“Rusiyanın gələcəyini tamamilə başqa hakimiyyətlər əvəz edərsə, bu ölkə girmiş olduğu Ukrayna savaşından daha az itki ilə ayrıla bilər...”
“Fikrimcə, Ukraynanın Rusiyaya aid enerji mənbələrini hədəfə alması və bombalaması da qış müharibəsi hazırlığından, məşqindən başqa bir şey deyil. Soyuq Rusiya qışının bir çox sərkərdələr üçün ən çətin düşmən olduğunu xatırlasanız, nə demək istədiyimi anlarsınız...”
“Bu durumda Putinin qarşısında bir yol var: qarşıdan gələn seçkilərdə: parlament seçkilərində estafeti müxalifətə ötürmək və seçkilərdən sonra sağlamlığını bəhanə edib səssizliyə gömülmək...”
“Rusiya-Ukrayna müharibəsində tərəflərin maksimalist mövqeyi problemin tamamilə dalana dirənməsinə səbəb olub. Rusiya müharibədən üzüsulu çıxmaq üçün Ukraynadan torpaq güzəştləri tələb edir. Moskva hesab edir ki, Ukrayna ən azı, Krım və Donbassdan vaz keçməli, bu əraziləri Rusiyanın ərazisi kimi tanımalıdır. Bu isə faktiki olaraq Zelenskinin əlində deyil. Ukraynanın öz ərazisinin müəyyən hissəsindən Rusiyanın xeyrinə imtina etməsi üçün mütləq referendum keçirilməli, Ukrayna parlamenti bu qərarı təsdiqləməlidir. Nə Ukrayna əhalisinin, nə onun parlamentinin belə bir qərarı vermək niyyəti var, nə də rəsmi Kiyevin özü və strateji müttəfiqləri savaşın Rusiyanın xeyrinə bitməsini arzulayırlar. Əksinə, savaşın daha bir neçə il uzanması Qərbi Avropa ölkələrinin də marağına uyğundur. Xatırladım ki, Almaniyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Bruno Kahl ötən il verdiyi açıqlamada ölkəsinin Rusiya ilə savaşa hazırlığının 2030-cu ilə qədər davam edəcəyini və bu müddət ərzində Ukrayna savaşının bitməsində maraqlı olmadığını açıq etiraf etmişdi”.
Bu fikirləri siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında “Rusiyanın durumu bütün parametrlərdə gündən-günə ağırlaşır. Sizcə, bundan sonra vəziyyətdən çıxmaq üçün Putin hansı tədbirləri görə bilər?” sualını cavablandırarkə ifadə edib.
Heydər Oğuzun fikrincə, döyüş meydanındakı vəziyyət də qeyri-müəyyəndir və bu durum savaşın sonlandırılmasına imkan vermir:
“Məlumdur ki, müharibələr yalnız o halda dayanır ki, tərəflərdən ya biri, ya da ikisi də qələbə ümidini tamamilə itirir və masa ətrafında oturub məsələni diplomatik yollarla tənzimlənməyə qərar verir. Dərd burasındadır ki, Ukrayna savaşında bu durum da mövcud deyil. Həm Ukrayna, həm də Rusiya son nəticədə qələbənin onların olduğuna inanırlar. ABŞ-da fəaliyyət göstərən Müharibə Tədqiqatları İnstitutunun (“ISW”) son hesabatları da bu düşüncənin oturuşmasına zəmin yaradır. “ISW”-nin son hesabatına görə, Rusiya ordusunun irəliləmə sürətinin 2025-ci ilin noyabr ayından bəri azalsa da, onlar qismən də olsa, irəliyişlərini davam etdirirlər. Bildirildiyinə görə, son 6 ayda Rusiya ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə az ərazi ələ keçirib: 2025-ci ilin ilk altı ayında 2189,87 kvadrat kilometr ərazini işğal edən Rusiya 2026-cı ilin eyni dövründə cəmi 622,60 kvadrat kilometr irəliləyib.
“ISW” analitiklərinin hesablamalarına görə, 2026-cı ildə Rusiya ordusu əvvəlki ilin ilk altı ayında ələ keçirdiyi və ya işğal etdiyi ərazinin yalnız 28,43%-ni ələ keçirib. Bununla belə, Rusiya ordusu canlı qüvvə və texnika baxımından ciddi itkilər verib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 2026-cı ilin iyun ayında Rusiya ordusunda 39.490 nəfər ölüb və yaralanıb. “ISW”-yə görə, Rusiyanın ələ keçirilən hər kvadrat kilometr üçün təxminən 1298 itkisi olub. Müqayisə üçün, 2025-ci ilin iyun ayında Rusiya təxminən 32.680 hərbçi itirib ki, bu da ələ keçirilən hər kvadrat kilometr üçün təxminən 68 itki deməkdir. Bu o deməkdir ki, bir il ərzində ələ keçirilən ərazi vahidinə düşən Rusiya itkilərinin sayı 19 dəfədən çox artıb. Qısası, Rusiya son 6 ayda böyük qurbanlar hesabına kiçik ərazilər əldə edib ki, bu da onu savaşı davam etdirməyə həvəsləndirir...”
“Maraqlıdır ki, Ukrayna da savaşda ciddi uğurlar qazandığına inanır. Onun xüsusilə dron istehsalını artırması, Rusiya ordusuna ağır itkilər verdirməsi inamının yersiz olmadığını göstərir. Ukraynanın ən böyük qazancı isə ABŞ prezidenti Donald Trampın etimadını qazana bilməsidir. Verilən məlumatların analizindən belə məlum olur ki, Tramp Ukraynaya Rusiyaya qarşı mübarizədə maksimum gücündən istifadə etməsinə razılıq verib. Yeri gələndə onu istənilən silahla təchiz etməyə də həvəslidir. NATO-nun Baş katibi Mark Rutte “Financial Times” qəzetinə verdiyi son müsahibədə Ukraynanın Rusiya üzərində uğurundan ağızdolusu bəhs edib. Bildirib ki, Ukrayna hazırda döyüş meydanında özünü daha yaxşı hiss edir və böyük uğurlar qazanır, Rusiya isə ayda 35.000 əsgər itirir. Xarici müttəfiqlərinin bu həvəsləndirməsi və təqdiri Ukraynanı da döyüşləri davam etdirməyə təşviq edir. Qısası, həm Rusiyanın, həm də Ukraynanın özünə güvəni savaşın dayandırılması üçün zəmin yaratmır”, - deyə siyasi şərhçi diqqətə çatdırıb.
Heydər Oğuz hesab edir ki, belə bir şəraitdə Putin istəsə belə, müharibədən yayına bilməz:
“Çünki o nə qədər güzəştə getsə belə, Ukrayna və tərəfdaşları haqlı olaraq bununla razılaşmayacaq, rus ordusunun ələ keçirdiyi əraziləri tamamilə boşaltmasını tələb edəcəklər. Putin administrasiyasının bu tələbləri yerinə yetirmək şansı yoxdur. Əks halda, yüzminlərlə, hətta bəzi iddialara görə, 1 milyondan artıq canlı itkinin hesabatını verə bilməyəcək. Bir sözlə, Putinin strateji hesablama xətası səbəbindən çıxan faktlar onun özünü də, Rusiyanı da içindən çıxması mümkün olmayan tələyə salıb. Putin hakimiyyətdən uzaqlaşdırılmayana və ya Rusiya tam çökməyənə qədər bu savaş bitməyəcək. Əksinə, payız və qış aylarında savaş özünün ən ağır mərhələsinə qədəm qoyacaq. Fikrimcə, Ukraynanın Rusiyaya aid enerji mənbələrini hədəfə alması və bombalaması da qış müharibəsi hazırlığından, məşqindən başqa bir şey deyil. Soyuq Rusiya qışının bir çox sərkərdələr üçün ən çətin düşmən olduğunu xatırlasanız, nə demək istədiyimi anlarsınız. Təsadüfi deyil ki Napoleon, Hitler kimi sərkərdələri məğlub duruma düşürən Rusiya qışı bu xüsusiyyətinə görə də “General soyuq” adını alıb...”
“Fikrimcə, bu durumda Putinin qarşısında bir yol var: qarşıdan gələn seçkilərdə: parlament seçkilərində estafeti müxalifətə ötürmək və seçkilərdən sonra sağlamlığını bəhanə edib səssizliyə gömülmək. Rusiyanın gələcəyini tamamilə başqa hakimiyyətlər əvəz edərsə, bu ölkə girmiş olduğu Ukrayna savaşından daha az itki ilə ayrıla bilər. Putin və onun komandası bu riski gözə alacaqmı? Rusiyanın da, onun mövcud hakimiyyətinin taleyi də bu suala veriləcək cavabdan asılıdır”, -deyə Heydər Oğuz vurğulayıb.
Sultan Laçın