Ekskluziv
1700
02 Jul 2026 | 14:29

"Azərbaycan sülh üçün Ermənistanın son addımını gözləyir"  Deputat

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar davam etsə də, Ermənistanda revanşist qüvvələrin fəallaşması və bunun sülh prosesinə mümkün təsirləri ilə bağlı müzakirələr səngimir. Bu məqamda Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) kimi revanşist qüvvələrin son bəyanatları, rəsmi İrəvanın isə bu çağırışlara aydın və prinsipial münasibət bildirməməsi Ermənistanın sülh gündəliyinə sadiqliyi ilə bağlı suallar doğurur. Bəzi ekspertlər Nikol Paşinyan hakimiyyətinin revanşist qüvvələrin mövcudluğundan gələcək siyasi manevr üçün "ehtiyat variant" kimi istifadə edə biləcəyi ehtimalını da istisna etmirlər.

Bəs, belə bir vəziyyət Azərbaycan–Ermənistan sülh prosesinə hansı riskləri yarada bilər?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə
açıqlama verib. 

Deputat qeyd edib ki, Ermənistanda gedən proseslər həmin ölkənin daxili siyasi məsələləridir. Azərbaycan bu proseslərə qarışmır və Ermənistanın öz yolunu seçməsini ölkə daxilində baş verən proseslərin nəticəsi kimi qiymətləndirir:

"Azərbaycan üçün əsas məsələ Ermənistanın rəsmi rəhbərliyinin Azərbaycanla münasibətlərə nümayiş etdirdiyi mövqedir. Azərbaycanın Ermənistana münasibəti indiyədək də, bundan sonra da məhz bu mövqeyə uyğun formalaşacaq.
Azərbaycan Ermənistanla normal, mehriban qonşuluq münasibətlərinin qurulmasına hər zaman səy göstərib.

44 günlük müharibədən və birgünlük antiterror əməliyyatından sonra sülh müqaviləsinin imzalanması üçün irəli sürülən beş əsas prinsip Ermənistan tərəfindən qəbul edilib. Hazırda isə Azərbaycan Ermənistanın bu prosesə son nöqtəni qoymasını, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan müddəaların aradan qaldırılmasını gözləyir".

Bu baş verərsə, sülh müqaviləsi imzalanacaq, sərhədlər tam açılacaq, səfirliklər fəaliyyətə başlayacaq və iki ölkə arasında normal qonşuluq münasibətləri qurulacaq. Azərbaycan gözləyir ki, təkcə iqtidar deyil, müxalifət də Azərbaycanla münasibətlərin nə qədər vacib olduğunu düzgün qiymətləndirsin. Qonşu dövlətlə münasibətlərimiz də onların Azərbaycana münasibətinə uyğun olaraq qurulacaqdır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər