Rusiyada miqrasiya siyasəti sərtləşir: Azərbaycanlıları nə gözləyir?
Ekskluziv
2322
06 Jul 2026 | 16:32

Rusiyada miqrasiya siyasəti sərtləşir: Azərbaycanlıları nə gözləyir?

Rusiyada miqrasiya qanunvericiliyinin daha da sərtləşdirilməsi istiqamətində atılan yeni addımlar ölkədə yaşayan əcnəbilərin hüquqi vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Dövlət Dumasında müzakirəyə çıxarılan qanun layihələri deportasiya əsaslarının əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur. 
Bu dəyişikliklərin qəbul ediləcəyi halda Rusiyada çalışan və yaşayan yüz minlərlə Azərbaycan vətəndaşı da yeni tələblərlə üz-üzə qala bilər. 

Rusiya Dövlət Dumasında müzakirə olunan yeni qanun layihələri deportasiya ilə nəticələnə biləcək inzibati pozuntuların sayını 22-dən 45-ə çatdırmağı nəzərdə tutur.

Maraqlıdır, bu dəyişikliklər Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının hüquqi statusuna və gündəlik həyatına hansı təsirləri göstərə bilər? Deportasiya riskinin artması praktikada hansı hallarda özünü göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Fikrət Sadıxov açıqlama verib. 

Fikrət Sadıxov bildirib ki, Dövlət Dumasında müzakirə olunan bu qanun layihəsinin əsas məqsədi, görünür, Rusiyada yaşayan digər respublikalardan olan miqrantlara nəzarəti daha da gücləndirmək və onların müəyyən hissəsini ölkədən çıxarmaqdır:

"Deportasiya ilə nəticələnə biləcək inzibati pozuntuların sayının 22, 45 və ya 55 olması heç də o demək deyil ki, həmin şəxslər arasında cinayət törədənlərin sayı daha çoxdur. Əksinə, statistik göstəricilər onu deməyə əsas verir ki, Rusiyada cinayətlərin böyük hissəsini məhz Rusiya vətəndaşları törədir, miqrantlar deyil.

Burada iki mühüm məqam var. 

Birincisi, bu dəyişikliklər ilk növbədə Rusiya vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək. İkincisi, əgər miqrantların kütləvi şəkildə ölkədən çıxarılması həyata keçirilərsə, bu, Rusiyanın öz iqtisadiyyatına da mənfi təsir göstərə bilər. 

Çünki tikinti, xidmət, ticarət və digər sahələrdə çalışan insanların əhəmiyyətli hissəsini məhz digər ölkələrdən gəlmiş əmək miqrantları təşkil edir. Təbii ki, bu proses Rusiyada yaşayan azərbaycanlılara da təsirsiz ötüşməyə bilər. Çünki ölkədə çoxsaylı Azərbaycan icması yaşayır. Bununla belə, azərbaycanlıların əhəmiyyətli bir hissəsi artıq Rusiya vətəndaşlığı əldə edib.

 Hesab edirəm ki, yeni sərtləşdirilmiş qaydalar əsasən Rusiya vətəndaşlığı qəbul etməmiş şəxslərə şamil olunacaq. Heç istisna etmirəm ki, Azərbaycan vətəndaşları da bu qaydaların tətbiq ediləcəyi şəxslər sırasında olsunlar".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər