Son illər iqlim dəyişiklikləri fonunda dünyanın müxtəlif bölgələrində baş verən təbii fəlakətlərin say və miqyasında əhəmiyyətli artımlar müşahidə edilməkdədir. Nəinki bir neçə ilin, hətta bir neçə ayın təhlili sübut edir ki, dünyanın ən müxtəlif bölgə və coğrafiyaları təbii fəlakətlərdən ciddi ziyan görməkdə, ağır itkilərlə üzləşməkdədir. Və fərqli coğrafiyalarda, fərqli dövlətlərdə yaşanan bu fəlakətlər sübut edir ki, dünya dövlətləri iqlim dəyişiklikləri qarşısında eyni dərəcədə acizdir. Bunu aydın dərk etmək üçün bir neçə nümunəyə nəzər salmaq kifayətdir.
Son günlər ABŞ-ın Nyu-York şəhərinə yağan leysan yağışları şəhər həyatını sözün həqiqi mənasında iflic edib, bəzi küçələrin nəqliyyatın hərəkəti üçün qapadılmasına, daşqın təhlükəsiznin yaşanmasına səbəb olub. Mövcud vəziyyətin kritikliyi Nyu-York ştatının qubernatoru Keti Hoçulu açıqlama verməyə məcbur edib. Qubernator bu cür halların anidən meydana gəldiyini və bu səbəbdən də qarşısıalınmaz olduğunu bildirib:
“Hazırlıq üçün vaxt yoxdur, bu, gözlənilmədən baş verir və çox təhlükəli ola bilər".
İtaliyada sel fəlakəti və torpaq sürüşməsi: Minlərlə insan evini tərk edir...
Nyu-Yorkda leysan fəlakətinin yaşandığı bir zamanda İtaliya da sel fəlakətindən əziyyət çəkməkdədir. Bu ölkədə yağan yağışlar sellə yanaşı, torpaq sürüşmələrinə də yol açıb ki, bu da hökuməti geniş təxliyyə işləri həyata keçirməyə məcbur edib. Artıq bir neçə min insan doğma şəhər və kəndlərindən təxliyyə edilib, təhlükəsziliklə bağlı geniş tədbirlərə start verilib.
Xatırladaq ki, İtaliya əvvəlki illərdə də sel və daşqınlardan ciddi əziyyət çəkib. 2023-cü ildə
İtaliyanın şimal-şərqində yaşanan daşqınlar 36 mindən çox insanın təxliyyəsi ilə nəticələnib, 305-ə yaxın sürüşmə hadisəsi baş verib. Sel və torpaq sürüşmələri nəticəsində İtaliyada 500-dən çox yol dağılıb, nəqliyyatın hərəkəti iflic olub. Cəmi üç il sonra İtaliyanın yenidən eyni fəlakətlə üz-üzə qalması vəziyyəti mürəkkəbləşdirməkdə, hakimiyyət orqanları və könüllüləri fasiləsiz şəkildə çalışmağa məcbur etməkdir.
Dözülməz istilər Parisi minlərlə insan üçün məzarı çevirib: Proqnozlar isə daha bədbindir...
Hazırda Avropanın təbii fəlakətdən əziyyət çəkən dövlətlərindən biri də Fransadır. Ölkədə müşahidə edilən istilər 2 mindən çox insanın həyatına son qoyub ki, bu da fəlakətin miqyasından xəbər verir. Ölkənin 61 departamentində “narıncı” təhlükə elan edilib.
Hədsiz istilər ölkədə meşə yanğınlarına da səbəb olmaqdadır. Yanğınlar səbəbi ilə 14 min 500 hektar yaşıllıq sahəsi məhv olub. Bununla yanaşı, 48 bölgədə yanğın təhlükəsi “yüksək” və “çox yüksək” səviyyədə olduğunu vurğulanıb. Daha pisi isə odur ki, hava proqnozları istilərin hələ bir müddət davam edəcəyindən xəbər verir.
Yuxarıdakı məlumatlar bütün dünyanın iqlim dəyişikliklərindən, bu dəyişikliklərin doğurduğu fəsadlardan ciddi əziyyət çəkdiyini göstərir.Və bütün bu faktlar köhnə bir həqiqəti yada salır: Təbiətin qəzəbi sərhəd tanımır və hər bir ölkə bu qəzəb qarşısında acizdir!
Seymur ƏLİYEV