1740
08 Jul 2026 | 15:10

"NATO 3.0": Alyans yeni mərhələyə keçir, lakin Avropa buna tam hazır deyil" - "The New York Times"

 
ABŞ Avropadakı hərbi iştirakını azaltmağa hazırlaşır, əsas müdafiə yükü isə Avropa ölkələrinin üzərinə düşə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Yeni təhlükəsizlik modeli
 
Nəşr yazır ki, Ankarada keçirilən NATO sammiti Alyansın gələcəyi üçün dönüş nöqtəsi ola bilər. Donald Tramp administrasiyasının ABŞ hərbi qüvvələrinin bir hissəsini Avropadan Hind-Sakit okean və Yaxın Şərqə yönəltmək niyyəti fonunda müttəfiqlər "NATO 3.0" adlandırılan yeni təhlükəsizlik modelini müzakirə edirlər. NATO-nun baş katibi Mark Rütte bildirib ki, məqsəd "daha güclü Avropanı daha güclü NATO daxilində formalaşdırmaqdır". Bununla yanaşı, Avropa paytaxtları etiraf edir ki, gələcəkdə ABŞ-ın hərbi iştirakı və imkanları azalacaq.
 
Avropa daha çox məsuliyyət götürəcək
 
Polşanın xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə görə, NATO inkişafının üçüncü mərhələsinə qədəm qoyur. Bu mərhələdə Avropa adi müdafiənin əsas yükünü öz üzərinə götürəcək, ABŞ isə okeanın o tayından əsas müttəfiq rolunu qoruyacaq. Nəşr qeyd edir ki, Rusiyanın hərbi imkanlarını yaxın illərdə bərpa edə biləcəyi ilə bağlı qiymətləndirmələr Avropa ölkələrini müdafiə xərclərini artırmağa və ordularını sürətlə gücləndirməyə sövq edir. Sammitdə müdafiə xərclərinin 2035-ci ilədək ÜDM-in 5 faizinə çatdırılması məsələsi də müzakirə olunur.
 
ABŞ-ni tam əvəz etmək mümkün deyil
 
Məqalədə vurğulanır ki, Avropa hələlik ABŞ-ni tam əvəz edə biləcək hərbi imkanlara malik deyil. Qitə uzaqmənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, peyk kəşfiyyatı, havada yanacaq doldurma və nüvə çəkindirməsi kimi sahələrdə Vaşinqtondan ciddi şəkildə asılı qalır. Buna görə də ekspertlər hesab edirlər ki, NATO yeni mərhələyə keçsə də, ABŞ-nin liderliyi və Avropadakı hərbi iştirakı yaxın illərdə Alyansın təhlükəsizliyi üçün həlledici olaraq qalacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər