Yeni texnologiyaların bir-birini sürətlə əvəz etdiyi dünyamızda enerji faktorunun yaşam və tərəqqi təminatında ən önəmli vasitəyə çevrildiyi hər kəsə məlumdur. Bu gün dövlətlərin sabitlik və inkişafına təsir göstərən əsas vasitə məhz enerji amilidir. Məhz bu səbəbdən də bəzi dövlətlər enerji faktorundan sadəcə iqtisadi deyil, həm də siyasi maraqlarının təminində uğurla istifadə edir, milli maraqlarını müvəffəqiyyətlə təmin edirlər. Mənəvi və siyasi əxlaq baxımından qəbuledilməz olsa da, bu reallıq öz mövcudluğunu uzun illərdir ki, qorumaqda və gücləndirməkdədir. Məlum gerçəklik özünü Rusiya və Avropa dövlətləri ilə münasibətlərdə daha çox büruzə verib. Belə ki, Rusiya bəzi məqamlarda Avropanı qaz nəqlini azaltmaq və ya tamamilə dayandırmaqla hədələyib ki, bu da Qərbdə böyük narahatlıq və təşvişlə qarşılanıb. Hansı ki, bəzi dönəmlərdə məhz Azərbaycanın dəstəyi, milli maraqlarla yanaşı, həm də bəşəri maraqları nəzərə alması, humanizm prinsipindən çıxış etməsi nəticəsində Avropa dövlətləri Rusiyanın iqtisadi təzyiqlərindən minimum itki ilə çıxıb, enerji təhlükəsizliklərini təmin etməyi bacarıblar. Yada salaq ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatında bu həqiqəti yada salaraq deyib:
“Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir. Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə çıxdığını unutmamışıq”.
Ursula Fon der Lyayenin məlum bəyanatı Azərbaycanın Avropa üçün “xilasedici rol”unun Qərb dövlətləri tərəfindən kifayət qədər aydın dərk olunduğunu göstərir. Bu fakt bir daha sübut edir ki, məhz Azərbaycan Rusiyanı Avropa İttifaqına üzv dövlətlər üzərindəki ən effektiv silahdan – enerji təminatından siyasi təzyiq məqsədilə istifadə imkanından böyük ölçüdə məhrum edib. Başqa sözlə desək, bu gün Avropa İttifaqı öz enerji təhlükəsizliyinə görə Azərbaycana borcludur və bu borc kifayət qədər böyükdür. Ümid edək ki, Azərbaycanın bu humanizmi bundan sonra da Avropa İttifaqına üzv dövlətlər tərəfindən lazımınca qiymətləndiriləcək və gələcəkdə də bu dövlətləri minnətdarlıq edən tərəf kimi görəcəyik.
Seymur ƏLİYEV