Dövlət Filarmoniyasında... sevgi etirafları
Ədəbiyyat
211
13:54, Bu gün

Dövlət Filarmoniyasında... sevgi etirafları

Seyran Səxavət gecəsindən atüstü reportaj
 
Amerikalı yazıçı, Nobel mükafatı laureatı Sinkler Luis maraqlı bir fikir deyib. O fikir belədir: "Adamlar yazıçı ilə görüşə ona görə can atırlar ki, elə bilirlər, onu görmək əsərlərini oxumaqdan maraqlı olacaq".
 
Yazıçılar da fərqlidir axı:
 
- yazdıqları da, özü də maraqsız olanlar var;
 
- yazdıqları özü qədər maraqlı olanlar var;
 
- Özü yazdıqlarından maraqlı olanlar var.
 
Seyran Səxavətlə hər görüşə gələn oxuculada, məncə, iki cür təəssürat yaranır: Bir qismi düşünür: "Bu yazıçı öz yazdıqları qədər maraqlıdır". Başqa bir qism isə daha "irəli gedir": "Bu yazıçı hətta öz yazdıqlarından da maraqlıdır".
 
"Maraqsızdır" deyən yoxdur.
 
Yazıçının qələbəsi, bax, budur. Hətta öz yazdıqlarından da daha çox şey ifadə etmək.
 
Yəni öz şəxsiyyət profilini də yüksək sənət səviyyəsinə qaldırmaq hər yaradıcı adama nəsib olmur.
 
Dünən axşam Dövlət Filarmoniyasının salonunda da özü sənəti qədər maraqlı olan xeyli yaradıcı adam var. Adlarını bir-bir çəkəsi olsaq, uzun siyahı alınar. Amma Seyran Səxavətin adını çəkmək həm yerinə düşər, həm də bəs edər. Həm günün sahibi 80 illik yubilyar olaraq haqqı var, həm də bütün talantlı və maraqlı şəxsiyyətlər pleyadasını təmsil edir.
 
Belə yazıçıların oxucularla hər görüşünün özü bir bədii əsərdir. Dünən axşamdan başlayıb gecədə bitən uzun vaxtda Seyran Səxavət özünün qonaqları ilə birlikdə Filarmoniyanın salonunda, səhnədə yeni bir bir əsər yazdı. Əsərə bir ad seçəsi olsaq, bircə sözlə ifadə edərdik: "Etiraf".
 
Seyran Səxavətin oxucularına, onların simasında millətinə sevgi etirafı, oxucuların simasında millətinin də Seyran Səxavətə sevgi etirafı. Dünən gecə Filarmoniyada - yazıçı ilə sevənləri arasında fəzada "eşq elanları" göydə uçuşurdu.
 
Əslində Seyran Səxavətin ötkəmliyi də, dəlisovluğu, bəzən acıdilliyi də var; ətirli güllərin tikanları da olur. Ancaq onun bir insan və bir yazıçı kimi ən başlıca özəlliyi oxucuları ilə dostlaşa bilməsidir. Bütün oxucuları ilə şəxsən tanış olma imkanı fiziki baxımdan yoxdur. Bu, təbiidir. Amma bütün oxucularını öz dostu bilir və eyni qarşılığı görür.
 
Özü deyir, mən həmişə dost sarıdan çox varlı adam olmuşam. Dediyim kimi, hər oxucunun da o dostlar siyahısında öz yeri, öz hücrəsi var. Bu baxımdan Seyran Səxavət dünyanın ən zəngini olmasa da, özünə görə zənginlərdəndir.
 
Zənginlik demişkən, bilirsiniz, bu dünya qəribə dünyadır; nə acların qarnını doyura bilir, nə toxların gözünü. Ona görə də dünya aclarla acgözlərin döyüş meydanına çevrilib. Maddiyyatdan yoxsul olanlarla mənəviyyatdan yoxsun qalanların davası gedir.
 
Seyran Səxavət postmüharibə uşağıdır; qıtlıq dövründə - İkinci Dünya Müharibəsi bitəndən 7 ay 23 gün sonra dünyaya gəlib. Seyran Səxavət aclıq illərində tox böyümüş kənd uşağıdır.
 
Deyəcəksiniz, bu, necə ola bilər?
 
Deyim də...
 
Vallah, kənd elə yerdir ki, insan orda cəmiyyətdən çox təbiətlə ünsiyyətdə olur. Kənddə sən çətinə düşəndə cəmiyyət harayına gəlməsə də, təbiət ətsəni ac-yalavac buraxmaz. İllah da torpaq. O dəhşətli dünya müharibəsinin epiloqunda - ötən əsrin 40-cı, 50-ci illərində Qarabağı torpağı, meşəsi, çayı, bulağı, nə bilim, çölü-çəməni bir deyil, milyon Seyranı doyuracaq bərəkət, nemət var idi. Yenə də var. Ümumiyyətlə, Azərbaycan kimi varlı bir ölkədə insanların kasıb yaşaması mənə məntiqsiz gəlir.
 
Seyran Səxavət adlı toxum da bu torpaqda "cücərib", boy vermişdi, "Qarabağ" adlanan bərəkətdən hərəkətlənib, gəlib, 80 yaşa çatmalıydı. O cür havanı ud, o cür təbiətdə gəz, o cür sulardan iç və Seyran Səxavət olma - bu, mümkündür?!
 
Bax, bu gün biz qarşımızda qaməti şax, özü şux, gözü-könlü tox Seyran Səxavət görürük. 80 ili geridə buraxmış və növbəti 80 ilə doğru addım atan bir yazıçı var.
 
Bu münasibətlə təbrik etmək olar. Əsərlərinə, dostlarına, oxucularına, ailəsinə, övladlarına, nəvə-nəticələrinə görə təbrik etmək olar. Ən əsası ona görə təbrik etmək olar ki, Seyran Səxavət bu 80 ilin hardasa son 79 ilini dünyanın ən gözəl dillərindən biri olan Azərbaycan türkcəsində düşünür, danışır, oxuyur, yazır.
 
Seyran Səxavət Azərbaycan türkcəsinin şərəfinə ucalmış (ucaldılmış yox, özü ucalmış!) canlı abidədir. Ayaqüstə gəzən bu 80 illik abidəni dünən axşam növbəti dəfə ziyarət elədik və zövq aldıq.
 
Mən Sinkler Luisin fikrinə bir daha qayıdıram və oxuculara səslənirəm: əsərlərini oxumadığınız yazıçının nə qədər maraqlı və ya maraqsız olduğunu tam bilə bilməzsiniz. Ona görə də dayanmadan oxuyun. Dəyər verdiyiniz yazıçını oxuyun. Oxumadığınız yazıçıya qiymət verə bilməzsiniz. Unutmayaq: həyat məktəbdir və biz aldığımız və verdiyimiz qiymətlərdə yaşayırıq. Çünki əvvəl də dediyim kimi, biz təkcə dərsdən qiymət almırıq, həm də qiymətdən dərs alırıq.
 
Ədəbiyyat məktəbinin və Həyat universitetinin əlaçısı Seyran Səxavətə isə yeni dərslər və yenə yüksək qiymətlər arzulayram.
 
P.S. Mən İctimai Televiziyanın aparıcısı Saleh Bağırovu da təbrik edirəm. Dünənki gecəni o idarə etdi. Həm də sözün bütün mənalarında. Seyran Səxavətin özü kimi sevənləri də "ipə-sapa yatmayan" tipajlardır. Ona görə məclis elə başlayan kimi əvvəldən düşünülmüş ssenaridən çıxdı; yumorla qəhər, xatirələrlə xəyallar, fikirlərlə dualar bir-biri ilə "qaynayıb qarışdı". Bir də musiqi vardı, ürək sözləri vardı... Çox şey vardı. Bu cür dəli-dolu məclisi toplamaq, ana xətdən yayınan momentləri toparlamaq asan deyildi. Amma aparıcı bu çətin işi yüksək ustalıqla bacardı. Elə aparıcılar var, heç hara getdiyini, niyə getdiyini bilmir, o, bizi hara aparacaq ki?! Amma Saleh Bağırov məclisi bildiyi kimi apardı və sonda da gətirib çox maraqlı və anlamlı finala bağladı.
 
Məclisin musiqi fonu, səs sənətçilərinin bənzərsiz ifası, inanılmaz gözəl instrumental müşaiyət çox möhtəşəmdi.
 
Bir sözlə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasındakı dünənki gecə ora toplaşan hər kəsin nəinki yaddaşına, ürəyinə, bütövlükdə ömrünə hopdu. Hər halda mənim təəssüratım belədir.

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər