“İsrail Knesseti də “soyqırımı” tanısa belə, bu, Türkiyəyə qarşı beynəlxalq siyasətdə heç nəyi dəyişməyəcək...”
Ekskluziv
2121
03 Jul 2026 | 16:08

“İsrail Knesseti də “soyqırımı” tanısa belə, bu, Türkiyəyə qarşı beynəlxalq siyasətdə heç nəyi dəyişməyəcək...”

“İsraildə qondarma erməni “soyqırımı”nı tanımaq məsələsinin məhz Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətlərində xeyli istilik olduğu; Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının, Ermənistanla Türkiyə arasında isə sərhədlərin açılmasının gözlənildiyi bir vaxta ortalığa atılması da bir təsadüf deyil...”
 
“Türkiyə hökuməti ABŞ-da fəaliyyət göstərən İsrail lobbisi ilə də əməkdaşlıq edir. Yəqin ki, həmin lobbi vasitəsi ilə də sözügedən “tanınma” qərarının Knessetdə təsdiqlənməsinin qarşısının alınması üçün tədbirlər görüləcək...”
 
“Əvvəla, İsrail dövlətinin qondarma “erməni soyqırımı”nı tanımaq cəhdləri zaman-zaman həmişə olub. Lakin həm İsrail daxilində, həm Türkiyə və s. tərəfindən edilən təsirlər nəticəsində bunun qarşısı alınıb və məsələ ölkə parlamenti –Knesset tərəfindən ratifikasiya  edilməyib. Bunun bir səbəbi də İsrailin Azərbaycanla münasibətləri olub. Ötən dəfələr “soyqırımı”nın tanınması cəhdləri ərəfələrində Azərbaycan torpaqları işğal altında idi. İndi də təxminən eyni situasiya yaranıb. Sadəcə bu dəfə Türkiyə-İsrail münasibətləri daha gərgin bir durumdadır. Son vaxtlar İsrail hökuməti Türkiyə əleyhinə heç bir əsası olmayan cəfəngiyyatları dilə gətirir və Türkiyə XİN də, zaman-zaman Prezident Rəcəb Tayyib Ərdoğan özü də bunlara kəskin və tutarlı cavablar verir. Bu qarşıdurma ABŞ-İsrail cütlüyünün İrana hücumundan sonra daha da kəskinləşib. Və hazırda Azərbaycan istisna olmaqla İsrail və Türkiyə arasında diplomatik qapılar bağlanıb”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyədə necə qarşılanıb? Ərdoğan hökuməti buna qarşı hansı tədbirləri görüb və görməyi planlaşdırır?” suallarını cavablandırarkən beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı ifadə edib.
 
“İkincisi, bu tanınma yalnız İsrailin Nazirlər Kabineti tərəfindən icra edilib. Amma Knesset bunu ratifikasiya etməyib, yəni təsdiqləməyib.  Parlamentin bunu təsdiqləyib-təsdiqlənəyəcəyini isə zaman göstərəcək.   Hazırda Türkiyə rəhbərliyi İsrailin qondarma “erməni soyqırımı”nı tanımasıyla bağlı kəskin mövqeyini ifadə edir. Ancaq bu addıma qarşı konkret tədbirlərin görülüb-görülməyəcəyi yalnız məsələnin Knessetdə təsdiqlənib-təsdiqlənməyəcəyi bilindikdən sonra bəlli olacaq. Eyni zamanda  Türkiyə hökuməti ABŞ-da fəaliyyət göstərən İsrail lobbisi ilə də əməkdaşlıq edir. Yəqin ki, həmin lobbi vasitəsi ilə də sözügedən “tanınma” qərarının Knessetdə təsdiqlənməsinin qarşısının alınması üçün tədbirlər görüləcək. Məsələyə ikinci təsir gücünü Ərdoğanla Trampın bir-birinə yaxınlığı göstərəcək. Üçüncü vasitə isə hesab edirəm ki, Türkiyə dövlətinin Azərbaycan dövləti ilə əməkdaşlığıdır”, -deyə davamında Teymur Qasımlı diqqətə çatdırıb.
 
“Əslində Türkiyə və İsrail arasındakı son gərginliyi Ərdoğan-Netanyahu gərginliyi kimi də dəyərləndirmək olar.  Eyni zamanda İsraildə qondarma erməni “soyqırımı”nı tanımaq məsələsinin məhz Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətlərində xeyli istilik olduğu; Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının, Ermənistanla Türkiyə arasında isə sərhədlərin açılmasının gözlənildiyi bir vaxta ortalığa atılması da bir təsadüf deyil. 
 
Bütün hallarda Türkiyə prosesin Knessetdə sona çatmasının qarşısını almaq üçün müəyyən siyasi-diplomatik addımlar atmaqdadır. Amma Netanyahu tərəfdarları İsrail parlamentində çoxluq təşkil etdiyindən “soyqırımı”nın tanınması haqda qərarın qəbulolunma şansı da çox görünür hələ ki... Lakin hətta Knesset də “soyqırımı” tanısa belə, bu, Türkiyəyə qarşı beynəlxalq siyasətdə heç nəyi dəyişməyəcək. Çünki bu günədək qondarma “erməni soyqırımı”nı onlarla ölkə tanıyıb, ancaq bunun heç bir praktiki nəticəsi olmayıb, bu gündən sonra da olmayacaq... Sadəcə bu gün Netanyahu hakimiyyəti həmin amildən İsrail-Türkiyə münasibətlərini mənfi məcrada saxlamaq üçün istifadə edir...”
 
Sultan Laçın 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər