Xalq artistindən TƏNQİD: “Mədəniyyət sahəsində çalışan nazir də, müavini də hüquqşünasdır”-ÖZƏL
Ekskluziv
8907
29 Jun 2026 | 10:25

Xalq artistindən TƏNQİD: “Mədəniyyət sahəsində çalışan nazir də, müavini də hüquqşünasdır”-ÖZƏL

“Bu gün deməzdim ki, vətənpərvərlik mahnıları azdır. Hamı yazır, mən də yazıram. Amma televiziyalar və informasiya məkanları yəqin ki, cəmiyyətin istədiyi mədəniyyəti nümayiş etdirirlər. Əfsuslar olsun ki, tərbiyələndirici mədəniyyəti göstərmirlər. Bu sahədə təbliğat zəifdir”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Siyavuş Kərimi deyib.
 
O daha sonra bildirib ki, mədəniyyət sahəsində çalışan insanlar öz ixtisaslarına uyğun olmalıdırlar:
 
“Televiziyalarda qeyri-peşəkarlar işləyir. Onlar işləri korlayırlar. Musiqi redaksiyası olmalıdır. Bu gün mədəniyyət siyasəti yoxdur. Bu saat Mədəniyyət Naziri, onun müavini hüquqşünasdır. Mədəniyyətdən söhbət gedir. Orada mədəniyyətə aidiyyatı olmayanlar var. Bu saat dərzini götürüb hansısa nazir qoya bilərlər. Bu problem deyil. Çörəyi çörəkçiyə vermək lazımdır”.
 
Xatırladaq ki, 2 il öncə Siyavuş Kərimi Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib, Kamilə Hüseyn qızı Dadaş-zadə bu vəzifəyə gətirilib.
 
Qeyd edək ki, Siyavuş Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S. Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir. Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər