“Minlərlə raketiniz ola bilər, amma bu raketlər 90 milyonluq İran xalqına çörək vermir” — Politoloq
Ekskluziv
2000
08 Jul 2026 | 12:12

“Minlərlə raketiniz ola bilər, amma bu raketlər 90 milyonluq İran xalqına çörək vermir” — Politoloq

Sosial şəbəkələrdə ABŞ-ın İranın cənubundakı Bəndər-Abbas şəhərinə endirdiyi zərbələrə aid olduğu bildirilən görüntülər yayılıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bəyan edib ki, İranın beynəlxalq sularda hərəkət edən, göyərtəsində mülki şəxslərin olduğu üç kommersiya gəmisinə hücumundan sonra İran ərazisində silsilə hava zərbələri həyata keçirilməyə başlanılıb.

Yaxın Şərqdə gərginlik növbəti dəfə hərbi müstəviyə keçərək regionun təhlükəsizlik arxitekturası ilə bağlı yeni suallar yaradıb. Xüsusilə dünya enerji tədarükünün əsas marşrutlarından biri hesab edilən Hörmüz boğazı ətrafında baş verən hadisələr təkcə regional deyil, həm də qlobal iqtisadi və geosiyasi proseslərə təsir göstərə biləcək amil kimi qiymətləndirilir. Mövcud vəziyyət ABŞ-İran qarşıdurmasının gələcək istiqaməti, diplomatik proseslərin taleyi və mümkün hərbi eskalasiya ehtimalı ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. 

Maraqlıdır, ABŞ-ın İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını əsas gətirərək İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaması regionda onsuz da həssas olan təhlükəsizlik balansını necə dəyişə bilər? 

Bu qarşıdurmanın daha geniş müharibəyə çevrilməsi ehtimalını var?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Natiq Miri açıqlama verib. 

Politoloq qeyd edib ki, ABŞ-ın hərbi əməliyyatlara başlaması qısamüddətli və spontan verilən bir reaksiyadır. Çünki imzalanan anlaşmaya, memoranduma əsasən, Hörmüz boğazı açıq olmalı və bir ay ərzində, demək olar ki, əvvəlki azad naviqasiya dövrünə qayıdılmalı, bu nəticə əldə edilməli idi:

"Lakin göründüyü kimi, İran rejiminin, xüsusilə də bu rejim daxilində radikallıq tərəfdarı olan, hərbi diktaturaya meyilli qüvvələrin təsiri nəticəsində daha böyük iddialar ortaya qoyulur. Yəni, müharibənin nəticəsi olaraq İran rejimi bundan sonra Hörmüz boğazının İrana aid olduğunu təsbit etməklə yanaşı, bu nəzarətin məhz İran dövləti tərəfindən həyata keçiriləcəyini iddia edir. Bununla bağlı Hörmüz boğazının digər sahil dövləti olan Omanla danışıqlar aparılır.

Ancaq Omanla aparılan danışıqlar daha çox presedent yaratmaq və prosesi müəyyən mənada hüquqi çərçivəyə salmaq, legitimləşdirmək xarakteri daşıyır. Lakin bu, qlobal səviyyədə presedent yaradaraq xaosa səbəb ola biləcək bir vəziyyətdir. Çünki hər bir ölkə yerləşdiyi sahilyanı hövzənin birbaşa ona aid olduğunu və beynəlxalq konvensiyalarda nəzərdə tutulan azad gəmiçilik prinsipini qəbul etmədiyini bəyan etsə, bu, dünya səviyyəsində xaosa və bir növ reketçiliyə gətirib çıxara bilər.

Ona görə də İranın bu cür davranışı, əlbəttə, Amerika Birləşmiş Ştatlarını razı sala bilməz. Bundan başqa, Hörmüz boğazı ilə bağlı İranın bu cür davranışı və iddiaları ABŞ prezidenti Donald Trampın imicinə ciddi zərbədir. Çünki Hörmüz boğazındakı hazırkı vəziyyət məhz ABŞ-İran qarşıdurmasının nəticəsi olaraq mövcuddur. Əgər bu proses nəticəsində İrana dünənə qədər mövcud olmayan haqlar bundan sonra İranın radikal addımları ilə bərqərar olacaqsa, bu, ABŞ dövlətinin və ABŞ prezidentinin qlobal səviyyədə açıq şəkildə məğlubiyyətinin etirafı deməkdir".

Natiq Miri vurğulayıb ki, bundan başqa, hücuma məruz qalan gəmilər ABŞ-ın Yaxın Şərqdə təhlükəsizliyini təmin etdiyi Körfəz ölkələrinə – Qətər və Səudiyyə Ərəbistanına aid gəmilərdir. Təbii ki, ABŞ buna göz yuma bilməz:

"Məhz buna görə də bu cür qısamüddətli hərbi əməliyyatlar həyata keçirildi ki, İran üçün növbəti xəbərdarlıq mesajı verilsin. Doğrudur, İran da buna cavab verdiyini bildirir. Lakin bu cavabların hansı səviyyədə olduğu, ABŞ bazalarında hansı zərərlərə səbəb olduğu hələlik tam məlum deyil. Hazırda ortada əsasən qarşılıqlı bəyanatlar və iddialar var. Məsələnin digər mühüm tərəfi isə imzalanan memoranduma əsasən İranın neft satışı ilə bağlı sanksiyaların yumşaldılması qərarının ləğv edilməsidir. İyulun 7-dən etibarən bu qərar ləğv olunub.

Artıq İran limanlarında neft yüklənməsi və neft satışının həyata keçirilməsi mümkün olmayacaq. İranın hazırkı mərhələdə bu satışlardan əldə etdiyi maliyyəyə ciddi ehtiyacı olduğu bir zamanda düşünürəm ki, bombardmandan daha təsirli hadisə neft satışına yenidən qadağa qoyulmasıdır. Ona görə də ABŞ bu əməliyyatlarla paralel olaraq daha ağır nəticə doğura biləcək növbəti qərarı qəbul etdi ki, İranda anlasınlar: ölkənin gələcək inkişaf perspektivi yalnız İran rejiminin qərarlarından asılı deyil.

Lakin hazırda bu hadisələrin böyük müharibəyə çevriləcəyini gözləmək tezdir. Çünki yekun sülh müqaviləsinin imzalanması üçün texniki heyətlərin danışıqları davam edir. Bunlar qarşılıqlı verilən mesajlar və təzyiq vasitələridir".

Politoloq onu da əlavə edib ki, bu proses müəyyən müddət davam edəcək:

"Çünki hazırkı vəziyyətdə Tramp həm dünya səviyyəsində neft böhranının aradan qaldırılmasına, qiymətlərin aşağı salınmasına, o cümlədən ABŞ-da yanacağın qiymətinin endirilməsinə ciddi şəkildə çalışır. Digər tərəfdən, noyabr ayında ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək. Düşünürəm ki, bu müddətə qədər ciddi bir müharibənin baş verəcəyi gözlənilmir.

Lakin bu ehtimal da istisna edilmir. Əgər İran bu cür hədsiz davranışlarını davam etdirərsə, son hədd olaraq ABŞ dağıdıcı hərbi bombardman əməliyyatlarına başlaya bilər. Bu halda bütün kommunikasiya vasitələri, enerji infrastrukturları və körpülər qısa müddətdə darmadağın edilə bilər ki, bu da İranı qaranlığa məhkum edə bilər. Əslində, hazırkı xəbərdarlıq həm də belə böyük dağıdıcı əməliyyatların mümkünlüyü barədə verilən mesaj xarakteri daşıyır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, bu xəbərdarlıq İran hakimiyyəti daxilində mülki dövlət institutları ilə hərbi xunta və diktatura tərəfdarları arasında fikir ayrılığı və parçalanma yarada bilər. Çünki iqtisadiyyatın çökməsi ərəfəsində ABŞ-ın təqdim etdiyi imkanlar məhz danışıqlar prosesində əldə olunmuşdu və bu, İranın xeyrinə olan məsələ idi.

İndiki vəziyyətdə danışıqlar tam dayandırılmasa da, bu, hökumətə məsuliyyətini anlamaq üçün verilən xəbərdarlıq mesajıdır. Çünki yeraltı zirzəmilərdə minlərlə raketiniz ola bilər. Ancaq bu raketlər 90 milyonluq İran xalqına çörək vermir. Bunun məsuliyyəti hökumətin üzərindədir.
Ona görə də Pezeşkian, eləcə də parlamentin sədri Qalibaf kimi siyasətçilər, əlbəttə, bu prosesdən məmnun deyillər və olmayacaqlar".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər