2153
04 Jul 2026 | 13:03

"Ermənistan və ABŞ Rusiya “FSB”-nin Zəngəzur- “Tramp yolu”nun təhlükəsizliyini təmin etməsi ilə razılaşa bilər...”

“Hesab edirəm ki, elə Rusiya tərəfindən irəli sürülən Paşinyanın hakimiyyətdə qalmasının şərtlərindən biri də məhz bu mövzu olub. Bu mənada, dediyim kimi, ərazidəki Rusiya sərhədçilərinin “TRİPP” layihəsinin təhlükəsizliyini təmin edəcək bir qurum kimi cəlb olunması mümkündür...”
 
Xəbər verildiyi kimi, bu günlərdə Rusiya Vaşinqtonda müzakirə edilən və "Tramp marşrutu" (TRIPP) kimi tanınan yeni nəqliyyat layihəsi ilə bağlı Ermənistan hökumətinə açıq mesaj göndərib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan bu layihənin həyata keçirilməsi zamanı Rusiyanın mövqeyini nəzərə almağa məcbur olacaq. Qaluzin xatırladıb ki, Ermənistanın dəmir yolları hazırda "Rusiya Dəmir Yolları"nın törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu" QSC-nin konsessiya idarəçiliyindədir. Həmçinin Ermənistan üzərindən həyata keçiriləcək hər hansı tranzit daşımalar Avrasiya İqtisadi İttifaqının(Aİİ) qaydalarına uyğun olmalıdır.  Rusiya XİN rəsmisi vurğulayıb ki, Ermənistan Aİİ-dən çıxmaq niyyətində olmadığını dəfələrlə bəyan edib.
 
Qaluzin əlavə edib ki, "Tramp marşrutu"nun keçəcəyi ərazilər Türkiyə və İranla sərhəd zonasını əhatə edir və həmin sərhədlər uzun illərdir Ermənistan sərhədçiləri ilə birlikdə rus sərhədçiləri tərəfindən qorunur. Buna görə də Moskva hesab edir ki, layihənin reallaşdırılmasında Rusiyanın iştirakı həm hüquqi, həm də təhlükəsizlik baxımından vacibdir...
 
Bəs Rusiyanın bu dolayı təzyiqinin sonu nə ilə nəticələnə bilər? Ermənistan və ABŞ Rusiyanın da Zəngəzur yolu- “Tramp yolu” layihəsində iştirakına razı olarmı?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov aşağıdakı fikir və mülahizələri səsləndirib:
 
“Bu gözlənilən məsələ idi. Əslinə qalsa, “TRİPP”-lə bağlı iki əsas mövzu var. Birincisi, onun tikilməsi və istismar olunmasının qaydaları və ikincisi, gördüyünüz kimi, regiona o layihədə təhlükəsizliyi təmin edən hansısa qüvvələrin yerləşdirilməsi... Bu hər hansı kommersiya şirkəti də ola bilər. Amerikalılar bir çox yerlərdə belə təcrübədən istifadə edirlər. Ancaq təbii ki, bütün hallarda bu, bölgədə bir növ hərbi qüvvələrin mövcudluğu kimi qələmə verilə, qiymətləndirilə bilər. Bu baxımdan Rusiya da istəyir ki, Ermənistanın Meğri ərazisində - İranla sərhəddəki “FSB” sərhəd dəstələri həmin təhlükəsizlik funksiyasını yerinə yetirsinlər. Və bu təklif açıq şəkildə səslənməsə də, əminəm ki, Paşinyan da bunun müzakirəsini davam etdirir.  Hesab edirəm ki, elə Rusiya tərəfindən irəli sürülən Paşinyanın hakimiyyətdə qalmasının şərtlərindən biri də məhz bu mövzu olub. Bu mənada, dediyim kimi, ərazidəki Rusiya sərhədçilərinin “TRİPP” layihəsinin təhlükəsizliyini təmin edəcək bir qurum kimi cəlb olunması mümkündür... Və mən əminəm ki, burada başqa bir çıxış yolu mümkün olmayacaq. Hesab edirəm ki, bu şəkildə razılaşmaya amerikanlar da gedə bilərlər...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər