Bizi sosial şəbəkələrdən izləyin:
“ABŞ vasitəsilə belə bir razılaşma mümkündür ki, ön cəbhədə qarşılıqlı dron zərbələri davam etsə də, arxa cəbhəyə, yəni infrastruktura, hərbi və mülki obyektlərə, neft zavodlarına və s. zərbələr dayandırılsın...”
“Son həftələrdə onsuz da iqtisadiyyatı çökən Rusiyada Ukrayna ordusunun neft emalı zavodlarına endirdiyi kütləvi dron zərbələri nəticəsində ciddi benzin böhranı da meydana çıxdı. Bütün bunlar Rusiyanın gələcəyini necə göstərir- çöküş yaxındır, yoxsa hələ proses uzun müddət davam edəcək?”
Bu sualla müraciət etdiyimiz keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında aşağıdakıları dilə gətirib:
“Bilirsiz, Rusiya əhalisi Leninqrad blokadası zamanı 200 qram çörəklə də dözüb yaşayırdı. Ona görə də hələ bu imperiyanın çöküşündən danışmaq, hesab edirəm ki, tezdir. Lakin məsələ ondadır ki, son aylar Ukrayna ordusunun ölkə daxilinə endirdiyi zərbələr birbaşa sosial sferaya təsir edir. Bundan əvvəl görürdük ki, Ukrayna savaşında Rusiya ordusunun hədsiz itkiləri və s. ciddi etirazlara səbəb olmadı. Ancaq Ukraynanın ölkənin neft emalı zavodlarına vurduğu zərbələrin benzin istehsalında özünü göstərməsi artıq ölkədə tənqidi səslərin çoxalmasına gətirib çıxardı. Bu və digər səbəbdən hesab edirəm ki, rəsmi, yaxud qeyri-rəsmi atəşkəs rejimi kimi bir durum meydana çıxmalıdıır. Hətta mən ona nisbi atəşkəs də deyərdim. Söhbət nədən gedir? Hansısa sənədin imzalanmasını və s. siyasi olayları gözləmirəm. Ancaq Rusiya və Ukrayna arasında razılaşmalar mümkündür. Məsələn, ABŞ vasitəsilə belə bir razılaşma mümkündür ki, ön cəbhədə qarşılıqlı dron zərbələri davam etsə də, arxa cəbhəyə, yəni infrastruktura, hərbi və mülki obyektlərə, neft zavodlarına və s. zərbələr dayandırılsın. Təxminən ehtimal edilən hadisələr belə gözlənilir. Belə bir ehtimalı hansısa açıqlamasında Rusiya prezidenti Vladimir Putin də səsləndirmişdi. Amma bunu da hansısa atəşkəs və ya sülh sazişi adlandırmaq mümkün deyil. Lakin bu cür razılaşmanın gündəmə gətirilməsi istisna olunmur. Çünki Ukrayna öz yerində, ancaq Rusiyada ictimaiyyətdən başqa hakimiyyətdə olan siyasi elitaların daxilində də çəkişmələrin olması hər halda real görünür. Məsələn, Priqojin tipli təşkil olunmuş hər hansı bir qiyam, üsyan da istisna edilmir. Ona görə ki, siyasi elita öz imkanlarını saxlamaq üçün hansısa bir günah keçisi axtarmağa başlayır. Və Putin bunun üçün ən yaxşı namizəddir. Bir sözlə, bu cür durum çox real görsənir...”
Sultan Laçın