Cənubi Qafqazda geosiyasi dinamika son illər sürətlə dəyişir və region ölkələrinin xarici siyasət prioritetləri yeni müzakirələrə yol açır. Xüsusilə Ermənistanın beynəlxalq tərəfdaşlıq seçimləri ətrafında baş verən proseslər həm regional təhlükəsizlik mühitinə, həm də böyük güclər arasındakı rəqabətə təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Bu dəyişikliklərin gələcəkdə bölgədə qüvvələr balansına necə təsir edəcəyi, eləcə də Azərbaycanın maraqları baxımından hansı nəticələr doğura biləcəyi aktuallığını qoruyan məsələlər sırasındadır.
Maraqlıdır, Nikol Paşinyanın Rusiyanın maraqlarının Ermənistanın maraqlarından üstün olmadığını açıq şəkildə bəyan etməsi və ölkəsinin Avropa yönümlü siyasi kursunu bir daha təsdiqləməsi fonunda, Ermənistanın artıq Moskvanın təsir dairəsindən çıxmaq istiqamətində geridönməz qərar verdiyini söyləmək olarmı? Bu proses Cənubi Qafqazda geosiyasi balansı necə dəyişə bilər və Azərbaycanın maraqları baxımından hansı yeni imkanlar və ya risklər yarada bilər?
Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Züriyə Qarayeva açıqlama verib.

Siyasi şərhçi qeyd edib ki, Nikol Paşinyanın Rusiyanın maraqlarının Ermənistanın maraqlarından üstün olmadığını açıq şəkildə bəyan etməsi, Avropa İttifaqı ilə inteqrasiyanı prioritet elan etməsi və son illərdə KTMT-dən uzaqlaşan addımlar atması İrəvanın xarici siyasət kursunda ciddi transformasiyanın davam etdiyini göstərir:
"Bununla belə, Ermənistanın Moskvanın təsir dairəsindən tam və geridönməz şəkildə çıxdığını söyləmək hələ tezdir. Çünki ölkənin enerji infrastrukturu, iqtisadi əlaqələrinin mühüm hissəsi, sərhəd təhlükəsizliyi və bir sıra strateji sahələrdə Rusiya amili hələ də qalmaqdadır. Buna baxmayaraq, siyasi iradə baxımından İrəvanın qərbyönlü kursu daha ardıcıl xarakter alır və bu, gələcəkdə Ermənistanın geosiyasi oriyentasiyasını əsaslı şəkildə dəyişə bilər.
Bu proses Cənubi Qafqazda qüvvələr balansını da yenidən formalaşdırır. Rusiyanın təsir imkanlarının zəifləməsi Avropa İttifaqı və digər Qərb institutlarının regionda fəallığını artırır. Azərbaycan üçün bu vəziyyət həm yeni imkanlar, həm də müəyyən risklər yaradır. Müsbət tərəfdən, Rusiyanın vasitəçilik monopoliyasının zəifləməsi sülh sazişi üzrə daha çevik diplomatik imkanlar yarada bilər.
Digər tərəfdən isə Ermənistanın Qərbin siyasi və təhlükəsizlik dəstəyi ilə daha cəsarətli mövqe tutması, regionun böyük güclər arasında geosiyasi rəqabət meydanına çevrilməsi riskini artırır. Buna görə də Azərbaycan balanslaşdırılmış xarici siyasətini davam etdirərək həm regional əməkdaşlıq təşəbbüslərini gücləndirməyə, həm də dəyişən geosiyasi mühitdə öz milli maraqlarını maksimum səviyyədə qorumağa çalışacaq".
Pərvin Şakirqızı