“İnanırıq ki, nə baş verdiyini Prezident bizdən yaxşı bilir və Rusiya qarşısında təyyarənin vurulması ilə bağlı faktları Rusiya Prezidenti ilə görüşündə onun qarşısına qoyub və Azərbaycan tərəfindən Rusiyanın üzr istəməsini istəyib...”
Xəbər verildiyi kimi, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mediaya açıqlamasında bildirib ki, Moskva və Bakı 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı bütün məsələləri həll ediblər. "Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Amma başa düşdüyünüz kimi, bu məsələlər dəhşətli faciə yaşamış, düzəlməz itki vermiş konkret insanlara aiddir. Buna görə də, açığı, burada ətraflı danışmaq istəməzdim", - Qaluzin belə deyib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı marşrutu üzrə “J2-8243” reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Aviaqəza nəticəsində 38 nəfər həyatını itirib. İlkin istintaq materiallarına əsasən, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyaya məxsus “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Beynəlxalq yekun rəyə əsasən, təyyarənin texniki nasazlığı və ya daxildən partladılması ehtimalları tamamilə istisna edilib. Göyərtədə hər hansı bir partlayıcı maddə izi aşkarlanmayıb.
Təyyarə Qroznı səmasına qədər tam şəkildə uçuşa yararlı və saz vəziyyətdə olub. Rusiya tərəfi rəsmən etiraf edib ki, AZAL təyyarəsi Qroznı səmasında olarkən ölkənin hava hücumundan müdafiə sistemləri işə salınıb və vurulma əmri Rusiya Müdafiə Nazirliyi tərəfindən verilib. Faciədən bir il sonra isə Qroznı səmasında vurulması ilə bağlı qaldırılmış cinayət işinə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin imzasıyla xitam verilib və bu barədə Azərbaycan baş prokuroruna məktub göndərilib.
Beləliklə, Kreml tərəfindən nə faciənin törədilməsinə səbəb olmuş cinayətkar hərbçilər cəzalandırılıb, nə sərnişinlərə, nə də təyyarəyə görə kompenmsasiya ödənilib. Nə də Rusiya rəhbərliyi tərəfindən publik şəkildə Azərbaycan xalqından, dövlətindən üzr istənilib. Maraqlıdır ki, bəs, görəsən, Rusiya XİN rəsmisi nədən danışır, hansı məsələlər həll edilib iki ölkə arasında?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
“Rusiyanın təyyarənin vurulmasında əli olduğu inkar edilməz faktdır. Bununla belə, Rusiya tərəfinin özünü niyə belə aparmasının səbəbini də anlamalıyıq ki, Qaluzinin nə üçün bu məsələdən qaçdığını başa düşək. Aydındır ki, Rusiya indiki vəziyyətində Azərbaycanı itirmək istəməz və odur ki, təyyarə qəzasını şişirtmək istəmir...
Əlbəttə ki, Azərbaycanın yüksək rəhbəri var, o, bu cür çıxışlara çox ciddi yanaşır. İnanırıq ki, nə baş verdiyini o, bizdən yaxşı bilir və Rusiya qarşısında təyyarənin vurulması ilə bağlı faktları Rusiya Prezidenti ilə görüşündə onun qarşısına qoyub və Azərbaycan tərəfindən Rusiyanın üzr istəməsini istəyib. Hadisələrin axarından xəbərimiz var və biz inanırıq ki, əvvəl-axır Rusiya törətdiyi cinayətə görə Azərbaycan xalqından üzr istəyəcək, çünki Azərbaycan-Rusiya əməkdaşlığının taleyi bu məsələnin həllindən asılıdır...
O ki, qaldı Qaluzinə, o, icraçı məmurdur. Aldığı tapşırıqları yerinə yetirir. Bir də təyyarənin vurulması onun kompetensiyasında deyil, belə ki, verdiyi cavab heç nəyi əks etdirmir. Bir şeyi qeyd etməliyik, Rusiyaya Azərbaycanla ciddi əməkdaşlıq lazımdır və Rusiya tərəfi əlindən gələni edir ki, keçmişi yada salmasın. Rusiyanın ümidi Şimal-Cənub tranzitlərinin işləməsidir və bu tranzitin əsas hissəsi Azərbaycandan keçir...
Azərbaycan Prezidenti bunu bilir və istəyir ki, Rusiya ilə münasibətləri bu tranzitlərin işləməsi əsasında qursun və Rusiya tərəfinin Azərbaycana qarşı etdikləri üçün dövlətimizdən üzr istətsin. Belə də olacaq. Bu işdə Prezidentimizə uğurlar diləyirik...”