Gündəlik həyatda hər birimizin qarşılaşa biləcəyi hüquqi məsələlər az deyil. Bəzən qanunları kifayət qədər bilmədiyimiz üçün hansı hüquqlara malik olduğumuzu və necə davranmalı olduğumuzu müəyyənləşdirməkdə çətinlik çəkirik. Məhz bu səbəbdən Moderator.az "Hüququnu bil" rubrikasına start verir. Rubrikada gündəlik həyatda rast gəlinən hüquqi məsələlərə mütəxəssislərin iştirakı ilə sadə və anlaşılan şəkildə aydınlıq gətiriləcək.
Məqsəd hüquqi məlumatları etibarlı və aydın şəkildə təqdim edərək oxucularımızın hüquqi savadlılığının artırılmasına töhfə verməkdir.
Beləliklə, "Hüququnu bil" rubrikasının ilk qonağı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərovdur.

Hüquqşünas mağazada məhsulun təsadüfən sındırılması zamanı müştərinin hüquq və vəzifələri ilə bağlı suallara aydınlıq gətirilib.
Həmin müsahibəni təqdim edirik:
– Fariz bəy, mağazada alış-veriş zamanı məhsul təsadüfən sındırılarsa, müştəri həmin məhsulun dəyərini ödəməyə borcludur?
– Azərbaycan qanunvericiliyinə əsasən, müştəri mağazada əşyanı ehtiyatsızlıqdan sındırdıqda, əgər bu, mağazanın səhlənkarlığı (dar keçidlər, dayanıqsız rəflər) səbəbindən baş veribsə, pul ödəmək məcburiyyətində deyil. Mağazalarda sındırılma ehtimalı yüksək olan məhsulun yanında xəbərdarlıq nişanı qoyulmalıdır ki, alıcılar bunu görüb daha ehtiyatlı davransınlar. Mağazaya uyğun olaraq rəflərin düzülüş qaydaları müəyyən edilməlidir.
– Bəzi mağazalar belə hallarda müştəridən dəymiş zərərin ödənilməsini tələb edirlər. Bu, nə dərəcədə qanunidir və vətəndaş belə vəziyyətdə nə etməlidir?
– Bəzi sahibkarlar belə vəziyyətdən istifadə edərək dəymiş zərəri müştərilərdən tələb edirlər. Mağazada hansısa əşya sındırılıbsa, bu zərəri müştəridən tələb etmək olmaz. Hüquqları pozulmuş müştərilər məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını və dəymiş ziyanı tələb edə bilər.
– Hansı hallarda mağazada sınmış məhsula görə məsuliyyət birbaşa müştərinin üzərinə düşür və qanun bu məsələni necə tənzimləyir?
– Qəsdən sındırma, sərxoşluq və ya qeyri-təbii davranış nəticəsində zərər dəyibsə, müştəri dəymiş ziyanı ödəməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsində deyilir ki, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
Mülki Məcəllənin 1103-cü maddəsinə görə, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.
Mülki Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Sizi maraqlandıran hüquqi suallar varsa, onları Moderator.az-a göndərə bilərsiniz. Pərvin Şakirqızı ilə “Hüququnu bil” rubrikasında gündəlik həyatda qarşılaşdığınız hüquqi məsələlərə peşəkar hüquqşünasların iştirakı ilə aydınlıq gətirməyə çalışacağıq.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor