ABŞ və İran arasında gərgin münasibətlərin davam etdiyi bir dövrdə tərəflər arasında diplomatik kanalların açıq saxlanılması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Yaxın Şərqdə təhlükəsizlik mühitinə birbaşa təsir göstərən bu təmasların gələcək taleyi regionda sabitliyin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Xüsusilə vasitəçilər üzərindən aparılan danışıqların davam etdirilməsi ilə bağlı verilən mesajlar tərəflər arasında dialoq imkanlarının tam tükənmədiyini göstərir. Bununla yanaşı, bu prosesin real nəticələr verib-verməyəcəyi və münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi əsas müzakirə mövzularından biri olaraq qalır. Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında isə ABŞ və İran nümayəndələri arasında aparılan dolayı təmaslarda müsbət irəliləyiş əldə olunduğu və dialoqun davam etdirilməsi barədə razılığın əldə edildiyi bildirilir.
Maraqlıdır, bu inkişafı ABŞ–İran münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirmək olarmı? Növbəti görüşlərin keçirilməsi tərəflər arasında etimadın bərpasına nə dərəcədə töhfə verə bilər?
Mövzu ilə bağlı Moderator.az-ın suallarını təhlükəsizlik üzrə ekspert İlham İsmayıl cavablandırıb.
Ekspert bildirib ki, Dohada Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında vasitəçilər üzərindən, yəni birbaşa olmayan təmasların qurulması danışıqlarda müəyyən irəliləyiş kimi qiymətləndirilə bilər:
"Amma təbii ki, bu irəliləyiş gələcəkdə danışıqların davam etdirilməsi, 18 iyun tarixində razılaşdırılmış 14 maddəlik memorandumun hamısı olmasa da, müəyyən maddələrinin həyata keçirilməsi istiqamətində real addımların atılmasının hər iki tərəf tərəfindən qəbul edildiyini göstərir. Məsələ burasındadır ki, vitse-prezidentin də dediyi kimi, İranın hər dəfə xüsusi olaraq vurğulaması ki, heç bir sülh danışıqları aparılmır, amma eyni zamanda gizli şəkildə bu danışıqların aparılmasının tərəfdarı olması anlaşılan deyil.
Amma bütün bunlar onu göstərir ki, İran daxili auditoriyaya hesablanmış bəyanatlar verməklə guya ABŞ-nin heç bir təklifini qəbul etmir. Faktiki olaraq isə növbəti danışıqlar mərhələsi Əli Xameyinin dəfn olunmasından sonraya saxlanılıb. Bu müddət ərzində hər hansı eskalasiya ola bilərmi? Düşünürəm ki, bu dövrdə eskalasiya ehtimalı azdır. Amma dəfn mərasimindən sonra danışıqların rahat və problemsiz keçəcəyi də gözlənilmir. Bu isə İranın üzərinə düşən öhdəliklərlə bağlıdır.
Çünki İranın uranın zənginləşdirilməsi, eyni zamanda Hörmüz boğazından rüsum alınmadan keçid məsələləri ilə bağlı müəyyən öhdəlikləri var və bunlar hələ uzun müddət danışıqların əsas mövzularından biri olacaq. Hesab edirəm ki, yaxın perspektivdə İran və ABŞ arasında irimiqyaslı gərginlik və ya müharibə gözlənilmir.
İsrail isə öz mövqeyində israrlıdır və Livanla da danışıqlar aparıb. Hələ müəyyən müddət ərzində İsrailin Livandan geri çəkilməsi gözlənilmir. İran isə perspektivdə yenidən Livan məsələsini bəhanə edərək danışıqlardan uzaqlaşa bilər. Lakin bunun nəticəsində irimiqyaslı müharibənin baş verəcəyi gözlənilmir. Çünki ABŞ-də payızda keçiriləcək aralıq seçkilərinədək həm siyasi elita, həm də cəmiyyət müharibənin başlamasını istəmir".
Pərvin Şakirqızı