Seyran Səxavət 90-cı illərdə “Bərəkət
Ədəbiyyat
399
11:52, Bu gün

Seyran Səxavət 90-cı illərdə “Bərəkət" qəzetində nələr yazıb...

Bu il Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, nasir və şair Seyran Səxavətin anadan olmasının 80 illiyi tamam olur. Onun yubileyi münasibətilə ölkənin ədəbi-mədəni mühitində yazıçının yaradıcılığına bir daha nəzər salınır, ədəbiyyatsevərlər və oxucular üçün onun zəngin ədəbi irsi yenidən xatırlanır. Seyran Səxavət uzun illər ərzində Azərbaycan ədəbiyyatına həm nəsr, həm də poeziya sahəsində dəyərli töhfələr verib, əsərləri ilə oxucuların rəğbətini qazanıb və özünəməxsus üslubu ilə seçilən qələm sahiblərindən biri kimi tanınıb.
 
Yazıçının yaradıcılığı müxtəlif illərdə ölkənin bir çox qəzet və jurnallarında işıq üzü görüb. Onun qələmə aldığı hekayələr, publisistik yazılar, esselər və ədəbi düşüncələr geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Xüsusilə 1990-cı illərdə yazıçının bir sıra yazıları dövrün ictimai-ədəbi mühitini əks etdirən mətnlər kimi diqqət çəkib. Həmin illərdə qələmə aldığı bəzi yazılar Bərəkət qəzetinin səhifələrində də dərc olunaraq oxuculara təqdim edilib və böyük maraq doğurub.
 
Seyran Səxavətin yaradıcılığında həyatın müxtəlif tərəfləri, insan taleləri, cəmiyyətin mənəvi problemləri və milli düşüncə tərzi öz əksini tapır. Onun əsərlərində səmimilik, realist yanaşma və bədii ifadə gücü xüsusi yer tutur. Bu xüsusiyyətlər yazıçının əsərlərini illər keçsə də aktuallığını qoruyan ədəbi nümunələrə çevirib.
 
Yazıçının 80 illik yubileyi münasibətilə biz də oxucularımızı onun yaradıcılığından seçilmiş nümunələrlə tanış etməyi qərara aldıq. Bu məqsədlə 1990-cı illərdə qələmə alınmış və vaxtilə "Bərəkət" qəzetində dərc olunmuş yazılarından birini yenidən oxucularımızın diqqətinə təqdim edirik. Ümid edirik ki, bu yazı həm Seyran Səxavətin yaradıcılığına maraq göstərən oxucular üçün maraqlı olacaq, həm də gənc nəslin görkəmli ədibin düşüncə dünyası ilə daha yaxından tanış olmasına imkan yaradacaq.
 
***
 
KASIB   № 1
 
Respublika Kasıblar Cəmiyyətinin Pənahı
 
REDAKTORDAN
 
Hörmətli oxucu!
 
Çox fikirləşdik, çox götür-qoy elədik ki, bizdə, yəni Respublika Kasıblar Cəmiyyətində bir qəzet açaq. Hansı qapını açıb salam verdiksə, “əleyk” əvəzinə iki söz eşitdik: Pulunuz var? Pulunuz var?
Hörmətli oxucu! 
Səncə, bizim pulumuz var? Bizim pulumuz olsaydı, qəzeti neynirdik, elə komisyon mağazasından-zaddan açıb insane balası kimi yaşayardıq də. Nə başınızı ağrıdım, durub birbaşa gəldik “Bərəkət” qəzetinə. Paltarımızdan cin ürkürdü. Əvvəlcə elə bildilər ki, dəliyik. Sonra gördülər ki, yoox, dünyanın işlərindən bizim də başımız çıxır. Uzun-uzadı çənə-boğaz eliyəndən sonar dedilər ki, yaxşı, ayda-ildə bir dəfə sizə də bir səhifə verərik, öz qəzetinizi çıxarasınız, ancaq bir şərtlə. Əgər gələcəkdə varlansanız, (bunu çox inamsız dedilər) bizim pulumuzu verəcəksiniz. Razılaşdıq. Sağollaşıb qapıdan çıxmaq istəyəndə redaktor soruşdu. Heç olmasa təxmini də olsa, deyin görək, siz nə vaxt varlanıb bizim pulumuzu qaytaracaqsınız? Elə bil, başıma bir qazan qaynar su tökdülər. Özümü itirmədim. Yeddi milyona yaxın kasıbın taleyi mənim cavabımdan asılı idi. Dedim:
- Yüz ildən sonra…
Redaktor üzünü bozartdı: 
- Əlli ildən sonra! – dedi.
Elə bil içimdən bir daş qırılıb kasıbların başına düşdü. Lakin halal olsun mənə, yenə özümü ələ aldım. Dizlərimi yerə atıb əllərimi göyə qaldırdım (kasıb yoldaşlarım da mənim kimi elədilər), vüqarla onun üzünə baxıb dedim:
- Səni and verirəm, baban Həsən bəy Zərdabinin ruhuna, bizi əliboş yola salma. 
Redaktorun gözləri doldu və dedi: 
- Yaxşı, altmış ildən sonra.
Hamımız ayağa durduq, mən dedim.
- Həsən bəy Zərdabi kimi Yer üzündə kişi olmayıb.
Redaktor dedi: 
- Altmış il. 
Sonra təzədən dizimizi atdıq yerə, məsələni həll eliyənə qədər yerdən durmadıq. Uzun yalvarışlardan sonra yetmiş ildən sonra “Bərəkət”in borcunu qaytaracağımıza söz verdik, ancaq orasını da deyim ki, bizə heç bir kağıza-zada qol çəkdirmədilər. 
Beləliklə, uzun əzab-əziyyətdən sonra ilk dəfə sizing görüşünüzə gəlmişik. 
Salam, hörmətli kasıb oxucu!
 
 
ÇÖRƏYİM DAŞDAN ÇIXIR
Müxbirimizin suallarına Respublika Kasıblar Cəmiyyətinin Prezidenti Həsir Məmmədnəsioğlu cavab verir.
 
- Adamın ürəyi də gəlmir soruşmağa. Bağışlayın, nə vaxtdan belə kasıbsınız?
- Anadangəlmə məndə...
- Neçə uşağınız var?
- On dörd.
- Bəs Allaha ağır getməsin, axı bu qədər uşağı?...
- Bəs eşitməmisiniz ki, kasıbın əkdiyi bitməz. Ancaq.....
- Nu, siz də bir az ehtiyatlı olun də...
- Olmur axı...
- Əsl iş yeriniz haradır?
- Azərbaycan.
- Allah xoşbəxt eləsin, uşaqlarınızın neçə yaşı var?
- Böyük oğlumun on dörd yaşı var, ikincinin on üç, üçüncünün on iki, dördüncünün on bir, ildə biridi də... Sonbeşiyimiz beşaylıqdır...
- Arvadınız işləyir?
- Yox.
- Bəs niyə?
- İkicanlıdır.
- Bəs bu qədər uşağı nə təhər saxlayırsınız?
- Mən saxlamıram, Allah saxlayır.
- Arvadınızın ixtisası nədir?
- Uşaq doğmaq.
- Uşaqlarınızın gələcəyini necə görmək istərdiniz?
- Parlaq.
- Siyasətlə aranız necədir?
- Yaxşı.
- Qarşıdan prezident seçkiləri gəlir, kimə səs verəcəksiniz?
- Elə hamısına...
- Qarabağ məsələsinə necə baxırsınız?
- Qarabağ bizimdir. Ölsək də, bir qarış torpağımızı verməyəcəyik...
- Axı neçə kəndi vermişik?
- Tay orasını bilmirəm. Mən öz payıma deyirəm. Mən verməyəcəyəm.
- Qorbaçov haqqında fikriniz?
- Onu get respublikanın keçmiş rəhbərlərindən, bir də arvadı Raisadan soruş.
- ən çox sevdiyiniz yemək hansıdır?
- Xoşuma gələn yemək yoxdur, nə tapırıq, onu da yeyirik. 
- Böyük oğlunuz kim olmaq istəyir?
- Məhkəmə olsa, yaxşı olar.
- Arvadınızı sevib almısınız?
- Dedilər al, mən də aldım.
- Ən çox yadınızda qalan hadisə?
- Huşum yoxdu ha.
- Evdə arvad çox danışır, yoxsa siz?
- Arvad gecə-gündüz uşaqlara qarğış eləyir. Hərdən-birdən də deyir ki, səni tapdığım günə daş düşəydi.
- Belə vaxtlarda arvadınızı necə sakitləşdirirsiniz?
- Evdən çıxıb gedirəm ki, qulağım dincəlsin.
- Nə yaxşı özünüzü prezidentliyə namizədliyə verməmisiniz?
- Elə istəyirdim... Nə isə köməyim olmadı.
- Prezident olsaydınız, Qarabağ məsələsini necə həll edərdiniz?
- Yeddi milyon bizik, üç milyon da erməni. Cumardıq onların üstünə, üç milyon onlardan ölərdi, üç milyon da bizdən. Yerdə qalan da insan kimi yaşayardı. 
- Qarabağda sizin kasıblar cəmiyyətinin xətti ilə vuruşanlar varmı?
- Elə vuruşanın hamısı kasıblardı də.
- Kasıblar cəmiyyətinin prezidenti kimi nə qədər maaş alırsınız?
- Pulsuz işləyirəm.
- Üzvlük haqqı nə qədərdir?
- Pulsuzdur.
- Siz, həqiqətən, belə sadəlövhsünüz, yoxsa oynayırsınız?
- Birincisi, verdiyiniz dayaz suallar məni məcbur edir ki, belə olum. İkincisi, mən oynamıram. Ancaq belə getsə, gərək keçmiş Mərkəzi komitənin bu yaxınlarda fəaliyyətə başlayan dram dərnəyinə yazılam. Açığını deyim ki, sizdən ciddi suallar gözləyirdim. 
- Yaxşı, mən gedirəm, gələn dəfə sizə elə suallar verəcəyəm ki, qalasınız belə. Ümidvaram ki, gələn görüşümüzə qədər siizn bu cəmiyyətiniz yaşayacaq.
- Narahat olmayın, kasıblar cəmiyyəti əbədidir.
Şapalaqla ÜZQIZARDAN 
 
 
NİYƏ BELƏ OLDU, BABACAN?
Hörmətli Lenin!
Gec də olsa, rojdeniyanı təbrik edirik!
Axı həmişə bizə deyirdilər ki, sən kasıbların dostusan. Sənin bu şad günündə bir xahişimiz var: əvvəlcə otur, sonra da heç olmazsa, ömründə bircə dəfə o əlindəki papağını qoy qabağıına – fikirləş gör, bu işlərin axırı niyə belə oldu? Bircə onu bilirik ki, analar hələm-hələm səni kimi oğul doğmamışdı. Kimnecə istəyir, elə də başa düşsün.
Ehtiramla:  Azərbaycan zəhmətkeşləri yaxud proletariatı adından
 Respublika Kasıblar Cəmiyyəti
 
***
Hörmətli “Kasıb”!
Mən kasıbları çox sevirəm, onlar mənim həyatımdı, ürəyimdi. Kasıbın çörəyi heç vaxt dizinin üstündə olmaz və olmaq təhlükəsi də yoxdu. Çünki kasıbın çörəyi var ki, dizinin də üstündə olsun. Bax, buna görə də kasıblarla bərk dostam. 
Sizi rayonumzuun 90 min əhalisi adından ürəkdən təbrik edirəm, yüz yaşayın!
Kiçik bir xahişim də var. qoy sizin cəmiyyətin üzvləri keçmişin qalığı olan raykom katibləri ilə bizi qarışdırmasınlar, biz yeniləşmiş, pak və təmiz adamlarıq! Bu barədə kömək edin!
İcra hakimiyyətinin başçısı
Redaksiyadan: Qəmişinizi çəkin!!!
 
 
KASIBLIĞIN DAŞINI ATMAĞA DOĞRU, İRƏLİ!!!
Respublika Kasıblar Cəmiyyətinin Azərbaycan kasıblarına müraciəti
Hörmətli kasıblar!
Uzun müddət apardığımız tədqiqatdan sonra məlum oldu ki, respublikamızda milyonlarla kasıb var – maşallah böyük və əzəmətli bir ordu!
Yəqin bundan da xəbərsiz deyilsiniz ki, indi respublikamızda yüzlərlə cəmiyyət yaranmışdır. Biz də xeyli götür-qoy eliyəndən sonra belə bir cəmiyyət yaratmaq qərarına gəldik. Bu, sizin öz doğma cəmiyyətinizdir və heç nədən utanıb eləməyin – çəkinməyin.
Orası da bir həqiqətdir ki, kasıb iki cür olur – biri, gecəsino gündüzünə qatıb ölənə qədər işləyən kasıb, ikincisi isə, “Allahdan buyruq, ağzıma quyruq” deyən tənbəl kasıb. Aydın məsələdir ki, tənbəlliyinin ucbatından kasıb olanlar cəmiyyətimizə üzv qəbul oluna bilməzlər. Yəqin ki, gələcəkdə kimsə “Tənbəl kasıblar” cəmiyyəti yaradıb onların problemləri və gündəlik qayğıları ilə məşğul olacacaqdır. 
Hörmətli kasıblar!
Heç ömrünüzdə papağınızı qabağınıza qoyub fikirləşmişiniz ki, niyə kasıbsınız və necə eləsəniz, kasıblığın daşını ata bilərsiniz? Yəqin ki, yox, fikirləşməmisiniz – ancaq lazımdır, özü də həmişə - varlanana qədər. Atalar deyib ki, “kasıb mərd olar”. Olsun. Ancaq gəli görək, mərd yemək istəmir, oun balaları yoxdu? Görəsən, “kasıb mərd olar” deyən, ikibaşlı söz işlədən ataların sözündən belə çıxmır ki, “varlı da namərd olar”. Əgər belədirsə, bəs onda Hacı Zeynalabdin Tağıyev – o ki, çox mərd adam olub. Görürsünüz, məsələ necə qəlizləşir?
Birdən soruşurlar ki, filankəs nə təhərdi, deyirlər ki, necə olaacq, kasıblığını eləyir – deməli, kasıblıq bizim respublikamızda peşə-sənət səviyyəsinə yüksəlmişdir. İndi kasıblıq sənətdir – siz də sənətkarlar. Bu da bir acı həqiqətdir ki, sıralarınıza yeni-yeni qüvvələr gəlir. Azərbaycan kasıblarının yaxın dostu, öz əsərlərində onlara həmişə qayğı göstərmiş Karl Marks sağ olsaydı, yəqin ki, deyərdi: bütün Azərbaycanın kasıbları birləşin! Elə yenicə yaranmış cəmiyyətimiz də bu fikirdədir. 
Hörmətli kasıblar!
Dözümlü olun, səbrlə qoradan halva bişirin, evdə arvad-uşağın gözünün içinə düz baxa bilməsəniz də, hərdən-birdən qıyğacı baxın, öz kasıb vicdanınızla əl-ələ verib ömür yollarında vüqarla addımlayın. Eybi yoxdu, kasıbın da Allahı var. Ancaq qorxuram ki, kasıbın da Allahı kasıb olsun – onda batdıq. 
Hörmətli kasıblar! 
Kimlərdi sizi qoymayan, kimlərdi sizi incidən, yola verməyən. Onların ad-familiyasını, iş yerini yazıb bizə göndərin. Qorxmayın! Məktublarınızı gözləyirik, tərpənin, hərəkətə gəlin!
Respublika Kasıblar Cəmiyyəti Azərbaycanda yaranmış bütün cəmiyyətlər və partiyalarla siyasi, iqtisadi, mədəni əlaqələrini genişləndirməyi nəzərdə tutur. Cəmiyyətimiz bu günlərdə yarandığından prezident seçkilərinə öz namizədini irəli sürə bilməmişdir. İnşallah gələn dəfə.
Bu gün kasıblığın daşını atmağın böyük tarixi əhəmiyyətini də unutmalıyıq. Bu, bizim vətən qarşısında ən müqəddəs borcumuzdur: Belə ki, hamı kasıblığın daşını xain erməni daşnaklarına tərəf tullasa, düşmənlərimiz 7 milyona yaxın daşın altında qalıb məhv olar və bu tarixdə XX əsrin Daş Döyüşü kimi qalar. 
Hörmətli Kasıblar! Kasıblığın daşını atmağa doğru irəli!
Hörmətlə: Respublika Kasıblar Cəmiyyətinin ilk prezidenti 
Həsir Məmmədnəsir oğlu
Müraciəti qələmə aldı: Ayaqyalın BAŞIAÇIQ (xüsusi müxbirimiz) 
 
 
İNANAN DAŞA DÖNSÜN...
* Qalina Staravoytova Ermənistan Respublikasının Andronik mükafatına layiq görüldükdən sonra Bakıya gəlib “Tövbə” cəmiyyətinə getmiş, dədəsi Vasilinin  goruna da and içmişdir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir... və bir də... “Tövbə” cəmiyyətinin sağlam və gənc idmançıları Qalina Staravoytovanı yorğun halda Maştağa aeroportundan yola salmışlar.
* Buş, Qorbaçov, Tetçer və Yeltsin müsəlman dinini qəbul etmək arzusunda olduğunu bildirmişlər. Xeyir olsun – onları dədə-baba qaydası ilə müsəlman etmək üçün dövlət komissiyası yaradılmışdır.
* Rusiya parlamentinin qərarı ilə Sevan gölündə Ermənistan Respublikasının Hərbi Dəniz Donanması yaradılmışdır. Elə ilk gəmi suya daxil olanda göl daşmış, ətraf kəndləri su basmışdır. Bu vaxt gölün kənarında istirahət eləyən Qalina Staravoytovanı sel aparmışdır. Ermənistan üçgünlük matəm elan etmişdir.
* Xocalı qırğınının müqəssirləri Azadlıq meydanında dar ağacından asılanda kəndir çürük olduğuna görə qırılıb və müqəssirlərin edam olunması naməlum vaxta keçirilib. Asılmaq üçün siyahıya kəndir zavodunun bir fəhləsi də əlavə olunub. 
* Ermənistan zəhmətkeşlərinin xahişi ilə Yerevanın mərkəzində qazaxlı Alikə heykəl qoyulmuşdur.
* Erməni müənnisi Şarl Aznavur Paris televiziyasında kontrabasın müşayiəti ilə Qarabağ şikəstəsi oxumuşdur. Məşhur müğənni otuz il idi ki, məşq edirdi. Müvəffəqiyyətlə keçən konsertdə Aqambekyan və Raisa Qorbaçova, Balayan və Silva Kaputikyan, Mitteran və Şarl Aznavur “Naxçıvan şikəstəsi”ni məşq edir.
* Respublikada çatışmayan 6 milyard manatın kimlərdə olduğunu ayırd etmək üçün komissiya yaradılmışdır. Hələlik onlar orta məktəbdə işləyən kişi müəllimlərdən şübhələnirlər. Komissiya öz işini daavm etdirir. 
* Gülüstan sarayında ali məktəb rektorlarının xalqla görüşü keçirilmişdir. Rektorlar and içmişlər ki, bu yay alacaqları rüşvətin hamısını Qarabağa Xalq Yardımı Komitəsinin və Müdafiə Nazirliyinin hesabına verəcəklər. Bu məqsədlə rüşvəti tam və itkisiz yığmaq üçün dövlət komissiyası yaradılmışdır. 
* Bakıda hərbi akademiya açılmışdır. 
* Qarabağdan gələn yaralı əsgəri pul ilə müalicə etdiyinə görə Hippokrat andı bir tibb işçisinə qənim olmuşdur. Nəticədə onun ağzı əyilmişdir. Həmin həkim Respublika Səhiyyə Nazirliyinə Hippokratdan şikayət yazmış və nazirlik də işinə yazılmaq şərtiylə Hippokrata töhmət vermişdir.
* Azərbaycan xalq cəbhəsinin sədri Əbülfəz Elçibəyə dörd gözdən ibarət mənzil verilmişdir.
* Rəhim Qazıyev Respublika Müdafiə Nazirliyinin Respublika Hücum Nazirliyinə çevrilməsi haqqında Parlamentdə məsələ qaldırmışdır. Parlament bu təklifi gurultulu və sürəkli alqışlarla qarşılayıb – sağ olsunlar.
* Leyla Yunusova Azərbaycan Respublikasının Amerikada fövqəladə və səaliyyətli səfiri təyin edilib.
* Xalqın boğazına zəli kimi yapışıb qanını soran deputatlardan biri parlamentdə şişib, şişib partlayıb. Partlayış nəticəsində deputatın sağında və solunda oturan iki nəfər vəfat edib. İnsan tələfatı yoxdur. 
LÜTOĞLU LÜT
Cəmiyyətin İdarə Heyətinin üzvü
 
 
***
TƏBRİKLƏR... TƏBRİKLƏR...
Qədəmləriniz və qələmləriniz mübarəkdir! 
Sizin cəmiyyətin təsis olunduğunu eşidəndə çox təəccübləndik və fikirləşdik ki, ey dili-qafil sən demə, yazıçılardan da kasıbları varmış. Bu, biz yazıçıların xalqı yaxşı tanımasından irəli gəlir, inciməyin. Hal-hazırda Yazıçılar Birliyinin üzvlərindən 400 nəfərə qədəri siizn cəmiyyətə üzv yazılmaq əzmindədir. Sizə vurduğumuz ilk təbrik teleqramının xatirinə yazıçılar birliyinin orqanları olan “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarına və “Ədəbiyyat” qəzetinə, həm də onların əməkdaşlarına maddi cəhətdən kömək etməyiniz də xahiş edərdik, əvəzində “barter” olaarq bütün yazıçıları kasıbların həyatındanm yoğun-yoğun romanlar, poemalar yazmağa səfərbər edib ruhlandırmağa söz veririk. Hökümətdən bir kaş aşmadı – yeganə ümidimiz sizsiniz, bizə yazığınız gəlsin.
Hörmətlə:Yazıçılar Birliyi
Redaksiyadan: Məscid tikilməmiş kor hasasını dirədi...
 
 
***
Yazıçılar Birliyindən Sizə təbrik teleqramı göndərməyə gələn yoldaş rabitə şöbəsində növbəni pozaraq bizi qabaqladı. Sizi xor kapellası kimi bütün bəstəkarlar ürəkdən təbrik edir. “Tərəkəmə”, “Heyvagülü”, “Uzundərə” əsl kasıbların sümüüyünə düşən oyun havaları deyilmi? Bəlkə, onları Sizin üçün yazıçılar bəstələyib. Xeyr, məhz bəstəkarlar yazıb. Bu gün Bəstəkarlar Birliyində hamının yaxından köməyi ilə “Kasıbın da Allahı var” adlı operanın son işləri gedir. Bəstəkarların vəziyyəti sizlərdən yüz dəfə ağırdır. Bir yandan da Qarabağ dərdi. Bizə maddi kömək lazımdır, maddi kömək. Qabaqcadan sizə öz təşəkkürümüzü bildiririk.
Hörmətlə: Bəstəkarlar Birliyi
Redaksiyadan: Bu bəstəkarlar lap nağd eliyiblər ki...
 
 
***
Başsağlığı
Respublika Kasıblar Cəmiyyətinin idarə heyəti
Həyata keçməmiş qərarların
vaxtsız vəfatı münasibətilə Ali Sovetə və Milli Şuraya
dərin hüznlə başsağlığı verir. Dəfn mərasimi Dövlət Arxivində olacaqdır.
 
 
REDAKTOR: SEYRAN SƏXAVƏT
*Tirajı 7 milyon
*Redaksiya heyəti: Bütün Kasıblar
*Müəlliflərin mövqeyi redaktorun mövqeyi ilə düz gəlməlidir. 
*Çapa imzalandı: Şər qarışanda
*Telefon: Yoxun üzü qara olsun.
*Ünvan: Azıx mağarası
 
 
 
Link kopyalandı!
Son xəbərlər