“Türkiyəyə qarşı erməni kartından istifadə edilərkən Azərbaycanın narahat edilməyəcəyini düşünmək düzgün olmaz...”
“Əslində, maraqlar üzərində qurulan heç bir ittifaq əbədi olmur. Azərbaycanla Türkiyənin ittifaqı isə sırf maraq ittifaqından daha fərqli xarakter daşıyır...”
“Osmanlı dövləti tarix boyu, xüsusilə də Avropada təqiblərə və poqromlara məruz qalmış yəhudilərə qucaq açıb...”
““Böyük İsrail” layihəsi təkcə Türkiyənin deyil, Azərbaycanın və ümumilikdə bütün Yaxın Şərqin maraqlarına ziddir...”
“Azərbaycanın ciddi diplomatik səyləri bu məsələnin həllində müəyyən rol oynaya bilər. Əgər bu cəhdlər nəticə verməzsə, o zaman Azərbaycan İsraillə münasibətlərində müəyyən siyasi məsafə saxlamağı nəzərdən keçirməlidir...”
“İsrail və Azərbaycan müttəfiq dövlətlərdir, çünki onların müəyyən qarşılıqlı maraqları var. Bu ittifaq məhz qarşılıqlı maraqlar üzərində qurulduğundan hər iki tərəf üçün faydalıdır. Lakin bu ittifaq əbədi deyil. Əslində, maraqlar üzərində qurulan heç bir ittifaq əbədi olmur. Azərbaycanla Türkiyənin ittifaqı isə sırf maraq ittifaqından daha fərqli xarakter daşıyır. Çünki hər iki ölkənin xalqları arasında həm tarixi-mədəni, həm də etno-linqvistik yaxınlıq mövcuddur. Buna görə də Türkiyə ilə İsrail arasında yaranan ixtilaf Azərbaycana da ciddi təsir göstərir və belə şəraitdə siyasi seçim etmək xeyli çətinləşir.”
Bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ-da yaşayıb fəaliyyət göstərən həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ifadə edib.
“Osmanlı dövləti tarix boyu, xüsusilə də Avropada təqiblərə və poqromlara məruz qalmış yəhudilərə qucaq açıb. Onlara Osmanlı torpaqlarının müxtəlif bölgələrində məskunlaşmağa icazə verilib. Yeganə istisna Fələstin torpaqları idi. Türklərin yəhudilərə göstərdiyi bu tarixi dəstəyi onların böyük əksəriyyəti heç vaxt unutmadı. Lakin bu gün Netanyahu hökumətinin davranışı həm ədalətsiz, həm də nankor təsir bağışlayır. Bunun əsas səbəbi isə Türkiyənin “Böyük İsrail” layihəsinə qarşı çıxmasıdır. Bu layihə təkcə Türkiyənin deyil, Azərbaycanın və ümumilikdə bütün Yaxın Şərqin maraqlarına ziddir. Çünki “Böyük İsrail” ideyası region dövlətlərinin əraziləri hesabına genişlənməyi və onları öz təsir dairəsində saxlamağı nəzərdə tutur. Hər şeyi bir kənara qoysaq belə, özünə hörmət edən heç bir xalq bunu qəbul edə bilməz”, - deyə davamında konfliktoloq diqqətə çatdırıb.
Siyasi təhlilçi hesab edir ki, əgər İsrailin hazırkı hökuməti Türkiyəyə siyasi zərbə vurmaq məqsədilə qondarma “erməni soyqırımı” məsələsindən istifadə etmək istəyirsə, Azərbaycanın buna münasibəti mənfi olmalıdır:
“Azərbaycan heç bir zaman İsrailin təsiri ilə hərəkət etməməlidir. Bundan başqa, erməni məsələsi Azərbaycanla Türkiyənin ortaq məsələsidir. Türkiyəyə qarşı erməni kartından istifadə edilərkən Azərbaycanın narahat edilməyəcəyini düşünmək düzgün olmaz...”
“Qaldı ki, hələ də tarixi və hüquqi baxımdan tam obyektiv qiymətini almamış bir məsələnin siyasi alətə çevrilməsi doğru deyil. Azərbaycan dövləti bu məsələ ilə bağlı narahatlığını vaxt itirmədən İsrail tərəfinə çatdırmalı və İsrail hökumətini bu niyyətindən çəkindirməyə çalışmalıdır. Bu mənada Azərbaycan XİN-in İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırışı təqdirəlayiqdir. Lakin hesab edirəm ki, bu istiqamətdə gərəkli addımlar davam etdirilməlidir. Zənnimcə, Azərbaycanın ciddi diplomatik səyləri bu məsələnin həllində müəyyən rol oynaya bilər. Əgər bu cəhdlər nəticə verməzsə, o zaman Azərbaycan İsraillə münasibətlərində müəyyən siyasi məsafə saxlamağı nəzərdən keçirməlidir”, - deyə Əli Əskərli vurğulayıb.
Sultan Laçın