“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir:
“Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir.
Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”.
Seymur ƏLİYEV