Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumu beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzalarının müzakirə edildiyi platformalardan biri olub. Forumda Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin gedişi, Avropanın müdafiə imkanlarının gücləndirilməsi və NATO ilə əməkdaşlığın perspektivlərinə dair mühüm mesajlar səsləndirib. Onun çıxışı beynəlxalq ekspert dairələrində və siyasi müstəvidə müxtəlif müzakirələrə səbəb olub.
Maraqlıdır, Prezident Volodimir Zelenskinin "Ukrayna NATO-nun gələcəyinin bir hissəsidir" bəyanatı və Avropanı Patriot sistemlərinin istehsalını sürətləndirməyə çağırması NATO-nun Ukraynaya münasibətində yeni mərhələnin başlandığını göstərirmi? Bu çıxış alyansın gələcək qərarlarına və Rusiya–Ukrayna müharibəsinin gedişinə real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Amid Əliyev açıqlama verib.

Amid Əliyev bildirib ki, Zelenskinin “Ukrayna NATO-nun gələcəyinin bir hissəsidir” bəyanatı və Avropa ölkələrini Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalını sürətləndirməyə çağırması, ilk növbədə, mövcud geosiyasi reallığın və Avropa təhlükəsizlik arxitekturasında baş verən transformasiyanın siyasi ifadəsi kimi qiymətləndirilməlidir:
"Bu çıxış NATO-nun Ukraynaya münasibətində tamamilə yeni mərhələnin başlandığını birmənalı şəkildə təsdiqləməsə də, son üç ildə formalaşan strateji kursun daha açıq və institusional xarakter aldığını göstərir. 2022-ci ildən sonra Ukrayna artıq yalnız alyansın tərəfdaş dövləti kimi deyil, Avropa təhlükəsizlik sisteminin ön xəttində dayanan və NATO-nun şərq cinahının müdafiəsində mühüm rol oynayan aktor kimi qəbul edilir. Məhz buna görə də Zelenskinin “Ukrayna NATO-nun gələcəyidir” fikri daha çox siyasi mesaj xarakteri daşıyaraq, Qərb dövlətlərinə Ukraynanın müdafiəsinin əslində Avroatlantik məkanın təhlükəsizliyinin müdafiəsi olduğu mesajını verir.
Bu yanaşma həm də onu göstərir ki, rəsmi Kiyev öz təhlükəsizliyini artıq yalnız milli məsələ kimi deyil, bütövlükdə Avropanın kollektiv təhlükəsizlik sisteminin ayrılmaz elementi kimi təqdim etməyə çalışır. Hazırda masada dayanan sual da məhz budur.
Bəyanatla bağlı digər mühüm fakt ondan ibarətdir ki, Zelenskinin Patriot sistemlərinin istehsalının artırılması ilə bağlı çağırışı yalnız Ukraynanın hərbi ehtiyaclarından irəli gəlmir. Son aylarda Rusiyanın ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından intensiv istifadəsi göstərir ki, müharibənin taleyini yalnız canlı qüvvə və ya zirehli texnika deyil, hava hücumundan müdafiə imkanları da müəyyən edir.
Bu baxımdan Zelenski Avropa ölkələrinin diqqətini daha fundamental problemə, Qərbin müdafiə sənayesinin mövcud istehsal gücünün uzunmüddətli yüksək intensivlikli müharibənin tələblərinə cavab verməməsinə yönəldir. Əslində, bu çağırış təkcə Ukraynaya daha çox silah göndərilməsi ilə bağlı deyil, Avropanın müdafiə sənayesinin yenidən qurulması, hərbi istehsal potensialının artırılması və gələcək təhlükəsizlik risklərinə qarşı daha davamlı müdafiə sisteminin formalaşdırılması zərurətini gündəmə gətirir. Son illərdə Almaniya, Polşa, Fransa və digər Avropa dövlətlərinin müdafiə büdcələrini artırması, sursat və hava hücumundan müdafiə sistemlərinin istehsalına milyardlarla avro investisiya ayırması da bu tendensiyanın artıq praktik mərhələyə keçdiyini açıq şəkildə göstərir".
Politoloq vurğulayıb ki, Zelenskinin çıxışının NATO-nun gələcək qərarlarına təsiri məsələsinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, alyansın strateji qərarları heç vaxt yalnız bir liderin və ya ölkənin bəyanatına əsaslanmır və konsensus prinsipi əsasında formalaşır:
"Bununla belə, Zelenskinin mesajı NATO daxilində artıq mövcud olan siyasi tendensiyanı gücləndirən amillərdən biri kimi çıxış edə bilər. Xüsusilə Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi, uzunmüddətli hərbi yardım proqramlarının genişləndirilməsi, müdafiə sənayesində birgə istehsal layihələrinin artırılması və Ukraynanın NATO standartlarına inteqrasiyasının sürətləndirilməsi istiqamətində bu cür çıxışlar siyasi iradənin möhkəmlənməsinə töhfə verir.
Lakin bütün bunlara baxmayaraq, Ukraynanın yaxın perspektivdə NATO-ya tamhüquqlu üzv qəbul olunacağı ehtimalı hələ də aşağı olaraq qalır. Bunun əsas səbəbi müharibənin davam etməsi və NATO müqaviləsinin 5-ci maddəsinin kollektiv müdafiə öhdəliklərinin alyansı Rusiya ilə birbaşa hərbi qarşıdurmaya cəlb etmək riskidir. Məhz buna görə alyans hazırda tam üzvlükdən daha çox, Ukraynanın de-fakto NATO təhlükəsizlik sisteminə inteqrasiyası modelini həyata keçirməyə üstünlük verir.
Son olaraq, Zelenskinin sözügedən çıxışı əslində NATO siyasətində ani və radikal dönüş nöqtəsi yaratmasa da, alyansın son illərdə Ukraynaya münasibətdə formalaşdırdığı strateji kursun siyasi və ideoloji baxımdan daha aydın ifadəsi hesab oluna bilər. Bu bəyanatın ən mühüm siyasi əhəmiyyəti ondan ibarətdir ki, o, Ukraynanın təhlükəsizliyini artıq yalnız regional münaqişə kontekstində deyil, Avropanın gələcək təhlükəsizlik sisteminin əsas komponentlərindən biri kimi təqdim edir.
Əgər bu çağırış Avropa dövlətlərinin müdafiə sənayesinə investisiyalarının artması, Patriot kimi strateji sistemlərin istehsalının genişləndirilməsi və NATO-Ukrayna əməkdaşlığının daha da institusionallaşdırılması ilə müşayiət olunarsa, onun təsiri yalnız Rusiya–Ukrayna müharibəsinin gedişi ilə məhdudlaşmayacaq, həm də Avropada yeni təhlükəsizlik nizamının formalaşmasına uzunmüddətli strateji təsir göstərəcək.
Bu baxımdan Zelenskinin bəyanatı sadəcə siyasi ritorika deyil, dəyişən beynəlxalq təhlükəsizlik mühitinə uyğun olaraq NATO-nun gələcək prioritetlərini və Avropanın müdafiə siyasətini formalaşdırmağa yönəlmiş strateji siyasi mesaj kimi qiymətləndirilməlidir".
Pərvin Şakirqızı