Günahsız günahkar
Ədəbiyyat
1951
16 Dec 2025 | 16:38

Günahsız günahkar

Ailə  quran  gündən  bəri həyatımdakı xoş günləri  barmaqla  saymaq  olardı.  Halbuki Firudinlə rastlaşanda dünyanın  xoşbəxti idim.   Cəmi  yeddi  ay  nişanlı qalandan  sonra  toyumuz  oldu. Toydan  üç ay sonra qara  günlərim  başladı. Hətta  hamilə olduğumu  xəbər  verməklə  Firudinı xoşbəxt edə  bilmədim. Əksinə mənə  elə gəldi  ki, xəbərdən  bərk  hirsləndi.   Evə  gec  və sərxoş gəlməyə başlamışdı. Bədbəxtlikdən  qaynanam onun  arağa dadanmağında məni  təqsirkar görürdü. Gül  kimi oğluma  nə sifət  göstərirsə  evə  gəlmək istəmir, gələndə də  içkili olur,- deyirdi.   Nə edəcəyimi  bilmirdim.  Anam bizi tək  böyütmüşdü.  Üçümüzə  də ali  təhsil  vermişdi. Mən  ailə  quranda  gözündəki  sevinc yaşını  unuda  bilmirdim.  Yazıq  mənim  xoşbəxt olduğumu düşünüb   sevinirdi. O üzdən  anama  heç nə deyə  bilmirdim.   Dərdlərimlə baş -  başa  qalmışdım. Firudinin  məni görməyə  gözü yox  idi. Nə  baş  verdiyini  anlamırdım.  Mənim  arxamca  günlərlə  sürünüb,  sənsiz  yaşaya  bilmərəm deyən  oğlan , indi  bambaşqa biri idi.  Axır  vaxtlar  məni  döyməyə  başlamışdı.   Qaynanam    hər  nə qədər   məni  günahkar görsə də,  döyülməyimə  razı olmurdu. Hamilədir,- deyib  deyinirdi. Bəzən  mənə  elə gəlirdi , o, elə hamilə olmağımı istəmir. Anamgilə heç nə danışmırdım.  Anam  məni  necə  görmək  istəyirdisə , eləcə  də  olduğumu  deyirdim.  Günbəgün halım  dözülməz olurdu.  Bir təhər  dava – dalaş ilə  oğlumu  dünyaya  gətirdim.  Düz  başa  düşmüşdüm Firudini  uşaq   maraqlandırmırdı.  Belə  təhqirlərə dözdüyümə  görə  özümə  nifrət edirdim Evdəkilərin  də  gözündə  alçalırdım.  Hər  kəsin mənə  yazığı gəlirdi. Bir  gün  yığışıb  evimizə getdim.  Qaynanam   onun- bunun yanında   deyinirmiş ki, əri ilə  dil tapıb yola  getmir,  biz nə edə bilərik?.  Daha  taleyimlə razılaşıb,  oturdum  atam  evində. Anam  yazıq   bizi  böyütdüyü  kimi indi də  Şahinin qayğısını  üzərinə  götürdü.  Çünki məndə  bir keylik, halsızlıq  var  idi. Aradan  altı  ay ötdü. Oğlum    səkkiz  aylıq  olmuşdu. Bir  gün Firudin  peyda  olub  , yalvar -  yaxar  edib  barışaq , -dedi.   Mənim  onu bağışlamaq  fikrim  yox idi, yeni -  yeni özümə  gəlirdim.  Anam  əldən - ayaqdan  gedirdi, barışmağımı istəyirdi. O, hər  gün  sovqatla  gəlir, saatlarla ötürüb  gedirdi.    Axırıncı  təklifi anamın  lap ürəyindən  olduğu üçün məni  də məcbur  etməyə çalışırdı. O,  hələlik  bizdə  yaşamağı  təklif  etdi.  Guya  evlərində  onu anası qızışdırıb  dava salışırmış.    Bu  sözlə  razılaşmasam da ,  barışıb  bizdə yaşamağa  başladıq.  Doğrudan da hər  şey  gözəl idi.  Anamla  qardaşım  mənim Firudindən  narazı olduğuma  təəccüb edirdi. Bir tək bacım  bizim  burada  qalmağımızdan  narazı  idi. Hüsniyyə  çıxıb  evlərinə getsin  deyib , deyinirdi. Bir  necə dəfə az  qala  dava  etmişdik.  Evimizə ayaq  açan elçilərə görə  çox sevinirdim. O, köçüb  gedəndən  sonra  xoşbəxt  dolanacağıma  inanırdım.  Çünki  qardaşım mənə  məhlənin  aşağısından  yer  verəcəyinə   söz vermişdi.  Orada köhnədən  qalmış, indi  istifadəsiz  olan    bir tikili var idi. Hökumətə pul  ödəyib   yarı ucuq  binanı özəlləşdikmək   fikrində idi.  Elçilər qoşalaşmışdı.  Bacım  bir fikir söyləməsə   də qardaşımla Firudin  əldə- ayaqda idilər.   Elçilər haqqında  məlumat toplayıb , bir qərara  gəlməyə  çalışırdılar. Anamın   Firudinin bizim   ailəyə  olan  münasibətindən , qayğı  göstərməyindən  xoşu  gəlirdi.   Nədənsə bu oğlanların  heç birini Sülfiyyəyə    layiq  bilməyib  , elçilərinə   “Yox”-dedik.   Rahat  xoşbəxt  həyat sürürdüm. Hər şey əla idi. Firudin  evlərində olduğundan  fərqli  olaraq  burada  daim  bazarlıq  edib   gətirir, həyət- bacada işləyir, qırılanı  - söküləni təmir edirdi . Aradan bir az  keçmiş, bir  axsam  Zülfiyyə anama  birini sevdiyini söylədi. Oğlan  haqqında  bildiklərini deyib, tanışlıq  verdi.  Anam sevinirdi.  Çünki  oğlanın  valideyinlərini tanıyırdı. Qardaşım da  xəbəri yaxşı  qarşıladı . Evimizdə  xoş  bir  əhval - ruhiyyə yarandı.  Anamla  qardaşım  əl – ayağa  düşüb  hazırlığa  başladı.  Mən hamıdan  çox sevinirdim.  Əlbəttə bacımın  xoşbəxt  olmağını ,həm də  onun  bu  evdən çıxıb  getməyini istəyirdim. Axır  vaxtlar aramızda  bir  uçurum  yaranmışdı. Qız  var  qüvvəsi  ilə  mənim  buradan  çıxıb  getməyimi  tələb  edirdi.     Gündə  bir  bəhanə  edib  məndə  nə isə  bir  günah  tapırdı.   Evdə  az  qala  ayağımın  ucunda gəzirdim. Anam  mənə  görə  dəfələrlə  onunla  dava  etmişdi. Hətta  evdə  çox az tapılan  qardaşımın  da   Zülfiyəyə   mənə görə acığı tuturdu.  Hər  halda  mənim buradan  tezliklə  ayrılıb  getməyimə   ümid  yox idi.  Firudin  atası  evinə  qayıtmaq  istəmirdi.  Əslində  mən  qayıdardım. Çünki  məni  orada Firudindən  başqa  incidən  idi.  O, isə indi  çox  mehriban idi. Bir  necə  gündən  sonra  iki  qadın  gəlib  anamla  söhbət  etdi  Elçi  gəlmək üçün  gün  təyin  etdilər. Anam  çəkinmədən “ xala – xala  “  oynamaqdan xoşu  gəlmədiyini söylədi.  Bir-  birimizi  tanıyırıq,- dedi..  Elçiliklə nişanın bir  yerdə  olmağını  istədi.  Gün  təyin  etdilər.   Böyük həvəslə hazırlaşmağa başladıq . Hamının  əhvalı  düzəlmişdi. Zülfiyyə hədsiz sevinirdi, məndən də əl çəkmişdi. Hər  dəqiqə başı  məni sancmırdı.  Təzə  xəbər Firudini  də  sevindirdi.  Yəqin ki , o, da  mənim  kimi yerimizin  genəlməyinə sevinirdi.  Sevincək  Zülfiyyəni  təbrik  edib,   anamdan  ona  aid  nə  qulluq  lazım  olduğunu  xəbər alıb,  yatmağa  getdi.   Ertəsi gün Firudinin    gətirdiyi  xəbər hər kəsi süst  saldı. O,  çox  təəssüflə oğlanın üyüşdürücü alüdəçisi  olduğunu  söyləyirdi. Xəbər  evimizə   ildırım  düşmüş kimi bir təsir  bağışladı. Əlimizi  işdən  dayandırıb, mat  qalmışdıq. Yaxşı  ki , ərzaqları almamışdıq. Ən  dəhşətlisi o idi ki,  Zülfiyyə ağlayıb  özünü öldürürdü.  Yalandır, -deyirdi. İsrarla  elçilərin gəlməyini  istəyirdi.  Anam  odla-su arasında  qalmışdı.  Nə edəcəyini bilmirdi. Vaxt  çatırdı.  Firudin xəbərin düz olduğunu  inandırmaq üçün əlindən  gələni  edirdi. Zülfiyyəyə  yazığı  gəldiyini ,-deyirdi.  Nəhayət qardaşım  ,hələlik elçiliyin  vaxtını  uzadaq,- dedi. Hər  şeyi  öyrənib  həll edəcəyini  söylədi.  Bununla  da  araya  sakitlik  çökdü.   Anam  özü  gedib, vaxtı  geriyə  çəkdi.  Bacım pis  günə  düşmüşdü, ağlamaqdan  üz- gözü şişmişdi. Çox  keçmədi  qardaşım  evə  şad    xəbərlə  döndü.    Xəbərin  tam  yalan  olduğunu   söylədi.   Hamımız  sevinirdik.  Sanki  üzərinizdən  daş götürülmüşdü.  Firudin  evə  dönənə  qədər hər  şey  qaydasında idi.    O, bir  başa  qardaşımın  üstünə  gəlib,  yalan  danışmadığını  söyləyib  bağırmağa başladı.   Bu an mən  Firudinin  əsl  üzünü    görürdüm.   Yenə  də  ağzı  köpüklənib,  gözləri  hədəqədən  çıxmışdı. Çoxdan  unutduğum  bu  mənzərə  ürəyimi bulandırırdı. Onun  çıxardığı  səs  və aldığı  görkəm , hədsiz  sakit və  hövsələli  qardaşımın  səbrini  daşırdı. O,  ayağa  qalxıb , sənə  nə  düşüb?  - deyə  bağırdı.  Hər şey  bir anın  içində  baş  verdi.  Firudin  masanın  üzərindəki  bıçağı  götürüb  qardaşımın  üstünə   yeridi.   İnanılmaz bir halla  üzbəüz  qaldıq.    Bıçaq qardaşımın  ürəyinə  saplanmışdı.   Ağzından qan axırdı. Gözləri  süzülüb qalmışdı.  Anamın  səsindən qulaq  batırdı. Mən  donub  yerimdə  qalmışdım.   Gözümə  inana bilmirdim. Amma olan olmuşdu.  Qardaşım artıq  yox  idi. Anam  dəfindən  sonra da özünə  gələ  bilmədi.  Ən  pisi  o  idi  ki ana -  bala , oğlumla məni  görəndə halı  pisləşib  huşunu itirirdi. İrəli  durub  yardım  edə bilmirdim. Bacım  isə  məni  ümumiyyətlə  danışdırmırdı.     Dünyalar  qədər  sevdiyim qardaşımın  dərdi  bir yana  qalmışdı.  Yaşamaq  mənim  üçün  cəhənnəmə çevrilmişdi. Oğlumu anamdan  gizlətməyə  çalışsam  da   mümkün olmurdu.  Uşaq  həmişəki kimi nənəsinin  qucağına  qalxmaq istəyib  ağlayırdı. Anam qatilin  küçüyünü buradan  rədd et,- deyib dururdu. Axır  vaxtlar  ağlına  gələn   fikrin  üstündə durub ,  Şahini babasıgilə  verməyimi  tələb  edirdi. Təbii  ki,  mən  oğlumu  heç kimə  verə bilməzdim.  Odur  ki , yığışıb qaynatamgilə  gəldim.   Burada da  hamin  halla  qarşılaşdım.  Üstəlik  eltimdən  eşitdiyim  xəbər  məni  dəhşətə gətirdi.   Mənə  göstərilən  soyuq  münasibətdə nə  günahın  sahibi olduğumu düşünərkən  eltim hikkə  dedi:  Ərinin  bacına  aşiq olduğunu  bilə-  bilə  gedib  orada niyə  oturmuşdun? Həm  qardaşını  bada  verdin , həm  də  ərini.  Oradan  uzaq  olsaydın  bu  hadisə baş  verməzdi.  Aman  Allah   eşitdiyim  sözlərdən  dəhşətə  gəlmişdim.  Bütün  bədənim  əsirdi.   Ağlaya -  ağlaya  anamgilə  qayıtdım.  Bacımın  otağına keçib  , ondan  soruşmaq  istədim.  Qız  sanki  havalanmışdı. Qışqırıb ağlayırdı.  Niyə  buradan  rədd olub  getmirdin?  Kor  idin?  O, əclafın  hərəkətlərini  hamı görürdü,  bir  səndən  savayı.     İlahi nə  günə  düşdüyümü  özüm də bilmirdim. Doğrudan  da Firudinin  Zülfiyyəyə aşıq  olduğunu  hamı  bilirmiş.  Hər  gün  küçədə  qızın  qarşısını  kəsib  ondan  əl  çəkmirmiş  . Dava  edən gün  qardaşımla  anam  da  bu  xəbəri eşidibmiş.  Bacım  ağlayıb  məni  lənətləyirdi.  Özümə  nifrət edirdim.  Daha   doğrusu  açizliyimdən, küt  beyin  olmağımdan   iyrənirdim.  Zaman  ən  böyük dərmandır  desələr  də, bu   atalar sözü  də  mənim  həyatımda  bir  məna  kəsb  etmədi. Bir  ildən  sonra  Zülfiyyə  həmin  oğlanla  ailə  qurub  çıxıb  getdi.  Eşitdiyimə görə pis deyildi xoşbəxt  dolanırdı. Evdə anamla  biz  tək  qalsaq  da qadın bizi  qəbul  edib  bağışlamadı.  Şahin  axırıncı dəfə  xəstələnəndə gözüm anamın  gözünə sataşdı  Orada  nələr  gördüm kin, nifrət iyrənmək , daha nələr-  nələr.  Yüksək  hərarəti  olmağına  baxmayaraq  bir soyuq  qış günündə  körpəmi  sinəmə  basıb kirayə  ev  axtarmağa getdim. Əsən  soyuq  sazaq  daxilimə  əsirdi. Məni  üşüdən  təkcə  soyuq  deyildi. Demək  olar  ki, bu  dünyadakı  ən  əziz  adamlarımı  itirmişdim.  Anamın  yanına  dönə  bilmək üçün Şahini  atmalı  idim.  Kürəyimin  arasından sanki  bir  gizilti  keçdi  , onu  sinəmə  daha  da bərk  sıxıb  irəlilədim.    Çətinliklə  olsa da kiçik, soyuq , qaranlıq  bir  otaq  tapıb  kirayələdim.  Ev sahibi   biz  evə  yerləşənə  kimi  həkim  çağırdı.  Həkim gələnə qədər  əlindən gələni  edib , Şahinin  hərarətini aşağı  saldı.  Bu  müddətdə  ərzində  mənim  həyat  hekayəmi  dinləyib,   dodağının  altında  günahsız günahkar , deyə pıçıldadı.

Dərya Qılıc(Nailə)

AYB- nin üzvü Prezident təqaüdçüsü

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər