Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulunu yenidən dövlətin əsas prioritetlərindən biri kimi gündəmə gətirməsi Cənubi Qafqazda sülh prosesinin perspektivləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə bu addımın siyasi bəyanat səviyyəsində qalacağı, yoxsa real hüquqi islahatlarla müşayiət olunacağı əsas suallardan biri kimi qiymətləndirilir.
Azərbaycanın uzun müddətdir irəli sürdüyü əsas şərtlərdən biri də Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılmasıdır. Bu baxımdan İrəvanın atacağı praktik addımlar regionda etimad mühitinin formalaşmasına və sülh sazişinin taleyinə birbaşa təsir göstərə bilər. Mövzu ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova Moderator.az-a açıqlamasında prosesin siyasi və hüquqi tərəflərini dəyərləndirib.
Deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulunu yenidən dövlət prioriteti kimi təqdim etməsi müsbət haldır:

"Amma burada söhbət mütləq şəkildə Azərbaycanın sülh müqaviləsinə maneə hesab etdiyi müddəaların aradan qaldırılmasından getməlidir. Yalnız belə olan halda tərəflər arasında etimadın güclənməsindən, danışıqlar prosesində irəliləyiş əldə etmək haqqıda nikbin danışmaq mümkündür.
Təcrübə göstərir ki, Ermənistan iqtidarı uzun müddət vaxt qazanmaq və ya prosesi idarə etmək taktikalarından istifadə edib. Əslində konstitusiya dəyişiklikləri ictimai müzakirələr, hüquqi prosedurlarla əlaqəli mürəkkəb və uzunmüddətli daxili siyasi prosesdir. Burada yalnız bəyanat vermək kifayət deyil. Konkret hüquqi və siyasi addımlar atılmalı, proses sürətlənməlidir. Uzun illər davam etmiş, özündə işğalçılığı əhatə edən siyasi-hüquqi yanaşma dəyişməlidir.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, davamlı və etibarlı sülh yalnız qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və gələcəkdə hər hansı ərazi iddiasına hüquqi əsas yaradan müddəaların aradan qaldırılması ilə mümkündür. Hazırlanacaq yeni konstitusiya həqiqətən də regionda sabitliyə xidmət edəcək, qonşu dövlətlərə qarşı ərazi iddialarını istisna edən hüquqi baza yaradacaqsa, bu, Ermənistanın sülh prosesinə daha konstruktiv yanaşmasının göstəricisi ola bilər".
Deputat vurğulayıb ki, lakin indiyədək aparılan danışıqlar göstərir ki, siyasi bəyanatlarla praktik addımlar arasında müəyyən ziddiyyətlər mövcuddur:
" Son illərdə sülh sazişi istiqamətində mühüm irəliləyişlər əldə olunsa da, sənədin yekun imzalanmasını ləngidən məsələlər hələ də tam həllini tapmayıb. Bu mənada konstitusiya dəyişikliyi yalnız bəyanat səviyyəsində deyil, hüquqi və institusional islahatlarla müşayiət olunarsa, onun sülh prosesinə real töhfə verəcəyindən danışmaq mümkün olacaq.
Azərbaycanı mövqeyi dəyişməz olaraq qalır. Rəsmi Bakı üçün əsas prinsip imzalanacaq sülh sazişinin gələcəkdə hər hansı siyasi dəyişiklikdən asılı olmayaraq etibarlı hüquqi zəmin üzərində qurulmasıdır. Bu baxımdan Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklərə yalnız daxili islahat deyil, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik mühitinin formalaşmasına təsir göstərə biləcək amil kimi yanaşılmalıdır".
Pərvin Şakirqızı