“Nəşə Karaböcək atamın mahnısını anonim oxudu, əlbəttə bilirdi ki, mahnı Oqtay Kazıminindir” - Bəstəkarın oğlundan AÇIQLAMA+ÖZƏL
Ekskluziv
1786
03 Jul 2026 | 22:47

“Nəşə Karaböcək atamın mahnısını anonim oxudu, əlbəttə bilirdi ki, mahnı Oqtay Kazıminindir” - Bəstəkarın oğlundan AÇIQLAMA+ÖZƏL

“Atam da, digər klassik bəstəkarların də məqsədi Azərbaycan musiqisinə xidmət etmək olub. O vaxt bəstəkar mahnısı, əsəri ilə tanınırdı. Bu qədər efirlər yox idi və onların heç biri özlərini mahnılarından əlavə nələrləsə gündəmə gətirmək istəmirdi. Atam Oqtay Kazımi də həmçinin. Onun mahnıları bu gün də dillər əzbəridir. Biz də varislər olaraq istəyirik ki, atamın mahnılarını onun yazdığı kimi oxuyub, səsləndirsinlər”.

Bunu Moderator.az-a açıqlamasında görkəmli bəstəkar Oqtay Kazıminin oğlu Elçin Kazımi deyib.

O daha sonra əlavə edib:

“Atamın elə mahnıları var ki, uzun müddət anonim səslənib. Türk müğənnisi Nəşə Karaböcək atamın “O sənli günlərim” mahnısını uzun illər anonim oxuyub. Mahnının söz yazarı Rüzgar Əfəndiyeva, bəstəkarı Oqtay Kazımidir. O demək deyildi ki, onlar bilmirdilər mahnı kimindir. Əlbəttə ki, bilirdilər mahnı kimindir, amma bildirmək istəmirdilər. Belə bir hadisə baş vermişdi. Atamın “Tarla qızları” mahnısını bizim müğənnilərdən biri götürüb, sözlər əlavə etmişdi və demişdi ki, “yeni mahnı yazmışam”. Mən etiraz edəndə həmin müğənni dedi ki, “mən bu mahnını götürüb oxuyandan sonra hamı bildi ki, Oqtay Kazıminin belə mahnısı var”. Dedim ki, ola bilər siz bilmirdiniz, bütün Azərbaycan bilir ki, “Tarla qızları” Oqtay Kazımiyə məxsusdur. Sonradan mahnını yutubdan da sildirdik” deyə o bildirib.

Elçin Kazımi bildirib ki, atasının mahnılarından heç bir qonorar əldə etmirlər:

“Mən hələ görməmişəm ki, güclü qonorar alaq. O vaxt özünün sağlığında xaricdə mahnısı oxunanda qonorar gəlirdi. İlk dəfə radio və televiziyada səslənəndə də qonorar alırdı. Faktiki olaraq son dövrlərdə hansısa qonorarın gəlməsindən söhbət gedə bilməz. Biz də ailəsi olaraq qonorara görə danışmırıq. Bizi əsas maraqlandıran odur ki, kimsə atamın mahnılarını yeni aranjimanda təqdim edəndə öz zövqlərinə görə etməməlidirlər. Oxuyan müğənnilər düşünməməlidirlər ki, yenilik edirlər. Yenilik etmək istəyirsinizsə yeni bir mahnı oxuyun. Yaradıcı insan mahnını necə yazıbsa elə də oxunmalıdır. Dəfələrlə atamdan soruşmuşam ki, sən bu mahnıları necə yazmısan?! Çünki o özü də mahnını yazandan sonra təəccüblənirdi ki, bunu necə yazmışam?! Uzun müddət fikirləşərdi, başlayardı o mahnını əldə yazmağa, sonra da oxuyardı. O deyirdi ki, mən mahnıların obrazlarını yaradıram. O obrazları atam uzun müddət beynində canlandırırdı. 6-7 ay çəkirdi. “Ayrılıq olmayaydı” mahnısının sözləri Cabir Novruzundur. 10 il müddətində atam o sözlərə musiqi bəstələyə bilmədi. Nəhayət ki, 10 ildən sonra yazdı. Özü-özü mahnısını ifa edəndə onun göz yaşlarının royala axdığının şahidi olurdum. Deyirdim ki, axı sən bu mahnını özün yazmısan. Deyirdi ki, “xeyr, bu mənə ötürülürdü”. Yaradıcı insanlara məxsus qeyri-adi xasiyyəti var idi” deyə görkəmli bəstəkarın oğlu bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər