“Qaluzin nə baş qatır?..- Azərbaycanın vurulmuş sərnişin təyyarəsi ilə bağlı Kreml hansı məsələlər həll edib ki?..”
1960
29 Jun 2026 | 18:38

“Qaluzin nə baş qatır?..- Azərbaycanın vurulmuş sərnişin təyyarəsi ilə bağlı Kreml hansı məsələlər həll edib ki?..”

“Təyyarəmizin vurulmasıyal bağlı cinayət işinə həyasızcasına xitam verilib, təyyarəyə və sərnişinlərə görə təzminat ödənməsi məsələsi barədə isə şifahi razılığa gəlinib... Rəsmi sənədlərdə bunun təsqiqi barədə heç nə yoxdur...”
 
Xəbər verildiyi kimi, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli mediaya açıqlamasında bildirib ki, Moskva və Bakı 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı bütün məsələləri həll ediblər. 
 
"Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Amma başa düşdüyünüz kimi, bu məsələlər dəhşətli faciə yaşamış, düzəlməz itki vermiş konkret insanlara aiddir. Buna görə də, açığı, burada ətraflı danışmaq istəməzdim", - Qaluzin belə deyib.
 
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı marşrutu üzrə “J2-8243” reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 kilometr aralıda qəzaya uğrayıb.
 
Təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Aviaqəza nəticəsində 38 nəfər həyatını itirib.
 
İlkin istintaq materiallarına əsasən, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyaya məxsus “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
 
Beynəlxalq yekun rəyə əsasən, təyyarənin texniki nasazlığı və ya daxildən partladılması ehtimalları tamamilə istisna edilib. Göyərtədə hər hansı bir partlayıcı maddə izi aşkarlanmayıb.Təyyarə Qroznı səmasına qədər tam şəkildə uçuşa yararlı və saz vəziyyətdə olub.Rusiyanın Etirafı və Siyasi tərəfiRusiya tərəfi rəsmən etiraf edib ki, AZAL təyyarəsi Qroznı səmasında olarkən ölkənin hava hücumundan müdafiə sistemləri işə salınıb və vurulma əmri Rusiya Müdafiə Nazirliyi tərəfindən verilib.
Faciədən bir il sonra isə Qroznı səmasında vurulması ilə bağlı qaldırılmış cinayət işinə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin imzasıyla  xitam verilib və bu barədə Azərbaycan baş prokuroruna məktub göndərilib.  Beləliklə, Kreml tərəfindən nə faciənin törədilməsinə səbəb olmuş cinayətkar hərbçilər cəzalandırılıb, nə sərnişinlərə, nə də təyyarəyə görə kompenmsasiya ödənilib. Nə də Rusiya rəhbərliyi tərəfindən publik şəkildə Azərbaycan xalqından, dövlətindən üzr istənilib.
 
Maraqlıdır ki, bəs görəsən Rusiya XİN rəsmisi nədən danışır, hansı məsələlər həll edilib iki ölkə arasında?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bunları söyləyib:
 
“Bilirsiz, məlumdur ki, ölkə prezidentləri arasındakı son görüşlərdə Azərbaycanın Rusiya səmasında vurulmuş sərnişin təyyarəsi barədə hansısa razılığa gəlinib. Lakin yekunda – faciədən bir il ötdükdən sonra həmin təyyarənin Qroznı səmasında vurulması ilə bağlı qaldırılmış cinayət işinə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin imzasıyla  xitam verilib. Hətta qəza zamanı həlak olmuş, zərər çəkmiş sərnişinlərə və onların ailələrinə heç bir kompensasiya da ödənməyib. Həmçinin məlum olduğu kimi, Azərbaycan Hava Yollarına (AZAL) məxsus, Qroznı səmasında qəzaya uğrayan  "Embraer E190" markalı sərnişin təyyarəsinin bazar dəyəri vəziyyətindən, istehsal ilindən və uçuş saatlarından asılı olaraq təxminən $15 milyon ilə $45 milyon ABŞ dolları arasında dəyişir. Buna görə də Azərbaycana heç bir təzminat ödənməyib... 
 
Beləliklə, cinayət işinə həyasızcasına xitam verilib, təyyarəyə və sərnişinlərə görə təzminat ödənməsi məsələsi barədə isə şifahi razılığa gəlinib. Buna isə yalnız baş qatmaq, baş tovlamaq demək olar. Rəsmi sənədlərdə bunun təsqiqi barədə heç nə yoxdur. Bütün bunların müqabilində Qaluzinin nə demək istədiyi aydın deyil. Rəhbəri Lavrov kimi onun üçün də gündə bir lüzumsuz bəyanat verərək həm öz xalqlarının, həm də digər dövlət və xalqlarının başını qatmaq adi bir haldır.  Odur ki, Moskvadan gündə bir bəyanat səslənməsinə rəğmən Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı zərrə qədər də tədbir görülməyib. Bu isə bütün beynəlxalq qanunların pozulmasıdır...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər