Avropa Birliyi ilə Ermənistan arasında son dövrlərdə intensivləşən əməkdaşlıq Cənubi Qafqazda yeni geosiyasi proseslərin müzakirəsini daha da aktuallaşdırıb. Regionda nəqliyyat marşrutları, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya uğrunda gedən rəqabət böyük güclərin maraqlarının toqquşduğu əsas istiqamətlərdən biri kimi qiymətləndirilir. Bu fonda Brüsselin İrəvana yönəlmiş təşəbbüslərinin yalnız iqtisadi məqsədlərlə məhdudlaşıb-məhdudlaşmadığı, yoxsa daha geniş strateji hədəflərə xidmət etdiyi sualı gündəmə gəlir.
Maraqlıdır, Avropa Birliyinin Ermənistanı regionun gələcək nəqliyyat-kommunikasiya, enerji və iqtisadi arxitekturasının əsas həlqələrindən birinə çevirmək cəhdini Rusiyanın Cənubi Qafqazdakı təsirinə qarşı uzunmüddətli geosiyasi strategiya kimi qiymətləndirmək olarmı?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Tural İsmayılov açıqlama verib.
Politoloq qeyd edib ki, Avropa İttifaqının son illərdə Ermənistanla siyasi, iqtisadi və institusional əməkdaşlığı genişləndirməsi Cənubi Qafqazın geosiyasi mənzərəsində diqqət çəkən tendensiyalardan biridir:
"Xüsusilə Brüsselin İrəvana maliyyə dəstəyi, infrastruktur layihələri, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və nəqliyyat-kommunikasiya sahələrində təşəbbüsləri Ermənistanın regional iqtisadi sistemə daha sıx inteqrasiyasına hesablanıb. Bu baxımdan Avropa İttifaqının Ermənistanı gələcək regional iqtisadi və kommunikasiya arxitekturasının mühüm iştirakçılarından birinə çevirmək istədiyini söyləmək mümkündür.
Lakin bu prosesi yalnız iqtisadi əməkdaşlıq müstəvisində qiymətləndirmək düzgün olmazdı. Beynəlxalq münasibətlərdə iqtisadi layihələr əksər hallarda daha geniş geosiyasi məqsədlərin tərkib hissəsi kimi çıxış edir. Avropa İttifaqı son illər Şərqi Avropa və Cənubi Qafqaz siyasətində təsir imkanlarını genişləndirməyə, region dövlətləri ilə institusional əlaqələri gücləndirməyə və enerji, logistika, ticarət marşrutlarının şaxələndirilməsinə xüsusi diqqət ayırır. Bu strategiya Avropanın enerji təhlükəsizliyi, təchizat zəncirlərinin dayanıqlılığı və geosiyasi mövqeyinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu kontekstdə bəzi beynəlxalq ekspertlər Avropa İttifaqının Ermənistan siyasətini Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir imkanlarını balanslaşdırmağa yönəlmiş uzunmüddətli geosiyasi strategiyanın tərkib hissəsi kimi dəyərləndirirlər. Ermənistan uzun illər Rusiyanın təhlükəsizlik, hərbi və iqtisadi sistemləri ilə sıx bağlı olub. Son dövrlərdə isə İrəvanın xarici siyasətində daha çoxşaxəli kurs seçməsi, Avropa strukturları ilə yaxınlaşması və Qərblə əməkdaşlığını genişləndirməsi regionda yeni geosiyasi dinamika formalaşdırıb. Bu dinamika həm Moskvanın, həm də Brüsselin maraqlarının kəsişdiyi mühüm strateji məkanın formalaşdığını göstərir".
Tural İsmayılov vurğulayıb ki, digər tərəfdən, Avropa İttifaqı üçün Cənubi Qafqaz yalnız siyasi təsir zonası deyil, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizin vacib hissəsidir:
"Bu marşrutun inkişafı Avropanın alternativ ticarət və enerji xətlərinə çıxış imkanlarını artırır. Məhz buna görə də Brüssel region ölkələrinin iqtisadi potensialının artırılmasına və nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafına maraq göstərir. Bununla yanaşı, regionun gələcək iqtisadi və nəqliyyat arxitekturasının yalnız bir dövlət üzərində qurulması real görünmür.
Cənubi Qafqazın coğrafiyası, mövcud nəqliyyat dəhlizləri, enerji infrastrukturu və iqtisadi qarşılıqlı asılılıqlar göstərir ki, uzunmüddətli sabitlik yalnız inklüziv regional əməkdaşlıq şəraitində mümkündür. Azərbaycan bu gün regionun əsas enerji ixracatçısı, beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı və Avropa üçün etibarlı tərəfdaşlardan biridir. Ermənistanın da regional layihələrdə daha fəal iştirak etməsi yalnız qonşu dövlətlərlə münasibətlərin normallaşması, kommunikasiyaların qarşılıqlı fayda prinsipi əsasında açılması və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun əməkdaşlıq modelinin formalaşması ilə mümkün ola bilər.
Nəticə etibarilə, Avropa İttifaqının Ermənistanı regional iqtisadi və kommunikasiya sisteminin mühüm həlqələrindən birinə çevirmək istiqamətində atdığı addımları Rusiyanın Cənubi Qafqazdakı təsirini balanslaşdırmağa yönəlmiş uzunmüddətli geosiyasi strategiyanın elementlərindən biri kimi qiymətləndirmək mümkündür. Lakin bu strategiyanın uğuru yalnız geosiyasi rəqabətdən deyil, region dövlətləri arasında etimadın bərpasından, qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasından və Cənubi Qafqazın rəqabət meydanından daha çox əməkdaşlıq platformasına çevrilməsindən asılı olacaq".
Pərvin Şakirqızı