Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri, səfər əsnasında tərəflərin mətbuata verdikləri bəyanatlar bütün dünyada böyük marağa səbəb olub. Verilən bəyanatlarda bir sıra məsələlərə toxunulub ki, bunlardan da biri “yaşıl enerji” və bunun həm ekoloji, həm də iqtisadi baxımdan önəmi ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən öncə də “yaşıl enerji” ilə bağlı müəyyən layihələr həyata keçirsə də, 8 Noyabr zəfərindən sonra bu sahədə daha ardıcıl və sistematik iş aparıldığı birmənalıdır. Bu gün işğaldan azad edilən torpaqlarımızda “yaşıl enerji” sahəsində atılan addımlar, görülən işlər yalnız region ölkələrinə deyil, bütün dünyaya örnək ola bilər. Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib ki, bu da atılan hər bir addımın düşünmüş şəkild, vahid koordinasiya əsasında, bir mərkəzdən idarə edildiyini göstərir. İşğaldan azad edilən ərazilərimizdə çoxlu sayda kiçik və orta SES-lərin inşası, günəş panellərinin kütləvi tətbiqi, külək enerjisindən istifadə layihələrinə böyük vəsaitlərin ayrılması və s. Azərbaycanda bu prosesin geridönməz xarakter aldığnı göstərir.
Sadəcə bir faktı qeyd edək ki, Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpaolunan enerjinin payını 30 %-ə yüksəltməyi hədəfləyir ki, bu da bütün dünyada ən yüksək göstəricilərdən biridir.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen 1 iyul 2026-cı il tarixində mətbuata verdiyi bəyanatda Azərbaycanın “yaşıl enerji” istiqamətində atdığı addımları təqdir edib, bu layihələrə açıq-aşkar heyranlığını bildirib:
“Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”ni qurmaq üçün planlarınızı alqışlayırıq. Bərpaolunan enerji mənbələrinin daha çox istehsalı ixrac üçün daha artıq qaza qənaət edə və qonşularla bölüşərək regional enerji təhlükəsizliyini gücləndirə bilər. Biz Sizin Ermənistana gedən elektrik enerjisi kabeli ilə bağlı təklifinizi çox alqışlayırıq. Bu, çox maraqlı məqamdır. Beləliklə mənim təsvir etdiklərim əsasən odur ki, bərpaolunan enerji mənbələri iqtisadiyyatlarımızın gələcəyini irəli aparır. Burada - Cənubi Qafqazda bu proseslər, həmçinin sülhün irəli aparılmasına kömək edə bilər”.
Göründüyü kimi, Ursula Fon der Lyayen “yaşıl enerji”ni gələcəyin enerjisi adlandırır və bu sahədə Azərbaycanın atdığı addımları, həm də gələcək iqtisadi yüksəlişin təmin edən əsas faktorlardan biri kimi dəyərləndirir.
Şübhəsiz, Azərbaycanın gələcəkdə bu sahədə hansı uğurlara imza atacağını, ölkəmizin enerji simasını necə dəyişəcəyini zaman göstərəcək. Bu gün isə məlum olan iki həqiqət var. Bunlardan birincisi, Azərbaycanın “yaşıl enerji” istiqamətində ciddi addımlar atdığı, bu yolda bəlli bir məsafə qət etməsidir. İkinci mühüm amil isə ölkəmizin bu müstəvidə gördüyü işlərin təbliğati baxımdan da qlobal miqyasda sövqedici əhəmiyyətə malik olmasıdır. Bu gün əminliklə demək olar ki, Azərbaycanın “yaşıl enerji” siyasəti dünya dövlətləri, hətta bu ideyanın əsas müəlliflərindən biri olan Avropa İttifaqının özü üçün də təşviqedici önəmə malikdir. Azərbaycan “yaşıl enerji” siyasəti istiqamətində atdığı addımlarla digər ölkələri bu sahəyə yatırım yatmağa həvəsləndirir, onları dünyamızın sadəcə bugününü deyil, həm də sabahını – gələcəyini görməyə, bu barədə düşünməyə sövq edir. Və bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi və nəzarəti altında gerçəkləşir ki, bu da gələcək uğurların bəribaşdan sığortalanması deməkdir.
Seymur ƏLİYEV