Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
1789
29 Jun 2026 | 14:54

“İsrail xalqı daxili və beynəlxalq cinayətlərinə görə cəzalandırılmaqdan qorxan bir liderin girovuna çevrilib…”

"Siyasətçilər gəlib-gedirlər, hakimiyyətlər dəyişir. Ancaq xalqlar və dövlətlər qalır. Məhz buna görə də bizim borcumuz Türkiyə, Azərbaycan, İsrail və yəhudi xalqı arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin gələcəkdə də qorunub saxlanmasına çalışmaqdır..."
 
“Özü nəinki son 70 ildən çox müddətdə, bu gün bütün bəşəriyyətininn gözü qarşısında da Fələstin, Qəzza xalqına qarşı faktiki soyqırım əmri verən hökumət və onun baş naziri digər ölkəni – Türkiyəni bir əsr bundan öncəki qondarma “soyqırımı”nda ittiham etməyə çalışır…”
 
“İsrail daxilində də getdikcə daha çox insan hesab edir ki, davam edən müharibələr artıq yalnız dövlətin təhlükəsizlik siyasətinin deyil, həm də hakimiyyətin qorunması siyasətinin tərkib hissəsinə çevrilib…”
 
“Belə ehtimalların beynəlxalq siyasi müzakirələrin mərkəzinə çevrilməsi belə bir həqiqəti göstərir: Netanyahu artıq təkcə İsrail siyasətinə deyil, Vaşinqtonun Yaxın Şərq strategiyasına da mənfi təsir göstərə bilən lider kimi qiymətləndirilir…”
 
“Osmanlı dövləti müxtəlif dövrlərdə, xüsusilə Avropadan qovulan yəhudilərin bir hissəsinə sığınacaq verib, onlara müəyyən təhlükəsiz mühit yaradıb. Bu tarixi yaddaşın yəhudi icmaları tərəfindən uzun müddət xatırlandığı da tez-tez vurğulanır…”
 
“Müharibə şəraitində belə, Baş nazirin iqamətgahlarına dövlət büdcəsindən böyük vəsaitlər ayrılır, əlavə təhlükəsizlik və infrastruktur layihələri maliyyələşdirilir. Bu isə cəmiyyətdə “dövlət kimə xidmət edir?” sualını daha da aktuallaşdırır…”
 
-FİKİR SAVAŞI...-
 
...Tarixdə elə siyasətçilər olub ki, hakimiyyətə xalqa xidmət vasitəsi kimi baxıblar. Elələri də olub ki, xalq onların hakimiyyətdə qalması üçün vasitəyə çevrilib.
 
Zənnimcə, İsrailin hazırkı baş naziri Benyamin Netanyahu ikinci kateqoriyaya aid çağdaş siyasətçilərə ən bariz nümunələrdəndir…
 
Son illərdə Yaxın Şərqdə baş verən hadisələrə diqqətlə baxanda istər-istəməz belə bir sual yaranır: görəsən, bu qədər qan, dağıntı və regional qarşıdurma doğrudanmı yalnız İsrailin, yaxud digər dövlətlərin təhlükəsizliyi zərurətindən qaynaqlanır, yoxsa burada bir siyasətçinin şəxsi siyasi taleyi də həlledici rol oynayır?..
 
Netanyahu illərdir daxildə korrupsiya ittihamları ilə üz-üzədir. Qəzza müharibəsindən sonra isə beynəlxalq hüquq müstəvisində İsrail rəhbərliyinə yönələn təzyiqlər də görünməmiş səviyyəyə çatıb. 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi  baş nazir Benyamin Netanyahu, həmçinin sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib. Belə bir şəraitdə hakimiyyətdən getmək Netanyahu üçün sadəcə siyasi məğlubiyyət deyil. Bu, hüquqi məsuliyyət riskinin də artması, daxildə və xaricdə artıq keçmiş İsrail liderinə qarşı məhkəmə proseslərinin başlanması və böyük ehtimalla ya İsraildə, ya da xaricdə ömürlük zindan guşələrinə atılmaq deməkdir…
 
Məhz buna görə İsrail daxilində də getdikcə daha çox insan hesab edir ki, davam edən müharibələr artıq yalnız dövlətin təhlükəsizlik siyasətinin deyil, həm də hakimiyyətin qorunması siyasətinin tərkib hissəsinə çevrilib…
 
Qeyd etmək lazımdır ki, İsrailin daxili siyasi mənzərəsində son illərdə güclənən ifrat sağçı və millətçi, bir çox beynəlxalq media və insan hüquqları təşkilatları tərəfindən ifrat sağçı, ultramillətçi, bəzi hallarda isə irqçi və neofaşist baxışlara malik siyasətçilər kimi xarakterizə olunan qüvvələr – xüsusilə də ölkənin maliyyə naziri Bezalel Smotriç və  milli təhlükəsizlik naziri İtamar Ben-Qvir kimi fiqurlar – hökumətin ümumi xəttinə ciddi təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Bir çox beynəlxalq analitiklər onların xüsusən Fələstin, Qəzza məsələsində sərt təhlükəsizlik, ekspansionist və etnik əsaslı siyasi ritorikasının Netanyahu hökumətini daha radikal qərarlara sürüklədiyini iddia edirlər. Bu baxımdan, hazırkı siyasət yalnız bir şəxsin deyil, koalisiya daxilindəki ideoloji güclərin də məhsulu kimi görünür…
 
Qəzza müharibəsinin başlanmasına səbəb olan 7 oktyabr 2023-cü il hücumunun məsuliyyəti onun hələlik gizli qalan sifarişçilərinin və icraçılarının üzərindədir. Ancaq bundan sonrakı proseslərin hansı istiqamətə aparılması artıq əsasən İsrail siyasi rəhbərliyin qərarlarından asılı olub… Və təhlillər göstərir ki, həm Qəzza savaşın uzanmasında və hədsiz insan qətliamları müşayiət olunmasında, həm də İrana qarşı ABŞ-la birgə hücumun başlanmasında və bu günədək davam etməsində Netanyahunun hakimiyyət ehtirasları və postunu itirəcəyi halda cəzalanmaq qorxusu böyük rol oynayıb…
 
Bu gün Qəzza zolağında baş verən hadisələr bir sıra dövlətlər, beynəlxalq təşkilatlar və hüquq müdafiə qurumları tərəfindən soyqırımı və ya soyqırımı əlamətləri daşıyan əməllər kimi qiymətləndirilir. Məhz buna görə BMT platformasında da bu məsələ ilə bağlı geniş müzakirələr aparılır. Bu kontekstdə Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı qaldırılmış iş üzrə qəbul etdiyi müvəqqəti tədbirlər barədə qərarlarda soyqırımı iddialarının hüquqi baxımdan araşdırılmağa layiq və "plausible" (mümkün və əsaslı ehtimal) hesab edilməsi beynəlxalq hüquqi müzakirələri daha da gücləndirib.
 
Bütün bunlar maraqlı bir paradoks yaradır. Uzun illər Türkiyəni 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" iddiaları üzərindən ittiham etməyə çalışan İsrail bu gün özü beynəlxalq hüquq müstəvisində oxşar ittihamlarla üz-üzə qalıb. Bu ziddiyyət istər siyasi, istərsə də akademik dairələrdə getdikcə daha geniş müzakirə olunur.
 
Başqa sözlə, özü nəinki son 70 ildən çox müddətdə, bu gün bütün bəşəriyyətininn gözü qarşısında da Fələstin, Qəzza xalqına qarşı faktiki soyqırım əmri verən hökumət və onun baş naziri digər ölkəni – Türkiyəni bir əsr bundan öncəki qondarma “soyqırımı”nda ittiham etməyə çalışır…
 
Eyni yanaşmanı Netanyahu hökumətinin İran siyasətinə münasibətdə də müşahidə etmək mümkündür.
 
Bu münaqişənin kökləri onilliklərə söykənir. Lakin son eskalasiyanın miqyası və regionun böyük müharibə həddinə çatdırılması barədə ciddi müzakirələr var. Dünyanın müxtəlif analitik mərkəzlərində belə bir fikir səslənir ki, Netanyahu hökuməti hərbi eskalasiyanı diplomatiyadan üstün tutan xətt yürüdərək böhranı daha da dərinləşdirib…
 
Diqqətçəkən başqa bir məqam ABŞ faktorudur.
 
Donald Tramp administrasiyası dövründə Netanyahu ilə Ağ ev arasında son dərəcə yaxın münasibətlər formalaşmışdı. Bu gün də müxtəlif beynəlxalq analitiklər Trampın İrana qarşı sərt xətt seçməsində və hərbi addımlara razılıq verməsində Netanyahunun güclü siyasi təsir göstərmiş ola biləcəyini müzakirə edirlər. Bu barədə fərqli baxışlar mövcuddur və yekun qərarın ABŞ prezidenti tərəfindən verildiyi də danılmazdır. Lakin belə ehtimalların beynəlxalq siyasi müzakirələrin mərkəzinə çevrilməsi belə bir həqiqəti göstərir: Netanyahu artıq təkcə İsrail siyasətinə deyil, Vaşinqtonun Yaxın Şərq strategiyasına da mənfi təsir göstərə bilən lider kimi qiymətləndirilir…
 
Əgər bir siyasətçinin şəxsi siyasi maraqları dünyanın ən güclü dövlətinin qərarlarına qədər təsir edə bilirsə, bu, artıq təkcə İsrailin deyil, bütün regionun problemidir. Bu mənada yazını oxuyaraq müəllifə qarşı “bizim nəyimizə lazım İsrail də kim liderdir, necə lıderdir- İsrail xalqı özü bilər” fikrini səsləndirənlərin mülahizəsi əsassızdır…
 
Netanyahunun öz şəxsi maraq və karyerası baxımından yanlış yanaşdığı başqa bir istiqamət isə Türkiyə ilə münasibətlərdir...
 
Tarixi kontekstdə qeyd etmək gərəkdir ki, Osmanlı dövləti müxtəlif dövrlərdə, xüsusilə Avropadan qovulan yəhudilərin bir hissəsinə sığınacaq verib, onlara müəyyən təhlükəsiz mühit yaradıb. Bu tarixi yaddaşın yəhudi icmaları tərəfindən uzun müddət xatırlandığı da tez-tez vurğulanır. Bu, Yaxın Şərq və Avropa tarixində mürəkkəb, lakin mühüm bir humanitar səhifə kimi qiymətləndirilir. Netanyahunun Türkiyəyə qarşı indiki davranışları isə yalnız nankorluq kimi dəyərləndirilməlidir…
 
İsrail uzun illər 1915-ci il hadisələrinin hüquqi və siyasi qiymətləndirilməsi məsələsində ehtiyatlı mövqe tutmuşdu. Lakin Türkiyə ilə münasibətlərin kəskin pisləşməsi fonunda İsrail daxilində bəzi siyasi çevrələrin bu mövzuda daha sərt ritorikaya yönəldiyi müşahidə olunur. Son dövrlərdə bu istiqamətdə verilən bəzi siyasi bəyanatlar Ankara tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Bu addımların İsrail tərəfindən mənəvi və ya siyasi motivlərlə əsaslandırılması, Türkiyə tərəfi isə bunu geo-siyasi təzyiq elementi kimi dəyərləndirir.
 
Hesab edirik ki, burada ən təhlükəli məqam tarixin geo-siyasi təzyiq alətinə çevrilməsidir.
 
Tarix siyasi intiqam vasitəsi olmamalıdır…
 
Əgər tarixi faciələr dövlətlərarası münasibətlərdə rəqibi cəzalandırmaq üçün istifadə edilirsə, onda bu, artıq tarixə hörmət deyil, siyasi manipulyasiyadır…
 
Türkiyə Yaxın Şərqin ən mühüm güclərindən biridir. Onunla münasibətləri tarixi mübahisələr üzərindən daha da gərginləşdirmək nə İsrailin təhlükəsizliyinə xidmət edir, nə də regionda sabitlik yaradır. Əksinə, Yaxın Şərqdə yeni siyasi cəbhələr açılmasına gətirib çıxarır…
 
Bu gün məhz Netanyahunun uzun illər apardığı yanlış, eqoist maraqlarla müşayiət olunan xarici siyasətə görə İsrailin özü də ağır bədəl ödəyir…
 
Qəzzaya, Livana qarşı əməliyyatlar və xüsusən də İranla müharibədən sonra İsraildə yüz minlərlə insan aylardır raket həyəcanı ilə yaşayır…
 
İqtisadiyyat böyük yük altındadır…
 
Beynəlxalq nüfuz ciddi zədələnib…
 
İsrail cəmiyyətində parçalanma dərinləşir…
 
Girov ailələri hökuməti açıq şəkildə tənqid edir.
 
İsrail mətbuatının son araşdırmaları isə göstərir ki, müharibə şəraitində belə, Baş nazirin iqamətgahlarına dövlət büdcəsindən böyük vəsaitlər ayrılır, əlavə təhlükəsizlik və infrastruktur layihələri maliyyələşdirilir. Bu isə cəmiyyətdə “dövlət kimə xidmət edir?” sualını daha da aktuallaşdırır…
 
Artıq əsas sual dəyişib.
 
“Qəzzada girovlar kimlərdir?” sualı qədər vacib başqa bir sual var:
 
Netanyahunun girovları kimlərdir?..
 
Bizim cavab sadədir:
 
Bu gün girov götürülən təkcə Qəzza deyil. İsrail xalqının özü də uzunmüddətli siyasi və təhlükəsizlik böhranının girovuna çevrilmək təhlükəsi ilə üz-üzədir. Həmçinin mövcud hakimiyyətin yanlış, məkrli və qərəzli daxili və xarici siyasəti bütün parametrlərdə İsrailin öz təhlükəsizliyini də risk altında qoyur…
 
Heç bir siyasətçi bir dövlətdən böyük deyil…
 
Heç bir xalq bir liderin şəxsi siyasi və hüquqi taleyinin yükünü daşımağa məhkum olmamalıdır.
 
Əgər dövlət institutları bir şəxsin hakimiyyətdə qalmasını təmin etmək üçün işləməyə başlayırsa, demokratiya öz mahiyyətini itirir…
 
Tarix dəfələrlə sübut edib ki, xalqları yalnız xarici düşmənlər məhv etmir.
 
Bəzən onları öz liderlərinin hakimiyyət ehtirası daha ağır sınağa çəkir.
 
İsrailin bugünkü faciəsi də zənnimizcə, məhz budur…
 
Sonda bir məqamı xüsusilə vurğulamaq istərdim. Bu gün nə Türkiyə, nə də Azərbaycan xalqlarının İsrail xalqı və ya yəhudi milləti ilə hər hansı problemi yoxdur. Əksinə, tarix boyu bu xalqlar dinc yanaşı yaşayıb, qarşılıqlı etimad və hörmət mühiti formalaşdırıb, hətta ailə bağları qurublar. Odur ki, söhbət xalqlar arasında qarşıdurmadan deyil, mövcud İsrail hakimiyyətinin, xüsusilə Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi kursun yaratdığı problemlərdən gedir. Siyasətçilər gəlib-gedirlər, hakimiyyətlər dəyişir. Ancaq xalqlar və dövlətlər qalır. Məhz buna görə də bizim borcumuz Türkiyə, Azərbaycan, İsrail və yəhudi xalqı arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin gələcəkdə də qorunub saxlanmasına çalışmaqdır.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər