Xalqımızın etnomədəni dəyərlər sistemində, ailə-məişət həyatında, bir sözlə, qədim dünyagörüşündə, mifologiyasında, folklorunda və bundan qaynaqlanan ədəbi-mənəvi irsimizdə at kultu özünəməxsus mövqeyə malikdir. Kənd təsərrüfatı sahəsində, xalqımızın dolanışığında – güzəranında da at ən qədim zamanlardan əhliləşdirilmiş bir ev heyvanı kimi çox mühüm əhəmiyyətə malikdir. Dəvəçilik Ərəbistan səhrasında hansı dərəcədə böyük rol daşıyırsa, ərəb xalqı üçün necə müstəsna funksiyanı yerinə yetirirsə, at da Azərbaycan xalqı üçün, türk dünyası üçün o dərəcədə qutsal məna daşıyır. “Dəvəsi ölmüş ərəb” məsəlində ərəb üçün dəvəsinin ölümü nə qədər faciəvi hal sayılırsa, dəvəsiz qalan ərəbin gününün-güzəranının necə ağır olacağı düşünülürsə, türk üçün, tərəkəmə – elat həyatı üçün də atsız qalmaq piyada qalmaq, atının ölməsi böyük dərd hesab edilmişdir. Dəvənin ölümü ərəbin özünün ölümü ilə müqayisə edildiyi kimi, atın da ölümü türkün (tərəkəmənin) ağır faciəsi kimi anlaşılmışdır.
Bir atalar məsəlimiz bu məqama belə məna verir: “Tərəkəmənin atası öldü, dedi: “vaxtı çatıbdı”; atı öldü, dedi: “belim sındı”. (Bax: “Soy” elmi-kütləvi dərgi. Xüsusi buraxılış. Muğanlılar. Bakı – 2008, s.114).
Göründüyü kimi, atın ölümü tərəkəmə üçün, türk-elat camaatı üçün “belin sınması”, yəni atın sahibinin ömürlük şikəst, zəlil qalması kimi mənalandırılır ki, bu da atın kənd təsərrüfatında, ailə-məişət həyatında nə dərəcədə müstəsna xidmətinin olduğunu ifadə edir. Tərəkəmə ifadəsi burada məhdud mənada anlaşılmamalıdır. Tərəkəmə sözü ömrü-həyatı at belində keçən və aran-yaylaq həyatı yaşayan türk qövmlərinə işarə etsə də, bütövlükdə at belində dünyanı fəth eləyən qədim türk xalqlarına müncər edilməlidir. Çünki qədim türklərin həyatlarını atsız təsəvvür etmək mümkün deyildi. Əbəs deyil ki, əski mədəniyyətimizi öz şeirlərində ilhamla təsvir və tərənnüm edən şair Əkbər Qoşalı “Altaylardan qopan atlar” şeirində bu amili belə səciyyələndirir:
Altaylardan qopan atlar
getdiyi göy yoluydu.
Altaylarda doğan Aylar,
biz çıxanda doluydu.
Altaylardan qopan atı
daha kimsə minmədi,
Altaylardan qopan atlar
ağ köpüklü dənizlərə
çatmayınca dinmədi.
Biz çıxanda Ay doluydu,
Biz getdikcə Ay Yolu,
ayağımız üzəngidə əyildi;
Yay-oxumuz qırılanda,
Ay göylərdə bir yay kimi gərildi.
Biz çıxanda Ay doluydu,
çıxdıq oldu Aypara.
Ay Altayda dolunaydı,
Avropada Aypara.
Altaylardan qopan atı,
bir də, bir də minərmi olam?!
Altaylardan qopan atın
ağ köpüklü dənizədək
dinmədiyini görərmi olam?!
Altaylardan qopan atlar
Avropanı nə vaxt adlar? (s.18-19).
Diqqət edək şeirin məzmununa: Altaylardan gedən atların yolu göy yolu – Tanrı yolu kimi, ucalıq – fatehlik yolu kimi müqəddəs tutulur. Burada atın mifik və real cizgiləri vəhdətdə götürülür. İslam dünyasından məlum olan Məhəmməd peyğəmbərin merac səfəri mindiyi Buraq adlı at vasitəsilə göylərdən uçub getməklə gerçəkləşdiyi haqda dini əfsanəyə uyğun olaraq Əkbər Qoşalı da türk atlarının Altaydan göy yoluyla hərəkət etməsini göstərir. Koroğlunun Qıratının qanad çıxarmasına uyğun olaraq bəzən uçaraq qəhrəmanı ağır döyüş meydanından uzaqlaşdırması kimi məqamlar da epik təsvirçilik ənənəsində atın xalq təfəkküründə mistik ilahi gücə malik olduğunu açıb göstərir. Əbəs deyil ki, atın məhz türk – Altay xalqları ilə birbaşa bağlılığı şeirdə birbaşa vurğulanır: “Altaylardan qopan atı daha kimsə minmədi”. Türklərdə at murad hesab olunur və sahibini arzu-istəyinə çatdıran əsas yardımçı funksiyasını yerinə yetirir. At türklərin ta əzəldən etibarlı yol yoldaşı, dar gününün xilaskarı hesab olunub və bu məqamlar şeirdəki misraların dilində bədii inikasını tapıb. Tənqidçi –ədəbiyyatşünas Vaqif Yusiflinin də diqqətini bu şeir cəlb edib:
“Əkbər Qoşalı türkçülüyü tərənnüm edən şairdir. Bəziləri kimi tribunada “mən türkəm, türk oğluyam” deyibən qışqıranlardan deyil. Türkçü olmaq türkün mədəniyyətini, adət-ənənəsini, koloritli dünyasını, azman döyüş ruhunu, basılmaz cəngavərliyini, “Altaylardan qopan atlarını” və əlbəttə, türkün dünyaya hökm edən fatehlərini şeirdə əbədiləşdirməkdir:
Altaylarda qopan atlar
Getdiyi göy yoluydu.
Altaylarda doğan Aylar
Biz çıxanda doluydu.
Yaxud:
Ürəyim hey atlanar –
ürəyim elə atlanar,
yada düşər Altaylar.
və bu mövzuda olan digər şeirlərini də oxusaq, biz qədim türkün bədöy atlarının hənirtisini, döyüş cəngavərlərinin qılınclarının şaqqıltısını, cəng səslərini eşidərik. Əkbər Qoşalı bu şeirlərində AT obrazını qəhrəmanlığın simvolu kimi ümumiləşdirə bilir” (s.7-8).
Bir daha bu fikirlərdə də ifadə olunduğu kimi, burada “At obrazı qəhrəmanlığın simvolu” olaraq təqdim olunub. Atları dünyada ilk dəfə türklərin minik atı kimi, eyni zamanda döyüşlərdə silahdaş kimi və s. işlətməsi inkarolunmaz faktdır. Bu amil də istər-istəməz atların məişətdə – təsərrüfat həyatında, nəqliyyat vasitəsi kimi, habelə döyüşlərdə əvəzolunmaz rolunu açıq-aşkar şəkildə göstərir. Atı minik atı kimi əhliləşdirən, ondan müxtəlif məqsədlərlə istifadə etməyin mümkünlüyünü tarixdə ilk dəfə icad edən türklər ta əski çağlardan atçılığı inkişaf etdirmiş, onu müxtəlif ölkələr və xalqlara satış məqsədilə və s. ixrac etmişlər. Təbii ki, real həyatda olduğu kimi, mifoloji düşüncədə də atın türk dünyasında özünəməxsus mövqeyi var: “Türk mitolojisində at” oçerkindən bir parçaya nəzər salaq:
“At, evcilleştirildiği tarihten itibaren insanın en yakın yardımcısı olmuştur. Ulaşım, taşıma, eğlence, ticaret ve savaşlarda kullanılan at Türkler için hayvandan öte bir kardeş, dost ve arkadaştır. Atın “dost” olaraq görülmesi ata özel bir kişilik verir. Dede Korkut Kitabı`nda Beyrek atına şöyle seslenmektedir: “At dimezem sana kartaş direm, kartaşumdan yig // Başuma iş geldi yoldaş direm yoldaşumdan yig”. Altay destanlarında da aynı algıyla karşılaşılır: “Tüşte bolzo kanadım / Tünde bolzo nökörim (Gecede kanadım / Gündüzde ise arkadaşım)”. Türkmen atasözleri içinde yer alan “Sabah kalktığında önce atanı, sonra atını gör” sözü atın Türk hayatındaki yerini gösterir. Bir kişi için iyi bir ata sahip olmanın önemini ise Divanu Luğati`t-Türk`te geşen “Kuş kanatın er atın (Kuş kanadıyla, er atıyla) sözü belirtmektedir. Jean Paul Roux Altaylıların dünyasında ilk bakışta hayvanların tüm yaşamın arka planında yer aldığını söyler. Bu hayvanlar arasında da at ön sıralarda yer alır.
Kaynaklar atı Türklerin evcilleştirdiği konusunda hemfikirdir. Ata veya at sürüsüne yunt, yılkı; atın dişisine kısrak, erkeğine aygır; tüylerinin rengine don denilmiştir. Türklerin yaşadığı bölge at yetiştiriciliğine uygun bir bölgedir. Kafesoğlu`ndan özetle söylersek Türklerin dahil oldğu “bozkır kültürü” olaraq tanımlanan kültür tipinin merkezinde at yetiştiriciliği ve çobanlık yer almaktdadır. Moğollar atı tanımamakta; Arabistan ve Kuzey Afrika`da at ancak MÖ 1200`lerde görülmekte; Kuzey Kafkaslar`da ve İran`da at ile ilgili arkeolojik buluntular MÖ 900-500 yıllarına tarihlendirilmektedir. Çinliler ata binmeyi ancak MÖ 300`lere gelindiğinde Asya Hunları`ndan öğrenmişlerdir. Asya`da ilk at kalıntıları, Türk anayurdu bölgesindeki Afanasyevo kültürü (MÖ – 2500-1700) ile onun devamı olan Andronovo (MÖ 1700-1200) kültüründe görülmüştür ve Andronovo kültürü çevresine giren yerlerde hep at kalıntıları ile karşılaşılmaktadır. Atı evcilleştirip binmek insanlığın kültür tarihinde çok önemli bir adımdı. Kafesoğlu`na göre asıl önemli olan atın yük ve araba hayvanı olarak değil, binek heyvanı olaraq kullanılmasıdır. Binicilik kısa zamanda askeri değer kazanarak bozkır savaşçılığının temeli olmuşur. Ona göre Türkler;
“at sayesinde sağladığı – iptidai, uyuşuk “yerli” kütleleri zihin durgunluğundan kurtararak, insan iredesine sonsuz faaliyet ufukları açan-sürat kavramı və maddi araç olaraq sahip bulunduğu demir vasıtası ile kendilerine bağladıkları insanları idare etmek üzere yeryüzünde ilk siyasi kadroları vücuda getirmiş, ilk kanun koyucu millet olmuştur”.
Bu ifadelerden yola çıkarak Türklerin Dünya tarihinde tuttuğu yerle, atın Türk mitolojisindeki değerinin birbirini ortaya çıkardığını söyleyebiliriz, Jean Paul Roux`nun da dediği gibi, “Altay uygarlığında, yalnızca oldukları biçimden dolayı değer kazanmış hayvanlar yok gibidir. Her biri farklı nedenlerle ilahi macerayı tanıma şansını elde eder. Bir hayvanın evrensel bir nitelik kazanabilmesinin nedeni, ona özel bir ilgi gösteren toplumun siyasi alanda olağanüstü bir başarı kazanmasıdır”.
At, Türklerin siyasi, dini, iktisadi ve sosial hayatında merkezi bir konumdadır. “Türkler, sürüler halinde yetiştirdikleri atın etini yerler, onu kurban olaraq sunarlar ve her sene özellikle savaş atlarından binlercesini yabancı ülkelere ihraç ederek ekonomilerini sağlarlardı”.
Çin`in, savaş atlarını daha çox ipekle mübadele ettiği zaman-zaman bir Türk atı karşılığında on, otuz, elli top ve ya parça ipek verildiği kaynaklarda kayıtlıdır. Türkler hakkında bilgi veren Batı, Çin, Bizans, Rus, Süryani, İslam kaynaklarında Türklerin atla olan ilişkilerinin yer aldığını belirten Kafesoğlu`nun bu kaynaklardan alıntılarının bazıları şöyledir...”
Türkiyədə nəşr olunmuş kitabdan gətirdiyimiz bu hissədən də öyrənirik ki, atı türklər əhliləşdirmiş, ondan sadəcə bir ev heyvanı kimi yox, nəqliyyat, əyləncə (idman oyunlarında və s.), ticarət, döyüş və s. vasitəsi kimi istifadə edilmişdir. Bundan başqa, ata dost, sirdaş, silahdaş kimi sayğı bəslənilməsi haqda “Kitabi-Dədə Qorqud”da Beyrəyin dilindən atın öyülməsi, Altay dastanlarında “gecədə qanadım, gündüzdə arkadaşım” deyə alqışlanması, habelə türkmən atalar sözündə “Sabah yerindən duranda öncə atanı, sonra atını gör”, “Divani-lüğət-it-türk”də “Quş qanadıyla, ər atıyla” tipli ifadələr yer almışdır ki, bütün bunlar atın ta qədimdən türk dünyasında müqəddəs tutulmasını və müstəsna dərəcədə mühüm yerə malik olduğunu göstərir.
Sitatdan da aydın görünür ki, ta qədimdən türklərdə at hərbi, iqtisadi-siyasi və sosial həyatda mühüm rol oynamışdır. Belə ki, atın əti yeyilmiş, südü içilmiş, atı qurban kəsmişlər. Həmçinin savaş atlarını başqa ölkələrə satar və ölkələrinin iqtisadiyyatını bu yolla gücləndirərdilər.
Qeyd olunduğu kimi, atın ilk olaraq əhliləşdirilməsi faktı türklərə məxsusdur. Deməli, uzaq keçmişlərdə nəqliyyatın, rabitənin inkişaf tapmadığı dövrlərdə belə bir vacib funksiyanı türklər ram edib əhliləşdirdiyi atlar vasitəsilə görmüşlər. Bu gün sivil dünyada nəqliyyat vasitələri olan maşının sürəti-gücü ölçü vahidi olaraq at gücü ilə hesablanır və filan maşın filan qədər at gücü qüvvəsinə malikdir deyilir. Bu da atın həm ilk nəqliyyat vasitəsi olmasından, həm də atın hədsiz gücə və yetərincə sürətə (qaçış qabiliyyətinə) malik olmasından irəli gəlir. Başqa cür ifadə etsək, “filan maşının gücü filan qədər at gücündədir” şəklində maşının dartı gücü ifadə olunur.
Deyildiyi kimi, texnikanın olmadığı, nəqliyyatın olmadığı qədim zamanlarda dünya fatehliyi zamanı türklər atların gücüylə hərəkət edirdilər. Şair Əkbər Qoşalının digər bir şeirində atın bu funksiyanı yerinə yetirməsi ilə bağlı və atın türk həyatında, məişətində buraxdığı təsirlərin əks-sədası ilə bağlı oxuyuruq:
Atlar ayaqlandı Altay tərəfdən,
Atlar qanadlandı Günbatan səmtə;
Soyuqdan əsəndə yüyən tutan əl,
Buğ qalxanda atların, adamların
ağzından,
və sırsıra tutanda kirpikləri-qaşları,
at özü qoparıb şah damarını
içirtdi qanını süvarilərə...
fışqıran o qaynar qanıydı elə -
işlədi iliyə, qarışdı qana,
azarlar-bezarlar qaçdı ordudan.
İgidlər atdan düşüb atlandı yenə;
yeni atlar ilə tərpəndi elat.
Sonradan uşaqlar atağız oldu,
bulaqlar Atbulaq,
yollar atyolu,
aşırımlar dəyişib Atyalı oldu...
Yorğun atlar yetişəndə mənzilə,
günbatan torpağı çiçəkləyirdi.
Atımızın təriylə sulanırdı biçənək...
O ağır, o ləngər, ahəngli yeriş
bərəkət qatırdı torpağa lay-lay...
Günbatanda batdılar
o igidlər, o atlar,
Gün kimi doğsaydılar..! (s.20)
Fikir verin: Altay tərəfdən türklər – türk atlıları Günbatan səmtə - Avropaya doğru ayaqlandılar – qanadlandılar. Atın ayaqlanmağı əslində “qanadlanmağı” ifadəsilə əvəzlənir sonradan. Çünki nəqliyyat vasitəsinin olmadığı o çağlarda ata minib atlanmaq elə quş kimi qanadlanmağa bərabər bir hal sayılırdı. Məhz bu at qaçışına – at sürətinin hesabına türklər Şərqdən Qərbə - Avropaya doğru yürüyüb fatehlik hünəri göstərdilər. “At işlər, ər öyünər” tipli bir el məsəlimiz var ki, burada atın işləməyi müqabilində ərin – çaparın öyünməyi əbəs yerə deyilməyib. Çünki atı yelqanadla çapa bilmək, at belində döyüşkənlik ruhu nümayiş etdirmək əslində (atı işlətmək) məhz ərin – igidin işi – hünəridir. Əbəs deyil ki, atı igidin qardaşı – dar gündə köməyi saymışdır babalarımız. Məhz şair Altaylardan atların qanadlanması ifadəsini işlədərkən, burada atı özünə ram edib hünərlər göstərən Altayları nəzərdə tutmuşdur.
Sonrakı misralarda Əkbər Qoşalı yazır ki, bumbuz soyuqlar düşdükdə, soyuqdan igidlərin donmaması üçün “at öz şah damarının isti qanını içirtdi süvarilərə”. Beləcə, içdikləri atın qanıyla coşan-kükrəyən igidlər yenidən atlanıb yürüşü davam etdirdilər. Əslində bununla şair demək istəyir ki, atı ram edib əhliləşdirən babalarımız atın ətini - ən keyfiyyətli, kalorili ət hesab olunan atın ətini yeməklə, südünü içməklə bütün azar-bezardan uzaq oldular. Şair bu məqamı belə mənalandırır ki, “uşaqlar atağız oldular, bulaqlarımız Atbulaq, yollar atyolu, aşırımlar da dəyişib Atyalı oldu”...
Bu poetik ifadələrdən çıxan məntiq odur ki, at belində böyüyüb – kişiləşən igidlərimiz özləri də sonradan atağızlı oldular – yəni at kimi yekəağızlı, iricüssəli, pəhləvan görkəmli cəngavər igidlər oldular demək istəyir. Bu anda yada “atı atın yanında bağlarsan, həmrəng olmasa da, dönüb həmxasiyyət olar” məsəlimiz düşür. “Kitabi-Dədə Qorqud”dakı Alp Aruza verilən “Atağızlı Aruz” epitetindəki Atağızlı sözü necə ki, Aruzun nəhəng cüssəli bir igid olması nişanını verir, eləcə də şairin yuxarıda dediyi uşaqların böyüyüb atağız olmaları da eynən bu anlama gəlir. Daha doğrusu, epik dastan təhkiyəsindən gələn Atağızlı Aruz epiteti müasir dövrdə poetik yaddaşda yenidən yaşarılıq qazanmışdır. “Qardaşın kimdir, yoldaş olmamışam” mükaliməşəkilli məsəlimizin bir məna qütbü də digər bir məsəlimizdə açılır: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim”. Yəni insan dost-yoldaş olduğu insanla eyni əqidədə olub dostluq-yoldaşlıq elədiyi kimi, türk igidinin də dostu – yoldaşı, qardaşı epik təhkiyəçilik ənənəsindən üzü bu günümüzədək at hesab olunursa, onda türk oğlunun da – igidinin də ata oxşaması – Atağızlı olması tam məqbul haldır. Deməli, igidin atı da özünə tən gəlir, igidin özü ilə bərabər atı da ona yoldaş olub, hünərlər qazanmasında yardımçı olur.
Yuxarıdakı misralarda Atbulaq, Atyalı toponimləri, atyolu ifadəsi də şeirə təsadüfi gətirilməyib. Bütün bunlar mədəniyyətimizdə at kultunun tamamilə oturuşmuş bir hala gəlməsini göstərir. Yuxarıda qeyd etdim ki, nəqliyyat vasitələrinin gücü at gücü vahidi ilə ölçülür. Eyni zamanda xalq arasında müəyyən bir məsafəni qət edib mənzilbaşına yetişmək üçün atyolu anlayışından istifadə olunur. Tutaq ki, hardan harasa məsafəni bildirmək üçün bir at yolu qədər məsafə var və s. şəklində fikir bildirilir. Yəni bu tip ifadələr atın qət edə biləcəyi müəyyən məsafəlik yol nəzərdə tutulmaqla işlədilir. Bundan başqa, Atbulaq və Atyalı adlı kəndlər, qəsəbələr də vardır ki, bunlar da toponimlərimizdə də atla bağlı ifadələrin özünə yer aldığının göstəricisidir. Bunlar da, şübhəsiz ki, atın ta qədimdən türklərin həyatında misilsiz rolunun olduğunu göstərir. At adlarının toponimlərdə “doğulmasına” bədii yozum verən Əkbər Qoşalı yazır:
Yorğun atlar yetişəndə mənzilə,
Günbatan torpağı çiçəkləyirdi,
Atımızın təriylə sulanırdı biçənək...
O ağır, o ləngər, ahəngli yeriş
bərəkət qatırdı torpağa lay-lay...
Türk fatehləri atları ilə günbatana yetişəndə, orda torpaq “çiçək açırdı” deyir şair. Deməli, atın təriylə suvarılan torpaq bərəkətli olurdu, mübarək olurdu, - deyilir poetik dillə. Əlbəttə, bunlar bədii sözdür, obrazlı ifadələrdir. Ancaq bu sözlərin bədii məna qatından real həqiqətlər də dolayısı ilə özünü büruzə verir. Yəni yer-yurd adlarında – toponimlərdə at adlarının özünə yer alması təsadüfi hal daşımır, bunlar at kultu ilə bağlı Xalq düşüncəsinin yer-yurd adlarında proyektiv təzahür şəklidir. Xalqımızın mədəniyyətində, məişətində mövcud olan atla bağlı təsəvvürlərin müxtəlif səviyyələrdə özünü şəkilləndirən paradiqmalarıdır. Ona görə də heç təsadüfi deyil ki, xalqımızın şair oğlu Ə.Qoşalı şeiri arxaik təsəvvürlərə köklənməklə arzu-istək şəklində belə tamamlayır ki:
Günbatanda batdılar
O igidlər, o atlar,
Gün kimi doğsaydılar!..
At belində Avropanı fəth etmiş cəngavər oğullarımızın Günbatanda gün batımı kimi batdıqlarını qeyd edən müəllif təbii ki, onların yenidən gün kimi doğuşunu arzulayır...
Beləliklə, xalqımızın epik düşüncəsində mövcud olanlara və bu epik düşüncə qatından baş alıb gələn bədii mətnlərə istinad etməklə at kultunun xalqımızın mədəniyyət sistemində tutduğu yeri gözdən keçirdik. Atın istər real həyatda, istər bədii-poetik düşüncədə, istərsə də etnik təfəkkürdə daşıdığı qutsal dəyərlər keçmişdə də, indinin özündə də atın xalqımızın həyatındakı müstəsna əhəmiyyətini anlamağa imkan verir.
Şakir Albalıyev
AMEA-nın aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent