Ekskluziv
2308
04 Jul 2026 | 13:31

"Rusiya üçün Ermənistanı itirmək Cənubi Qafqazı itirmək deməkdir" – Politoloq

"Kreml Ermənistana təzyiq edə bilər, amma..."

Avropa Komissiyasının sədri Ursula fon der Lyeyenin İrəvana səfəri və Nikol Paşinyanla keçirdiyi birgə brifinqdə səsləndirilən mesajlar Ermənistanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanması ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Baş nazir Nikol Paşinyanın sabiq prezident Serj Sərkisyanın 2013-cü ildə Avropa İttifaqı ilə assosiasiya prosesindən imtina edərək ölkəni Gömrük İttifaqına yönəltməsi kimi ssenarinin yenidən təkrarlanmayacağını qəti şəkildə bəyan etməsi isə İrəvanın hazırkı xarici siyasət kursuna dair diqqətçəkən mesajlardan biri kimi qiymətləndirilir.

Maraqlıdır, Ermənistanın Avropa İttifaqı ilə siyasi yaxınlaşmasını açıq şəkildə nümayiş etdirməsi, Ursula fon der Lyeyenin İrəvana verdiyi dəstək vədləri, ardınca isə Nikol Paşinyanın Rusiyadakı "İnnoprom-2026" sərgisinin proqramından çıxarılması fonunda Moskva-İrəvan münasibətlərinin yeni mərhələyə keçdiyini söyləmək olarmı? Bu hadisələr Kremlin Ermənistana qarşı daha sərt siyasi və iqtisadi təzyiq mexanizmlərini işə salacağından xəbər verir, yoxsa hələlik bu, yalnız siyasi xəbərdarlıq xarakteri daşıyır?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Turan Rzayev açıqlama verib. 

Politoloq qeyd edib ki, Ermənistan–Rusiya münasibətləri artıq uzun müddətdir ki, yeni bir mərhələyə qədəm qoyub. Hətta deyərdim ki, bu proses Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra başlayıb:

"Bu transformasiyanın əsas təkanverici amili isə, şübhəsiz ki, 44 günlük Vətən müharibəsi, daha sonra keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Ermənistan üzərində qəti qələbə qazanması və Rusiyanın Ermənistanın müraciətlərinə baxmayaraq nə KTMT çərçivəsində, nə də ikitərəfli münasibətlər müstəvisində İrəvana real dəstək verməməsi oldu.

Nikol Paşinyan da sonrakı dövrdə həm seçki kampaniyalarında, həm də ümumilikdə siyasi kursunda bu faktordan Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq siyasətinin əsas arqumenti kimi istifadə etdi. Hazırda da həmin proses davam edir. Paşinyan son parlament seçkilərində yenidən qələbə qazanaraq hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edib. 

Belə bir şəraitdə Ermənistanın Avropa İttifaqına yaxınlaşması, NATO ilə inteqrasiya istiqamətində addımlarını sürətləndirməsi ehtimalı kifayət qədər yüksəkdir. Düzdür, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin daha da dərinləşməsi həlledici dərəcədə Türkiyə ilə münasibətlərin normallaşmasından və Azərbaycanla sülh sazişinin imzalanmasından asılıdır. Çünki Avropa İttifaqı eyni zamanda Azərbaycanla da sıx əməkdaşlıq edir".

Turan Rzayev vurğulayıb ki, Azərbaycanın mühüm enerji layihələri mövcuddur və Brüssel bu əməkdaşlıqda maraqlıdır:

"Əgər bu proseslər uğurla yekunlaşarsa, Ermənistanın Avropa məkanına inteqrasiyası daha da sürətlənə bilər. Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? Mən buna inanmıram. Çünki Avropanın özündə hələ də İttifaqa üzv olmayan ölkələr var. Bəzi hallarda buna Avropa İttifaqının özü maraq göstərmir, bəzi hallarda isə həmin ölkələrin mövqeyi fərqli olur.

 Bunun ən bariz nümunəsi Türkiyədir. Türkiyə bu prosesi 1990-cı illərdən başlayıb. Müxtəlif dövrlərdə müəyyən geriləmələr yaşansa da, hesab etmirəm ki, bu gün Avropa İttifaqı Türkiyəyə üzvlük təklif etsə, Ankara buna etiraz edər. Belə olan halda, Türkiyə kimi güclü iqtisadi və siyasi potensiala malik bir dövlətin hələ də Avropa İttifaqına qəbul edilmədiyi şəraitdə Ermənistan kimi iqtisadi baxımdan zəif, siyasi baxımdan qeyri-sabit və qonşuları ilə münasibətlərini tam normallaşdırmamış bir ölkənin yaxın perspektivdə Avropa İttifaqına üzv qəbul ediləcəyini real hesab etmirəm.

Bu səbəbdən düşünürəm ki, proses hələ uzun müddət açıq qalacaq. Mənim subyektiv qənaətim ondan ibarətdir ki, Ermənistan yaxın perspektivdə Avropa İttifaqına üzv olmayacaq. Sualınızın ikinci hissəsinə, yəni bu hadisələrin Kremlin Ermənistana qarşı daha sərt addımlar atmasına gətirib çıxarıb-çıxarmayacağına gəlincə, hesab edirəm ki, hazırda Rusiya özü kifayət qədər mürəkkəb vəziyyətdədir. 

Çünki Ukrayna müharibəsi davam edir və Rusiya artıq müharibənin ilk mərhələsində malik olduğu hava üstünlüyünü əhəmiyyətli dərəcədə itirib. Hətta bəzi istiqamətlərdə Ukrayna daha planlı və daha uğurlu fəaliyyət nümayiş etdirir. Rusiyanın enerji infrastrukturu, hərbi obyektləri, siyasi və iqtisadi hədəfləri mütəmadi hücumlara məruz qalır. Belə bir şəraitdə Ermənistan ətrafında əlavə gərginlik yaratmaq faktiki olaraq İrəvanı daha sürətlə Avropa İttifaqına yaxınlaşdırmaq anlamına gələ bilər".

Politoloq əlavə edib ki, hesab etmirəm ki, Kreml mövcud mərhələdə bunun baş verməsində maraqlı olsun:

Əslində, Rusiyanın Ermənistana təsir göstərmək üçün kifayət qədər təzyiq alətləri mövcuddur. Bunlar daha çox siyasi mesajlar, seçki dövrlərində müəyyən qüvvələrin dəstəklənməsi və digər üsullarla özünü göstərir. Lakin burada mühüm bir məqam da var.

 Məncə, Rusiya hələ də keçmiş postsovet məkanına köhnə metodlarla təsir göstərməyə çalışır. Halbuki artıq bir çox ölkə bu asılılıq zəncirini qırmağa nail olub. Hətta Azərbaycan da Rusiyanın təsir imkanlarını, xüsusilə də "beşinci kolon"un təsirini zəiflətməklə, əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalda bilib.
Ermənistanda da buna bənzər siyasi xətt müşahidə olunur. 

Lakin Rusiya buna hələlik istədiyi səviyyədə reaksiya verə bilmir. Verə bilərmi? Əlbəttə. Məsələn, Rusiyada yaşayan Ermənistan vətəndaşlarına münasibətdə daha sərt miqrasiya siyasəti tətbiq edə, erməni məhsullarının Rusiya bazarına çıxışını məhdudlaşdıra bilər. Bütün bunlar Ermənistan iqtisadiyyatına ciddi zərbə vura biləcək addımlardır.

Yekun olaraq demək olar ki, Rusiyanın Ermənistana qarşı istifadə edə biləcəyi təzyiq mexanizmləri kifayət qədər çoxdur. Sadəcə, mövcud geosiyasi reallıq Kremlin bu vasitələrdən maksimum səviyyədə istifadə etməsinə imkan vermir. Düşünürəm ki, Rusiya müəyyən təzyiq addımları atacaq, lakin bu təzyiqləri Ermənistanı tamamilə Qərbə yönəldəcək qədər radikal səviyyəyə çatdırmayacaq. Çünki Ermənistanı itirmək Rusiya üçün Cənubi Qafqazdakı strateji mövqelərini itirmək deməkdir.

 Rusiya uzun illər bu regiona təsir imkanlarını məhz Ermənistan üzərindən həyata keçirib. Tarixən də bölgədə erməni dövlətçiliyinin formalaşmasında əsas rol oynayan tərəflərdən biri Rusiya olub. Bu gün Rusiyanın Ermənistanı tamamilə itirməsi, faktiki olaraq, vaxtilə Şərqi Avropada itirdiyi mövqelər kimi, Cənubi Qafqazdan da strateji şəkildə geri çəkilməsi anlamına gələr".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər