7 fevral görkəmli ingilis yazıçı Çarlz Dikkensin doğum günüdür.
Moderator.az Kulis.az - a istinadla Əli Çağlanın "Səkkizinci vaqon" yazısını təqdim edir.
Çarlz Dikkens haqqında deyiləsi çox söz var. O, bütün zamanların ən ikonlaşmış “Milad nəğmələri”ni yaradıb, ard-arda saysız-hesabsız şah əsərlər qələmə alıb. Yazıları ilə Viktoriya dövrü hakimiyyətinə qan uddurub. Çarlz Dikkens ədəbiyyatın dünyanın bütün problemlərini həll etmək gücünə malik olduğuna inanırdı.
Bununla belə, “Böyük ümidlər”, “Devid Koperfild”, “Oliver Tvist” və digər ölməz romanların müəllifi olan Çarlz Dikkensin həyatı sadəcə yaradıcılıq fəaliyyəti ilə məhdudlaşmır. O, hələ uşaq yaşlarından səhnə sənətinə xüsusi maraq göstərirdi; uşaqlıq illərində evlərinin mətbəxində sadə tamaşalar qurub yaşadıqları məhəllənin yaxınlığındakı meyxanalarda masanın üzərinə çıxaraq mahnılar ifa edirdi. Ulduz olmağa layiq qabiliyyətlərin izləri artıq o çağlardan aydın şəkildə sezilirdi.
Çarlzın babası Vilyam Dikkens ev qulluqçusu olub. Elizabet Ball ilə evləndikdən sonra Con Krovun evində işləməyə başlayıb; Con Krov isə Çester şəhərindən parlamentə seçilmiş bir şəxs idi. Bu cütlüyün Con və Vilyam (atasının adını daşıyan) adl iki oğlu dünyaya gəlib. Onlar atalarının vəfat etdiyi il – 1785-ci ildə doğulublar. Vilyam Dikkensin dul qalmış həyat yoldaşı Elizabet otuz beş il boyunca həmin ailənin evində qulluqçuluğa davam edib.
Çarlzın atası Con Dikkens dövrün nüfuzlu ailələrindən birinin qulluqçular otağında böyüyüb. Mümkündür ki, məhz bu səbəbdən Dikkens sonralar aristokrat sinifinə, dövrün siyasi hakimiyyətini təmsil edən şəxslərə və onların himayə mexanizmlərinə qarşı şübhəli münasibət bəsləyib. Krov ailəsi Elizabetin uşaqlarını himayə altına alaraq onların təhsil xərclərini öz üzərinə götürüb.
Nəhayət, Con və qardaşı Vilyam Dikkens Dəniz İşləri Departmentində işlə təmin ediliblər. Beləliklə, Con Dikkens 1805-ci ildən etibarən illik yetmiş funt maaşla dövlət xidmətinə başlayıb, eyni dövrdə Tomas Barrov adlı başqa bir gənc isə atasının nüfuzundan istifadə edərək həmin yerdə işə düzəlibdir. Con və Tomas dost olub, sonra o, həmin dostunun vasitəsilə Barrov ailəsi ilə tanış olu. Zamanla o, dostunun bacısı Elizabet Barrova aşiq olub, 1809-cu ildə Portsmut şəhərinin Landport məhəlləsində evlənibdlər. Bu cütlük on uşaq sahibi olubdur. Onlardan ikisi qızları Fanni (1810) və oğulları Çarlzdır (1812).
Qeyd etdiyimiz kimi, Çarlz Con Haffem Dikkens 7 fevral 1812-ci ildə İngiltərənin Portsmut şəhərinin tarixi Landport məhəlləsində anadan olub. Atasının işinin sabit və daimi olmaması səbəbindən ailə tez-tez köçməyə məruz qalıb, 1814-cü ildə Con Dikkens London şəhərində yerləşən məşhur tarixi bina – “Somerset House”a köçüb, 1817-ci ildə isə Kent qraflığının Çatham şəhərindəki “11 Ordnance Street” ünvanında məskunlaşıb və ailə 1821-ci ilə qədər həmin məkanda yaşayıb. İlkin dövrlərdə ailə nisbətən firavan həyat sürsə də, zaman keçdikcə maddi çətinliklər artıb.
Dikkens “Qaranlıq ev” romanının ilk fəsillərindən birində yazır: “Bu da acı bir həqiqətdir ki, hətta böyük insanların da kasıb qohumları olur”.
Həqiqət bundan ibarət idi ki, bu insan da kasıb ailəyə mənsub idi; üstəlik, elə bir dövrdə yaşayırdı ki, müasir dövrlə müqayisədə uşağın sosial mövqeyi onun ailəsinin maddi vəziyyəti və keçmişi ilə müəyyənləşirdi.
Çarlzın nənəsi Elizabet Ball 1820-ci ildə təqaüd yaşına çatdıqdan sonra London şəhərinin Oksford küçəsinə köçür, uşaqlar onu tez-tez ziyarət edir, o isə onlara əzbər bildiyi nağılları danışırmış. Həmin uşaqlardan biri də nəvəsi Çarlz idi. O, sonralar bu xatirəni “Qaranlıq ev” romanında “Çesneyvold” malikanəsində yaşayan evdar qadın – “Mrs. Ransol” obrazı vasitəsilə ədəbi yaddaşa köçürüb.
Çarlz və Fanninin qulluqçusu Mari Vellerin sözlərinə görə, Çarlz uşaqlıqdan kitaba böyük maraq göstərib, boş vaxtlarında demək olar ki, heç bir kitabı əldən buraxmırmış. Uşağın oxumağa olan həvəsini görən atası, maddi imkanszlığa və maliyyə sıxıntılarına baxmayaraq, ucuz qiymətə bir neçə kitab almağa çalışıb. Həmin kitablar arasında Tobias Smolletin “Roderik Random”, “Pereqrin Pikl”, “Humfrey Klinker”, Henri Fildinqin “Tom Cons”, Daniel Defonun “Robinson Kruzo” Migel de Servantesin “Don Kixot” əsərləri və digər kitablar yer alırdı. Lakin Smolletin tərcümə etdiyi “Gil Blas” romanı balaca Çarlzın pikaresk ədəbiyyat dünyasına açılan əsas qapıya çevrilib.


Çarlz bu kitablarla qurduğu mənəvi bağlılığı “Devid Koperfild” romanında ətraflı şəkildə izah edərək yazır:
“Bu dostlar xəyalımı və ümidimi zaman və məkan sərhədlərindən kənarda yaşatdılar; çətin dövrlərdə onlar mənə təsəlli verdilər... Bir həftə boyunca özümü Tom Cons kimi təsəvvür edirdim, Roderik Randomun xatirəsi isə bir ay ərzində davamlı şəkildə zehnimi məşğul edirdi".
Çarlz Dikkens on yaşında məktəbi tərk etmək məcburiyyətində qalıb; çünki valideynləri onun təhsil xərclərini ödəyə bilməyib.
1824-cü ildə, cəmi on iki yaşında ikən, Ceyms Lamert adlı bir tanışın vasitəsilə işləmək üçün Londonda, həftədə altı-yeddi şilin müqabilində “Çaring Cross” dəmir yolu vağzalının yaxınlığında yerləşən “Varren” adlı vaks istehsalı fabrikində çalışmağa göndərilib. Anası bu vəziyyətə sevinclə yanaşsa da, atası oğlunun təhsilinin yarımçıq qalmasına razı olmyabıb; lakin vəziyyətin getdikcə ağırlaşdığını görərək susub.
Çarlzın anasına və ümumən qadınlara qarşı mənfi münasibətinin kökləri də məhz bu dövrdən başlayıb. O, sonralar qeyd edirdi ki, hətta orta məktəbi bitirib Kembric Universitetinə qəbul olunsaydı belə, anası bu qədər sevinməzdi.
Dikkens fabrikdəki mühitdən, bitib-tükənməyən və eyni şəkildə təkrarlanan işlərdən dərin nifrət hissi keçirib; ətrafındakı işçilər isə əsasən kobud və bədxasiyyət insanlar olub. Bu dövrə aid xatirələr Çarlzın yaddaşında ömür boyu silinməz izlər buraxıb. O yazır:
“Bu vəziyyətin gətirdiyi kədər və iztirab mənim təbiətimlə o qədər qaynayıb-qarışıb ki, indi – şöhrətin zirvəsində və rahat həyat içində olsam belə - bəzən özümə baxanda unuduram ki, həyat yoldaşım və uşaqlarım var, yaxud yetkin bir kişi olmuşam; fikirlərim tez-tez o qaranlıq günlərə qayıdır".
Bir müddət sonra atası borclarına görə həbs olunur. Həmin dövrdə borclular, himayələrində olan ailə üzvləri ilə birlikdə borclarını ödəyənədək həbsdə saxlanıla bilirdi. Dikkens ailəsinin demək olar ki, bütün üzvləri “Marşalsea” həbsxanasına yerləşdirilib; yalnız gənc Çarlz ağr iş şəraitində çalışdığı üçün həbsdən kənarda qalıb.
Çarlzın nənəsi Elizabet Ball 1824-cü ilin aprel ayında vəfat edib; ondan 750 funt məbləğində miras qalıb və bu vəsaitin müəyyən bir hissəsi Con Dikkensə çatıbdır. Qardaşı Vilyam dərhal 40 funt borcu ödəyərək onu həbsdən azad edib; Con Dikkens üç ay həbsdə qaldıqdan sonra yenidən əvvəlki işinə qayıdıb.
Bu müddətdə balaca Çarlz hələ də vaks istehsalı fabrikində çalışmağa davam edirmiş. Amma bir müddət sonra Con Dikkens ilə Ceyms Lamert arasında mübahisə yaranıb və atası, oğlunu fabrikdən çıxarıb. Anası isə barışığın baş tutması və Çarlzın yenidən işə qayıtması üçün ciddi səylər göstərib. Məhz bu səbəbdən Çarlz anasını heç vaxt bağışlamayıb yazır:
“...sonralar da bunu heç vaxt unutmadım və heç vaxt unutmayacağam ki, anam məni fabrikə qaytarmaq üçün nə qədər böyük həvəslə əlindən gələni edirdi...”
Atası Con Dikkensin vəfatından sonra Çarlza cüzi miqdarda miras qalıb. Bu az vəsait hesabına o, qısa müddət ərzində yenidən məktəbə qayıda bilib və 1827-ci ilin may ayında bibisi Çarltonun köməyi ilə “Ellis and Blackmore” adlı hüquq ofisində katib vəzifəsinə qəbul olunub. Bir müddət sonra Çarlz məhkəmədə stenoqraf-reportyor kimi fəaliyyət göstərməyə başlayıb; məhz bu iş ona hüquqi məsələlər sahəsində geniş bilik və təcrübə qazandırıb və həmin biliklər sonralar romanlarında öz əksini tapıb.
Daha sonra Çarlz Dikkens ədəbi fəaliyyətlə yanaşı, jurnalist kimi də mühüm uğurlar əldə edib. O, 1832-ci ildə “True Sun” qəzetində ictimai və parlament müxbiri kimi fəaliyyətə başlayıb, parlament müzakirələrini reportaj edib, seçki kampaniyalarını işıqlandırmaq üçün dilicansla İngiltərənin müxtəlif bölgələrini gəzib. Sonralar digər qəzetlərlə də əməkdaşlıq edib. Onun jurnalistik yazıları geniş oxucu marağı doğurub və yazıçıya böyük şöhrət qazandırıb.
Jurnalist fəaliyyətinin ilk illərində Dikkens cəza sisteminin sərtləşdirilməsi, sosial ədalətsizliklər və islahat zərurəti kimi mövzulara xüsusi diqqət yetirib, yazıları ilə İngiltərədə sosial dəyişikliklərin tərəfdarı kimi çıxış edib. Bu dövrdə qazandığı ictimai bilik və təcrübə sonradan onun bədii yaradıcılığında da aydın şəkildə əks olunub.
Çarlz Dikkens ilk yazılarını “Monthly Magazine” adlı aylıq ədəbi jurnalın poçt qutusuna imzasız göndərirmiş, 1833-cü ildə yazdığı hekayə və məqalələri müxtəlif jurnal və qəzetlərdə çap olunmağa başlayıb; bu yazılar ilk dəfə 1836-cı ilin fevralında “Boz” təxəllüsü ilə nəşr olunub. Ardınca tanınmış aktyorların iştirakı ilə səhnələşdiriləcək bir komedik əsər üçün dəvət alıb və yeddi həftə sonra “Pikviks klubunun qeydləri” adlı kitabının ilk bölümü işıq üzü görüb. Bir neçə ay ərzində bu əsər böyük şöhrət qazanıb və Çarlz Dikkens dövrünün ən önəmli yazıçılarından biri kimi tanınıb. Daha sonra o, “Bentley`s Miscellany” aylıq jurnalının redaktorluğunu üzərinə götürüb; məhz bu illərdə “Oliver Tvist” romanını qələmə alıb.
Dikkens gələcək həyat yoldaşı Ketrin Tampson Hoqartla, sənət aləmində tanınmış Skott ailəsinin böyük qızı, “Morning Chronicle” qəzetində gənc jurnalist kimi çalışarkən tanış olub. Ketrinin atası da həmin qəzetdə yazıçı və musiqi tənqidçisi kimi fəaliyyət göstərirmiş, onlar 2 aprel 1836-cı ildə evləniblər.
Qeyd etməliyik ki, Ketrin Dikkens 1851-ci ildə “Leydi Maria Klutterbuk” təxəllüsü ilə yemək kitabı nəşr etdirib. Onların izdivacı nəticəsində on övladı dünyaya gəlib, onlardan ikisi uşaqlıq çağlarında vəfat edib. Dikkensin ən yaxın dostlarından biri İngilis yazıçısı Bulver-Litton idi; dostluqları o qədər yaxın idi ki, Dikkens oğullarından birinə onun adını qoymuşdu.
Orta yaş dövrü Dikkensin həyatı mühüm hadisələrlə zənginləşibd. Ailəsi üçün daha geniş bir ev əldə etmək məqsədilə “Tavistock House”a köçüb, orada “Tutqun ev” romanını yazmağa başlayıb. 1857-ci ildə “Dondurulmuş dərinlik” adlı pyes üzərində işlədiyi vaxt yaşlı aktrisa Ellen Ternana aşiq olub. Həmin dövrdə tanınmış bir şəxs üçün boşanmaq böyük tabu sayılırmış; Dikkens rəsmi olaraq həyat yoldaşından ayrıla bilməsə də, 1858-ci ildə Ellen Ternan üçün aldığı hədiyyə bilərzik evdən tapılıb, nəticədə Dikkens ilə həyat yoldaşının yolları ayrılıb və on övladdan doqquzunun qəyyumluğunu öz üzərinə götürüb. Ketrin yalnız böyük oğlu Çarlz Kalliford Boz Dikens ilə yaşayıb.
Dikkens övladlarına qarşı da isti münasibət bəsləməyib; onları daim özündən faydalanmağa çalışan tənbəllər kimi görüb. Eyni zamanda ictimai rəyi öz tərəfinə çəkmək üçün Ketrini pis ana və ona layiq olmayan qadın kimi təqdim edib, hətta çox uşaq dünyaya gətirdiyi üçün onu günahlandırıb. Təəccüblüdür ki, Ketrin Dikkens ona qarşı səsləndirilən bu ağır böhtanlara heç vaxt cavab verməyib. Ölüm yatağında olduğu zaman Dikkenslə məktublaşmalarını toplayaraq qızı Keytə verib və Biritaniya Muzeyinə təhvil verməsini istəyib ki, dünya bilsin Çarlz bir zamanlar onu sevirmiş!
1850-ci ilə qədər Çarlz Dikkens doqquz roman nəşr etdirib. Bu romanlar arasında “Nikolas Niklbi” və “Devid Koperfild” onun daxili dünyasının və həyat tarixçəsinin bədii ifadəsi hesab olunur. Çarlzın real həyatındakı bir çox insanlar onun əsərlərində obrazlara çevrilib. Məsələn, “Devid Koperfild” romanındakı cənab Mikober onun atası, “Nikolas Niklbi” romanındakı xanım Niklbi isə onun anasına aiddir. Dikkens özü də dəfələrlə əsərlərində dolayı şəkildə təsvir olunsa da, Devid Koperfild onun şəxsiyyətinə ən yaxın obraz hesab edilir.
Dikkensin yaratdığı obrazlar Şekspir personajları ilə müqayisə ediləcək qədər canlı və təsirlidir: Oliver Tvist, Samuel Pikvik, Sem Veller, Xanım Hevişam, Serri Gamp, Nikolas Niklbi və digər unudulmaz simalar illər keçməsinə baxmayaraq oxucuların yaddaşında yaşayır.
Dikkens xalq tərəfindən “Bənzərsiz” adını qazandıqdan sonra da geniş oxucu kütləsini unutmayıb, 1858-ci ildən etibarən romanlarını Böyük Biritaniya və Amerikada öz ifası ilə tamaşaçılara təqdim edibdir. Şübhəsiz ki, Dikkensin əsərləri nə qədər dərin və mənalıdırsa, bir o qədər də oxucunu əyləndirməyə önəm verir.
Çarlz Dikkensin Amerikaya, Fransaya və İtaliyaya səfərləri həm yaradıcılığına, həm də ictimai baxışlarına ciddi təsir göstərib.
Amerikaya ilk səfəri zamanı o, əsərlərinin qanunsuz şəkildə nəşr olunmasından narazılıq bildirib, bu məsələ ilə bağlı Konqresə müraciət etməyə çalışıb. Lakin Amerika mediası tərəfindən kəskin düşmənçiliklə qarşılanıb; ona yalnız susmağı və əsərlərinin populyarlığına şükür etməyi tövsiyə edilib. Bu münasibətin əksinə olaraq, məşhur yazıçı kimi oxucuları tərəfindən böyük ehtiramla qarşlanıbdır. Səfər zamanı ABŞ-ın sosial, mədəni və siyasi problemlərinə dair müşahidələrini qələmə alıb, sonradan bu qeydləri kitab şəklində nəşr etdirib.
Fransa və İtaliya səfərləri Dikkens üçün böyük əhəmiyyət kəsb edib; bu səfərlər ona avropa mədəniyyəti və sosial problemləri ilə yaxından tanış olmağa imkan yaradıb. Dikkens Fransa mədəniyyətinə vurğun idi; 1846-cı ildə Parisdə fransızları “kainatın ilk xalqı” adlandırıb.
9 iyun 1865-ci ildə Dikkens sevgilisi Ellen Ternanla birlikdə Fransadan qayıdarkən Staplehurst dəmiryolu qəzası baş verib, bu hadisə zamanı təmirdə olan körpünün üzərindən qatarın ilk yeddi vaqonu suya düşüb; yalnız Çarlz Dikkensin olduğu birinci dərəcəli səkkizinci vaqon rels üzərində qalıb.
Xilasedici qüvvələr gələnədək Dikkens yaralılar və canverənlərlə məşğul olub. Hadisə yerini tərk etməzdən əvvəl yarımçıq qalmış “Ortaq dostumuz” əsərinin əlyazmasını xatırlayıb, onu götürmək üçün səkkizinci vaqona geri qayıdıb. Sonralar bu dəhşətli təcrübədən “Siqnalçı” adlı qısa hekayəsini yazarkən təsirlənib.


Dikkens hadisə ilə bağlı istintaqa qatılmaqdan imtina edib; çünki Ellen Ternan ilə birlikdə səyahət etdiyi üzə çıxa bilərdi və bu, ictimaiyyət tərəfindən yaxşı qarşılanmazdı. Bu sevgi münasibətinin geniş miqyası 1929-cu ildə “Dikkens və qızı” kitabı nəşr olunana qədər gizli qalıb. Keyt Dikkens ölümünə qədər (1929) Qledis Stori ilə birlikdə bu kitab üzərində işləyib. Əsərdə Dikkens ilə Ternanın bir oğulları olduğu, lakin uşaq yaşlarında vəfat etdiyi iddia edilir; hərçənd, bunu təsdiqləyən heç bir sənəd mövcud deyil.
Staplehurst qəzasında fiziki xəsarət almasa da, Dikkens ruhi baxımdan əvvəlki halına qayıtmayıb və onun məhsuldar həyatının son mərhələsi “Ortaq dostumuz”un tamamlanması və “Edvin Druudun sirri”nin başlanıb yarımçıq qalması ilə məhdudlaşıb.
Çarlz Dikkens Staplehurst hadisəsindən beş il sonra, 9 iyun 1870-ci ildə, 58 yaşında, evində ağır bir iş günündən sonra ürək tutmasından vəfat edib. Həmin vaxt o, 15-ci romanı üzərində işin ilkin mərhələlərində idi. Ertəsi gün “The Guardian” qəzeti onun ölümünü belə xəbər verib:
“İngilis dilinin danışıldığı hər yerdə bu səhər cənab Çarlz Dikkensin vəfatı barədə yaydığımız xəbər dərin kədər və təəssüf doğuracaq. Dünən gecənin ilk saatlarında bu böyük yazıçının Qadşil, Kent bölgəsindəki evində dünyasını dəyişdiyi məlum olmuşdur”.
Dikkens sadə şəkildə Roçester şəhərində kiçik bir qəbiristanlıqda dəfn olunmağı arzulasa da, oxucuların və pərəstişkarlarının sevgisi buna imkan verməyib.
Nəticədə, Çarlz Dikkensin cənazəsi minlərlə insanın iştirakı ilə Vestminster Abbey qəbristanlığının məşhur “Poet`s Corner" - "Şairlər guşəsi”ndə torpağa tapşırılıb. Onun məzarı üzərində belə yazılıb: “O, miskinlərin, əzab çəkənlərin və məhrumların dərd ortağı idi; ölümü ilə dünya öz ən böyük yazıçılarından birini itirdi”.
Dikkensin şöhrəti ölümündən sonra da azalmayıb; o, bu gün də ən tanınmış və ən çox oxunan ingilis yazıçılarından biridir. Əsərləri əsasında çəkilmiş azı 180 bədii film və televiziya adaptasiyası bu iddianın sübutudur. Onun bir çox əsərləri sağlığında səhnələşdirilib, 1913-cü ilin əvvəlində isə “Pikviks klubunun qeydləri”nin səssiz filmi çəkilib.
Onun ən məşhur əsəri olan “Milad nəğmələri” hər il yeni adaptasiya ilə səhnəyə qoyulur və kino tarixinin başlanğıcından etibarən ən çox ekranlaşdırılan Dikkens hekayələrindən biridir.
Dikkensin əsas məqsədlərindən biri işləyən uşaqların həyat şəraitinin yaxşılaşdırılması idi. O, “Qədim əşyalar mağazası” romanında mədənlərdə və fabriklərdə ağır şəraitdə çalışan uşaqları təsvir edib. Bu əsər Biritaniya cəmiyyətində geniş rezonans doğurub, uşaq əməyinə dair qanunların islahatına töhfə verib.
O, fəhlə evlərindən və yoxsullara yardım məqsədilə dövlət tərəfindən yaradılmış düşərgə tipli məkanlardan yazarkən imkanlı bir ailəyə mənsub, amma bir neçə faciəvi hadisə nəticəsində onlardan ayrı düşmüş Oliver Tvist xarakterini yaradır. Oliver bu fəhlə evlərində yaşayan insanlara heç bənzəmir; lakin onun orada olması oxuculara – o dövrdə əksəriyyəti imkanlı dövrdən olan oxuculara – “Əgər mən onun yerində olsaydım, nə baş verərdi?” sualını verməyə imkan yaradır.
Dikkens piknikləri, parkda kriket oynamağı, yeni papyon almağı, poçnik yeməyi, ocağın yanında oturmağı, dostlarla şam etməyi, isti və yumşaq yorğanları və səyahəti sevirdi. Onun “Qrip” adlı bir qarğası vardı; qarğa öldükdən sonra Dikkens onu qurutdurub evində saxlayırdı. O, yoxsulluq və evsizlik kimi digər sosial problemlərə də toxunaraq “Angela Burdett-Cott”un təşəbbüsü ilə fahişəlikdən xilas olmaq istəyən qadınlar üçün yaradılmış “Urania Cottage” sığıncağında fəal əməyi keçib, müxtəlif xeyriyyə fəaliyyətləri ilə cəmiyyətin sosial durumunu yaxşılaşdırmağa çalışıb.
Dikkens teatrı bu dünyadan qaçış vasitəsi kimi görürdü; teatrı və onunla bağlı insanları “Nikolas Niklbi” romanında ustalıqla təsvir edib. Səyyar oxunuşları xalq arasında böyük rəğbət qazanıb. İngilis şairi Vilyam Vordsvort, Dikkensi “yanşaq” adlandırarkən; Dikkens isə onu “dəhşətli qoca eşşək” adlandırmaqdan çəkinməyib.
Onun evində kitab şkafına bənzər gizli qapının arxasında saxta kitab adları ilə dolu bir otaq vardı.
İddialara görə, Dikkens mebellərin və ev əşyalarının yerini dəyişdirməyə meyilli idi, hər səhər uşaqlarının yataq otaqlarını yoxlayıb səliqə-sahman onu qane etmədikdə qeydlər buraxırdı. Bir çoxları bu davranışlar obsessiv-kompulsiv pozuntunun əlaməti kimi yozsa da, bu iddia heç vaxt qəti şəkildə sübuta yetirilməyib. Yazıçılığın gəlir gətirən tərəfi Dikkens üçün son dərəcə əhəmiyyətli olub.
Ölümündən 10 il sonra ingilis nəsri sosial və fəlsəfi baxımdan daha bədbin yanaşmaların təsiri altına düşdü. Hətta dini motivlər daşıyan ən bədbin Dikkens romanları ilə belə bu yeni ədəbiyyat arasında ziddiyyət mövcud idi. Tomas Hardi və Corc Qissinq kimi sonrakı viktoriyan yazıçılar Dikkensdən təsirlənsələr də, onların əsərləri dini inamdan məhrum idi və əsasən, aşağı təbəqənin mövcud şərtləri daxilində sosial qüvvələrin caynağında əsir qalmış, ağrılı sonluğa sürüklənən obrazları təsvir edirdi.
Enn Rays, Tom Vulf və Con İrvinq kimi müəlliflərin yaradıcılığında onun təsirini görmək mümkündür. Hətta Ceyms Finn Qarner, satirik üslubda “Milad hədiyyəsi”nin yeni bir variantını “siyasi baxımdan korrekt” olaraq qələmə alıb. Dikkensin təsiri bu gün də davam edir.
1891-ci ildə Fransis Edvin Elvell, Dikkensin bürcündən hazırlanmış, təbii ölçüdə heykəlini yaratmışdır; bu heykəl hazırda ABŞ-ın Filadelfiya şəhərindəki Klark Parkda yerləşir.
Oksford ingilis lüğətinə görə, Dikkens əsərlərində ingilis dilinə 247 yeni söz və ifadə qazandırıb. Maraqlıdır ki, “İki şəhərin hekayəsi” romanı ədəbiyyatda kartof çipslərinə edilən ilk istinadlardan birini ehtiva edir. Dikkens onları “istəksizcə tökülmüş bir neçə damcı yağda qızardılmış, bərk kartof dilimləri” kimi təsvir edib.
_1770043508.jpg)

Dikkensin yazı üslubu zəngin bədii bəzəklərlə və poetik ahənglə seçilir; bu üslub güclü yumorla təqdim olunur. İngiltərə aristokratiyasının lovğalığına yönəlmiş istehzalı baxışı onları böyük soyuducu adlandırması, yetimləri xammala, insanları yedək gəmilərinə, yaxud gecə ziyafətlərinin iştirakçılarını mebelə bənzətmək Dikkensin məşhur təşbehləridir.
Dikkens daim sənayeləşən cəmiyyətin yaralarını oxucuların diqqətinə çatdırmağa çalışırdı; fabriklərdə fəhlələrin fəlakətli vəziyyəti, uşaq əməyinin istismarı, cəmiyyətdəki zərərsiz görkəmli narsisizm formaları, yoxsulların alçaldılması və təhqir olunması pul qazanmaq uğrunda bitib-tükənməyən təşvişlər, eləcə də hökümətlərin mənasız və ifrat dərəcədə bürokratik prosedurları onun mətnlərində açıq şəkildə təqdim olunub. Bu mövzuların, həmçinin onların müasir formalarının dəyərli və əhəmiyyətli temalar olduğu nəzəri baxımdan aydın görünür.
Dikkensin əsərlərində geniş şəkildə özünü göstərən əsas mövzulardan biri Londondur. London ətrafındakı karvansaralardan tutmuş Temza çayının ən aşağı sahillərinə qədər paytaxt həyatının bütün cəhətləri bu şəhəri sevən və küçələrində saatlarla piyada gəzən bir müəllif tərəfindən təsvir edilibdir.
Dikkens Dostoyevski, Tolstoy, Jül Vern, Corc Oruell kimi nəhəng yazıçılara təsir buraxıb. Oskar Vayld belə, onu tənqid etsə də, Dikkensin karikatura ustalığını etiraf edib.
Çarlz Dikkens özünəməsus yazı üslubu ilə ingilis ədəbiyyatında yeni mərhələ yaradıb. Onun üslubunun əsas xüsusiyyətləri realizm, həyatilik, dərin xarakter quruluşu, komik və satirik elementlər, insani dəyərlərin vurğulanması və sosial təhlildir.
Çarlz Dikkensə görə, incəsənət insanlarda mərhəmət hissini genişləndirməli və zahiri dünyası fərqli olsa da, daxili dünyası bizimkindən fərqlənməyən insanlara empati qurmağı öyrətməlidir.
Bu yolla daha xoşbəxt və humanist bir cəmiyyətin mədəni təməlini öz əllərimizlə qura bilərik.