“İndi vəziyyət elədir ki, Naxçıvanda nazir olmaq üçün diplomdan çox, sanki “cəsarət sertifikatı” tələb olunur...”
“Bir tərəfdən deyirlər, vəzifələr boşdur. O biri tərəfdən isə adamlar boşluğu görəndə elə bil doluluqdan daha çox düşünür. Çünki bəzən boş kreslo rahatlıq yox, sual işarəsi kimi görünür...”
“Naxçıvanda nazirlik vakansiyası elan edilsə, təsəvvür edin, necə yazılar çıxar: “İşə qəbul olunur:...”
...Həzərat, deyirlər, bir vaxtlar vəzifə kürsüsü, kreslosu Naxçıvanda elə rahat, elə “yağlı” imiş ki, adam oturan kimi özünü “ölkənin ən sakit yeri”ndə, “bal-yağ içində, huri-mələklər arasında”, bir sözlə, cənnət-məkanda hiss edirmiş. Fəqət zaman dəyişdi- kürsü qaldı, amma altına “yaylım mexanizmi” qoşuldu – oturdunmu, sabahın nə olacağı bəlli deyil...
Son aylarda isə xəbər yayılıb ki, bə Naxçıvanda bir sıra yüksək vəzifələr – nazirliklər, komitələr, “mühüm postlar” boş qalıb. Adam eşidəndə istər-istəməz soruşur: bu boşluqdur, yoxsa “ehtiyat sahəsi”? Çünki orada boş yer görmək bir az da “toxunma, partlaya bilər” lövhəsi kimi, yəni müddətli mina qoyulmuş sahəsi kimi təsir bağışlayır...
Bir vaxtlar Ali Məclisin sədri dəyişdi, idarəetmədə ciddi silkələnmələr oldu, ardınca da müxtəlif araşdırmalar, vəzifədən çıxarmalar və iddialar gündəmə gəldi. İndi isə vəziyyət elədir ki, Naxçıvanda nazir olmaq üçün diplomdan çox, sanki “cəsarət sertifikatı” tələb olunur...
Adam düşünür:
— “CV” göndərim?
— Hansı ünvana?
— “Naxçıvan, risk şöbəsi, taleyə açıq vakansiya”?
“Getmək istəyən var, qayıtmaq zəmanəti yoxdur...”
El arasında belə bir deyim var: “Od olmayan yerdən tüstü çıxmaz.” Naxçıvanda isə bəzən deyirlər: “Tüstü var, amma ocaq hardadır, onu soruşan yoxdur.” Və ocağın özünü tapmaq üçün artıq “GPS” də bəzən aciz qalır... Yaxud bəzi yerlərdə tüstü o qədər çox olur ki, adam ocağın istiqamətini yox, küləyin tərəfini hesablamağa başlayır...
Və elə bu məqamda məşhur mahnının sözləri qulaqda səslənir:
“O Naxçıvandır,
Nəqşi-cahandır,
Azərbaycandır...”
Bəli, elə mahnı da deyir – bu yer adi yer deyil, “nəqşi-cahan”dır. Amma bəzi adamlar üçün “nəqşi-cahan” həm də “nə baş verəcəyini əvvəlcədən bilmədiyin cahan” kimi eşidilir...
Başqa bir atalar sözü də yerinə düşür:
“Ağac kökü üstə, insan sözü üstə sınar.”
Lakin bəzi adamlar artıq sözə yox, “sükuta” üstünlük verir – xüsusilə də vəzifə söhbəti düşəndə.
Bu arada qəttəzə Naxçıvan lətifələri də peyda olub (real deyil, “xalq yaradıcılığı ruhunda”):
Bir gün bir adam Naxçıvanda oturub dostuna zəng eləyir:
— Salam, qaaardaş... Sizdə nazir vakansiyası var bə?..
— Qaaardaş, var ee…
— Maaşı necədi?
— Maaşı var da, amma “sual vermək” yoxdu ha...
O biri də bir az susub deyir:
— Yaxşı… başa düşdüm…
Başqa bir lətifə:
Birisi soruşur:
— Qaaardaşş, salaməleykum. Bilmirsən, Naxçıvanda iş tapmaq asandı?
Cavab verirlər:
— İş tapmaq asandı ee… Əmbə işdə qalmaq artıq ayrı məsələdi, ona “strateji planlama” gərəkdi...
— O nə mənə zaddı bə?
— Yəni elə iş var ki, girirsən içəri, amma çıxmaq üçün əvvəlcə özünlə “razılaşma protokolu” bağlamalısan…
“Bu meydan, bu da şeytan...”
Köhnə ustad sözü var: “Bu meydan, bu da şeytan...”
Yəni meydan açıqdır, çağırış var, amma meydanın özü də adamın gözünə baxıb deyir: “Əminsən?”
Bir tərəfdən deyirlər, vəzifələr boşdur. O biri tərəfdən isə adamlar boşluğu görəndə elə bil doluluqdan daha çox düşünür. Çünki bəzən boş kreslo rahatlıq yox, sual işarəsi kimi görünür...
“Kim gedər ora?”
İndi əsas sual budur: kim risk edib Naxçıvana nazir vəzifəsinə getmək istəyər?
Biri deyir: “Mən gedərəm, amma əvvəl soruşum – geri dönüş bileti var?”
O biri deyir: “Mən gedərəm, amma vəzifə ilə birlikdə ‘səssizlik müqaviləsi’ də verilir?”
Üçüncüsü isə ümumiyyətlə, susur. Çünki bəzən ən düzgün “CV” – susmaq olur...
El arasında başqa bir söz də var: “Qorxan gözə çöp düşər.” Amma bu dəfə adamlar deyir: “Gözümüz sağlamdır, çöp də lazım deyil.”
Epiloq əvəzi:
Vakansiya elanının alt mətni:
Naxçıvanda nazirlik vakansiyası elan edilsə, təsəvvür edin, necə yazılar çıxar:
“İşə qəbul olunur:
— Səbrli;
— Riskə dözümlü;
— Sual verməyən;
— Lazım gəlsə, heç görünməyən...”
Və ən sonda kiçik qeyd:
“İş şəraiti stabildir… çox stabildir.”
Sonda isə köhnə bir məsəl yadıma düşür:
“Toy olan yerdə nağara çalan tapılar.”
Amma bəzi yerlərdə artıq nağara da ehtiyatla döyülür.
El arasında belə də deyirlər: “Hər gələn gedər, amma hər gedən qayıtmaz.”
Ona görə də Naxçıvan məsələsində sual təkcə “kim gedər?” deyil, həm də “niyə gedər?” olur.
Meydan doğrudan da meydandır. Amma bəzi meydanlar var ki, orada addım atmazdan əvvəl adam bir dəfə yox, üç dəfə düşünür...
Və beləcə sual havada qalır:
“Kim Naxçıvana nazir vəzifəsinə getmək istəyir?.. – Bu meydan, bu da şeytan…”
Sultan Laçın