz məkanının qlobal təhlükəsizlik sistemində rolunun artdığını nümayiş etdirir və bu yeni geosiyasi reallıqda Azərbaycanın strateji əhəmiyyətini daha da gücləndirir.

Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər