Xalqın sevgisi ilə taclanan 80 il: Anşlaqla keçən görüş 
Ədəbiyyat
306
11:46, Bu gün

Xalqın sevgisi ilə taclanan 80 il: Anşlaqla keçən görüş 

Şair ,yazar, dramaturq, publisist Seyran Səxavətin 80 illik yubileyi Azərbaycan Dövlət Filarmoniyasında keçirildi. Uzun zamandır bu qədər böyük bir insan axınına, bu qədər səmimi sevgiyə şahid olmamışdım. Zal dolmuşdu, hətta  insanlar yer tapmadığı üçün bəziləri ayaqüstə dayanmalı, bir çoxu da geri qayıtmalı oldu. Bu “Görüş” doğrudan da möhtəşəm keçdi, tam bir anşlaq, yüksək əhval-ruhiyyə, səmimi bir birlik hissi vardı. Şeirə, sənətə dəyər verən insanlar Seyran Səxavətin 80-ci baharını birlikdə qeyd etmək üçün toplaşmışdı. Gül çələnglərinin arasında Seyran müəllimi görmək belə çətin idi.  O an düşündüm ki, Seyran Səxavət təkcə yaxınları, doğmaları üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün dəyərli bir insandır. Çünki bu xalq sözə, sənətə qiymət verməyi, öz sənətkarını uca tutmağı bacaran bir xalqdır. Hər kəsə nəsib olmur sözə can vermək, ona ruh qatmaq, fikrini incə, bəzən də örtülü şəkildə ifadə etmək. Bu, xüsusi bir istedaddır. Seyran Səxavət də sanki Tanrının seçdiyi insanlardandır, sözləri inci kimi düzüb, insanların qəlbinə yol tapa bilən nadir sənətkarlardandır.
 
Onun poeziyası sadəcə ədəbiyyat deyil, eyni zamanda bir dəyər, bir ümid məktəbidir. Bu 80 il də sadəcə zaman deyil, sözlə, ilhamla yazılmış böyük bir həyat dastanıdır. Onun yaratdığı hər əsər insanlara qalan bir iz, bir yaddaşdır.
 
Qeyd edim ki, tədbirin musiqi proqramı da görüşə xüsusi rəng qatdı. Seyran Səxavətin şeirlərinə bəstələnmiş bir-birindən gözəl mahnılar səsləndirildi, Qarabağ mövzusunda ifalar isə zalda duyğulu anlar yaşatdı və hər kəsin qəlbini riqqətə gətirdi. Bu nəğmələr gecənin mənəvi ovqatını daha da yüksəltdi, sözlə musiqinin vəhdəti möhtəşəm bir ab-hava yaratdı.
          
Seyran Səxavət təkcə şair deyil, həm də yazıçı, dramaturq, publisist və tərcüməçi kimi çoxşaxəli yaradıcılığa malik sənətkardır. Onun zəngin kitabları, dərin məzmunlu roman və novellaları ədəbiyyatımızın dəyərli nümunələri sırasında xüsusi yer tutur. Yaradıcılığı ilə insan ruhunun incə qatlarına toxunan sənətkar, sözün gücünü ən yüksək səviyyədə ifadə etməyi bacaran nadir qələm sahiblərindəndir. Onun əsərləri bu gün də oxuculara düşünmək, hiss etmək və dəyərləri yaşatmaq baxımından böyük təsir göstərir.
 
Əziz və hörmətli şair, yazar, dramaturq və publisist Seyran Səxavəti  "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İB üzvləri adından Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı , yeni-yeni uğurlar diləyirik.
 
105 illik tarixi,75 mindən çox üzvü olan "AQRC" İ.B.sədri 
Bahar Qasımova
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər