İsrailin qondarma “erməni soyqırımı”nı tanıması onun türk dünyası ilə münasibətinə mənfi təsir göstərəcək
1710
29 Jun 2026 | 17:20

İsrailin qondarma “erməni soyqırımı”nı tanıması onun türk dünyası ilə münasibətinə mənfi təsir göstərəcək

Xəbər verdiyimiz kimi, İsrail hökuməti qondarma “erməni soyqırımı”nın tanınmasına səs verib. Layihənin  səsvermə üçün Knessetin (parlament) plenar iclasının gündəliyinə çıxarılması gözlənilir.

İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı yekdilliklə tanıması və bu məsələni parlamentdə müzakirəyə çıxarmağa hazırlaşması yaxın gələcəkdə Yaxın Şərq regionunda siyasi-diplomatik müstəvidə vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir.

Heç şübhə yoxdur ki, bu qərar ilk növbədə onsuz da yaxşı olmayan İsrail-Türkiyə münasibətlərini daha da kəskinləşdirəcək, iki dövlət arasındakı etimadsızlığı bir qədər də gücləndirəcək. Bu, İsrail-Türkiyə münasibətlərində geri dönüşü olmayan proseslərə səbəb ola bilər ki, bu da hər şeydən öncə rəsmi Təl-Əvivin maraqlarına ziddir.

Bundan başqa, İsrailin qondarma “erməni soyqırımı”nı tanıması onun Azərbaycan da daxil olmaqla, bütün türk dünyası ilə münasibətinə də mənfi təsir göstərəcək. Bu isə İsrail üçün kifayət qədər böyük itki deməkdir. Xatırladaq ki, artıq Azərbaycan XİN-ni bununla bağlı rəsmi açıqlama verib. Açıqlamada deyilir:

“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq”.

Qondarma “erməni soyqırımı”nın İsrail parlamenti tərəfindən tanınması İsrailin digər türk dövlətləri ilə münasibətinə də yaxşı heç nə vəd etmir. Çünki qondarma “erməni soyqırımı” iddiası yalnız qardaş Türkiyə türklərinə deyil, dünya türklərinə atılan ortaq bir böhtandır. Odur ki, bu məkirli yalana, bu aşkar böhtana qarşı bütün türk dünyasının birgə mübarizəsi vacib və anlaşılandır.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər