Ekskluziv
3539
04 Jul 2026 | 14:47

"Əgər vəd vermisənsə, arxasında dayanmalısan. Bu, ilk növbədə sənin özünə lazımdır" – Politoloq

Ermənistanda hakim komandanın gələcək siyasi tərkibi ilə bağlı müzakirələr getdikcə intensivləşir. Hakimiyyət daxilində baş verən son proseslər və qəbul edilən siyasi qərarlar yaxın perspektivdə yeni kadr təyinatları, səlahiyyət bölgüsü və idarəetmədə mümkün dəyişikliklərlə bağlı müxtəlif ehtimalları gündəmə gətirib. Bunun fonunda həm daxili siyasi mübarizənin gedişi, həm də İrəvanın Azərbaycanla münasibətlər və sülh gündəliyi üzrə atacağı növbəti addımlar diqqət mərkəzindədir. 

Alen Simonyanın isə  vəzifədən getməsinin Nikol Paşinyanın yeni siyasi mərhələyə hazırlığı ilə əlaqəli olduğu iddiaları səslənir. Maraqlıdır, bu addım Ermənistan daxilində gözlənilən konstitusiya islahatları, revanşist qüvvələrin zəiflədilməsi və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin tərkib hissəsidir, yoxsa burada başqa siyasi hesablamalar da var?

Moderator.az yaranmış sualları politoloq Tofiq Abbasova ünvanlayıb. 

Politoloq bildirib ki, seçkilərdən sonra ümumiyyətlə, yerdəyişmələr bütün ölkələrdə, bütün siyasi elitalar çərçivəsində baş verir. Çünki sona çatmış bir dövr varsa, o dövrün özünün nəticələri olur:

"Digər tərəfdən, həmin nəticələr həmişə insanların fəaliyyəti ilə tənzimlənir. Daha doğrusu, insanların fəaliyyətinə görə həmin sahələr məhz o nəticələr fonunda və onların xüsusiyyətləri əsasında dəyərləndirilir. O baxımdan, bəli, bir komanda daxilində yerdəyişmələrin olacağını düşünürəm. Çünki hətta indidən belə bir fikir də səsləndirilir ki, Alen Simonyan gələcəkdə məhz Ermənistanın birinci şəxsi olacaq. Ya baş nazir olacaq, ya da prezident üsul-idarəsinə keçilərsə, prezident ola bilər. Bunu, əlbəttə, hələ demək tezdir.

Amma hər halda Ermənistan siyasi cameəsində belə fikirlər var ki, Nikol Paşinyan Alen Simonyanı artıq öz yerində görür və çox güman ki, onu həmin vəzifəyə hazırlayacaq.Təbii ki, bunlar perspektiv məsələlərdir. Amma hazırda artıq yeni bir mərhələyə qədəm qoyulur. Nəticələrin necə olub-olmamasından asılı olmayaraq, bu, reallıqdır. Hər halda Ermənistanda daxili mübarizə davam edir.

Birincisi, revanşistlər artıq B planının işə düşməsi ilə bağlı anonslar veriblər və bildirirlər ki, bütün variantlarla bağlı yeni yanaşmalar hazırlayıblar. Digər tərəfdən isə deyirlər ki, silahı yerə qoymurlar. Çünki onların fikrincə, Ermənistanda proseslər istədikləri kimi getmir və Nikol Paşinyan Azərbaycanla, Türkiyə ilə və digər istiqamətlərdə təslimçilik siyasəti aparır. Ona görə də hesab edirəm ki, burada mübarizə hələ davam edəcək. Digər tərəfdən, Nikol Paşinyanın özünün də kifayət qədər siyasi iradəsi var. O göstərir ki, mövqelərini elə-belə tərk etməyəcək, əksinə, onları qorumağa çalışacaq".

Politoloq əlavə edib ki, birincisi, cinayətkarlıqda suçlu bilinən bütün xadimlərlə, o cümlədən Robert Köçəryan və digərləri ilə bağlı təbii ki, tədbirlər görüləcək. Çünki siyasətin bir qanunu var: Əgər sən hücuma keçmisənsə, qarşı tərəf də hücuma keçəcək. Vurmusansa, qarşı tərəf də səni vuracaq:

"O baxımdan hesab edirəm ki, artıq səkkiz ildən çoxdur hakimiyyətdə olan Nikol Paşinyanın komandası kifayət qədər təcrübə qazanıb. Digər tərəfdən də başa düşür ki, burada xarici qüvvələrin müdaxilələri də mövcuddur. Azərbaycana gəldikdə isə, Azərbaycan öz sözünü deyib. Təsadüfi deyil ki, dövlət başçımız İlham Əliyev dəfələrlə Ermənistana ev tapşırıqlarını yerinə yetirməyi həvalə edib. Faktiki olaraq, indiki şəraitdə əgər həqiqətən də Nikol Paşinyanın son seçkilərdəki qələbəsini obyektiv şəkildə dəyərləndirsək, etiraf etməliyik ki, Azərbaycanın təsiri həmin qələbədə daha çox olub. Azərbaycan seçki öncəsi Ermənistana nəfəsliklər açdı. Sonra tranzit imkanlarını onlar üçün açıq elan etdi.

 Daha sonra müxtəlif köməkliklər göstərdi, yanacaq verdi və sair. Digər tərəfdən, Ermənistana yük göndərən ölkələr üçün də yeni marşrutlar açılır. Bu da Ermənistan hakimiyyətinin imtiyazlı vəziyyət qazanmasında önəmli rol oynadı. Bax, bu, məhz Azərbaycanın təsiridir. Fransanın təsiri var, Rusiyanın təsiri var. Onlar başqa cür təsir göstərirlər. Onların təsiri daha çox dağıdıcı mahiyyət daşıyır. Azərbaycanın təsiri isə qurucu təsirdir.

Humanitar sahədə Ermənistan üçün bir çox böyük işlər görülüb və Nikol Paşinyan da bunları dəyərləndirir.Odur ki, əgər biz konstitusiya islahatlarından danışırıqsa, bu adam söz verib ki, bunu edəcək. Birincisi, vəd vermisənsə, onun üzərində dayanmalısan. İkincisi isə bu, daha çox onun özünə lazımdır".

Tofiq Abbasov əlavə edib ki, Azərbaycan onsuz da, Ermənistan olsa da, olmasa da, bütün taleyüklü məsələlərinin həllinə nail olub, bir çox islahatlar həyata keçirib. Həmin islahatlardan təkcə Azərbaycan xalqı deyil, qonşularımız və tərəfdaşlarımız da yararlanıblar. Bu, özünəməxsus ideal modeldir və Ermənistan da bu modelə adaptasiya olaraq ondan öz qazancını əldə edə bilər:

 "Biz buna hazırıq. Nahaq yerə deyil ki, hələ 2020-ci ilin payızında müharibə başa çatan kimi Prezident İlham Əliyev Ermənistana şans verdi və çağırış etdi ki, gəlin fəaliyyət göstərən inteqrasiya sistemlərimizə, bütün layihələrə qoşulun. Çünki artıq müharibə ruhundan dinc və sağlam həyat tərzinə keçməliyik. Düzdür, Ermənistan burada çox götür-qoy etdi. Üçüncü və dördüncü qüvvələrin də təsir və təzyiqləri vardı.

 Biz gördük ki, Avropa İttifaqı, Fransa həmin proseslərə nə dərəcədə qoşulurdu. Digər tərəfdən isə çalışırdılar ki, Ermənistanda daxili vəziyyəti müəyyən qədər qeyri-sabit saxlasınlar. Buna baxmayaraq, Nikol Paşinyan son seçkilərdə Azərbaycanın ona göstərdiyi dəstəyin həm effektini gördü, həm də səmərəsini əldə etdi. Digər tərəfdən də indi başa düşür ki, verdiyi vədləri yerinə yetirməlidir.

İndi bunun hansı formada olacağını – referendum yolu ilə, yaxud hansı parlament prosedurları çərçivəsində həyata keçiriləcəyini – bilmirik.

Əlbəttə ki, orada hələ müəyyən səslər çatışmır ki, səs çoxluğu ilə bu məsələyə "hə" deyilsin. Çünki deputat korpusunun üçdə ikisinin bu məsələyə müsbət münasibət bildirməsi lazımdır.

Görək, proseslər necə inkişaf edəcək. Amma hər halda Nikol Paşinyanın manevr imkanları var. Mən qəti əminəm ki, o, Azərbaycanla münasibətlərdə heç bir riskli varianta getməyəcək. Digər tərəfdən, əgər belə bir riskli addım atarsa, bunun zərəri ilk növbədə özünə dəyəcək. Bütün bunları nəzərə alaraq düşünmürəm ki, Nikol Paşinyan sadəlövh adamdır və burnunun ucundan uzağı görə bilmir. Odur ki, baxaq, görək. 

Ermənistanda proseslər indicə başlayır. Onların necə cərəyan etməsi həm bizim üçün maraqlıdır, həm də vacibdir. Biz də bunlarla bağlı öz yanaşmalarımızı, götür-qoylarımızı mütləq şəkildə etməliyik. Lazım gəldikdə isə zəruri tədbirləri həyata keçirəcəyik".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər