Bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 76-cı ildönümüdür.
Moderator.az xəbər verir ki, o, 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
Ədəbi fəaliyyətinə 1966-cı ildə "Qələbə bayrağı" rayon qəzetində dərc olunmuş "Şota Rustaveli" adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan aktiv yaradıcılıqla məşğul olub. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrında "Aşıq Ələsgər" adlı mənzum pyesi tamaşaya qoyulub.
1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.
1983-cü ildə AYB-nın üzvü, 2008-ci il avqust ayının 29-da isə Azərbaycan aşıqlarının V qurultayında Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
2005-ci ildə "Azərbaycanın Xalq şairi" fəxri adına layiq görülüb.
5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyini itirən ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb.
O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.