Rəşada ilk yardım etmişdilər. Kürəyində bir neçə yara olduğu üçün onu təxliyə etmək istəyirdilər. Lakin o, bütün ağrılara dözərək heç nəyə ehtiyacı olmadığını söyləmişdi. Çünki arzusunun astanasında idi. Şuşaya girmişdilər. Sevincdən ürəyi çırpınırdı. Bu hiss heç nəyə bənzəmirdi. Qürur , zəfər hissi əvəzedilməzdir,- deyə düşünürdü. Yaraları Rəşadı incidirdi. Lakin bu onu qorxutmurdu. Onu tək bir şey narahat edirdi. Evlərini tapmaq istəyirdi. O ev uçmuş olsa da, yenidən yerində yenisini tikəcəkdi. Amma babasının tikdiyi, atasının böyüyüb boya -başa çatdığı həmin evi görüb, nənəsinin oradakı xatirələrini vərəqləmək, özünün o mənzildə qurduğu xəyallarını gerçəkləşdirmək istəyirdi. İki gündən sonra artıq yerləri müəyyənləşdirdi. Haqqında dönə-dönə eşitdiyi məhəllələri gəzməyə başladı. Yenilənən hər şeyə nifrət edirdi. Sanki müqəddəs torpaqlarda kabus gəzmişdi. Bəli, bu yenilik onun gözündə şeytan yuvasına bənzəyirdi. Minlərlə insanı el- obasından, yurd - yuvasından didərgin salıb, onların qanlarına bələnmiş torpaqlarında, qan çanağının üzərində yuva salmışdılar. Ona elə gəlirdi ki, nənəsinin təsvir etdiyi yerdə dayanıb əmisinin, atasının, anasının qan içində olan cəsədlərini , parça – parça olmuş bacısını görür. Bir an elə indicə onların ruhlarının əl - ələ verib arxayınlıqla göylərə qalxdığını düşündü. Nənəsinin ruhuna sakitlik çökmüşdü. Qarının ruhu oğlanlarının ruhuna qovuşub dalğa-dalğa göylərə qalxırdı. Rəşad yumruqlarını düyünləmişdi. O, atasıgili deyil, nənəsini səsləmək istəyirdi. Evdən çıxanda qoyun cibinə qoyduğu kəhrəba bıçağı çıxarıb ovcuna aldı. Buludların arasından sürəti gözünə görünən nənəsinə tərəf uzadıb pıçıldadı: “ Bütün əmanətlərini yerinə qoyacam , nənə”. Qarının sürəti gülümsəyə - gülümsəyə uzaqlaşır və pıçıldayırdı: “Sənə deyirdim , oğlum Möhtərəm Ali Baş Komandanımız İlham Əliyev torpaqları mütləq qaytaracaq ona güvənirdim, inanırdım.”
Rəşad xəyaldan ayrılsa da ətrafa göz gəzdirib dayandığı elə bu məkan atasıgilin qətlə yetirildiyi yer olduğunu düşündü. Gözləri yaşarmışdı. Üzü aşağıya doğru irəliləyirdi. Uzaqdan gözü bir evi almışdı. Öz evləri olduğunu zənn edirdi. Çünki nənəsi danışdıqca gözünün önündə canlanan həmin bu mənzərə idi. Qırmızı kirəmitli, azca kürsülü, pəncərələri ağ daşla haşiləyənmiş ev onu gözləyirdi. Sanki Rəşad,- deyib səsləyirdi. Hələ uzaqdan evin bir tərəfini mərmi dağıtdığnı aydın görürdü .O, yanında gedən oğlanları arxada qoyub qaçmağa başladı. Evə çatıb : “ Vallah bizim evdir , yadıma gəlir”,- dedi. Onun gözündən yaş axırdı. Nənə, gəldim tapdım evimizi,- deyib təkrarlayırdı. Dayanıb yaddaşını işə saldı. Pilləkənlə yuxarı qalxdı. Tavanın bir yanını mərmi dağıtmış olsa da köhnə əşyalar yerində idi. Yumru masaya yaxınlaşıb , nənəsinin masanı lalə stol adlandırdığını xatırladı. Mənzildə köhnə əşyalarla yanaşı təzə avadanlıqlar da var idi. Rəşad bu yeni əşyaların onlara aid olmadığını düşünürdü. Sol divardakı qarmağı görəndə bütün bədəni titrədi. Aman Allah nənəsi dediyi qarmaq yerində idi. Otaqları dəli kimi dolaşıb, uzun, tənha gecələrdə gözünün önündə canlandırdığı xatirələri yada salırdı. Həmişə xəyalında bağa açılan bu pəncərədən çölə baxırdı. Demək əslində öz evlərini xatırlayırmış. Amma ona elə gəlirdi bütün bunları xəyal edir. Hisslər bir - birinə qarışmışdı. İlahi bu nə hissdir? Bu nə sevincdir. Bu əvəzedilməz hissi dillə anlatmaq mümkün deyil, bunu yaşamayan duya bilməz ,- deyə fikirləşirdi. O, bu sevinci, bu müqəddəs hissi xalqa yaşadan Ali Baş Komandan İlham Əliyevi düşünürdü .Onun dəmir yumruğunu, qırılmaz əzmini, iti ağlını, xalqa , torpağa olan sevgisini xatırlayırdı. Hansı ki, cəbhə boyunca ordu o, əzəmətli sərkərdənin yenilməz əzminə arxalanıb irəliləmişdi.
Rəşadgil iki - üç günə evə dönməli idilər. Şuşadan ayrılmaq istəməsə də evə zəfərlə qayıtmaq çox gözəl hiss idi. Sanki ürəyi köksünə sığmırdı. Bu iki günü doyunca gəzib dolaşdı. Nənəsinin suyundan ötəri dili , dodağı yandığı bulaqdan onun əvəzinə doyunca su içdi. Doğrudan da su dadlı imiş ,suyun dadı olduğunu indi anlayırdı. Qarı deyirdi: Şuşada hər bulağın öz tamı var. Hələlik nənəsinin ruhunu şad etmək üçün bulaqdan su və məhlələrindən torpaq götürdü. Qarının ruhu şad olacağına əmin idi.
Evlərinə axşam tərəfi çatdı. Gülşah zəfərdən xəbərdar olsa da , bu günlərdə Rəşadının gəlməyini gözləmirdi. Qız həyətdə şala bürünüb otururdu. Oğlanı görəndə yerindən dik atılıb Rəşad,- deyə qışqırdı. Səsindən özü diksinib ,oğlanın boğazına sarıldı. Yaraları sızıldasa da o, yaralı qolu ilə qızı qucaqlayıb sinəsinə sıxdı. İlk günlər yaralarının müalicəsi ilə məşğul oldu .Özünə gələn kimi Şuşadan gətirdiyi suyu və torpağı nənəsinin məzarı üzərinə töküb pıçıldadı: Nənə, sənin qəbrini Şuşaya köçürəcəm. O, nənəsinə arxayınlıqla söz verirdi. Qarının ona inandığına da əmin idi. Axı nənəsi ulu öndər Heydər Əliyevə inanırdı. Onun torpaqlarımızı mütləq qaytaracayıq deməyinə güvənirdi, bu günü gözləyirdi. Evə sevincək gəlmişdi. İçinə rahatlıq çökmüşdü.Televizorda isə İlham Əliyev atasının qəbri üzərində ona verdiyi vədi yerinə yetirdiyini ,torpaqlarımızı düşmən tapdağından azad etdiyini ,Şuşanı qaytardığını,- deyirdi. Rəşadın sevincdən gözləri yaşardı. Kaş bu günü nənəm görəydi deyə düşünürdü.Bu sevinci yaşayaydı.
Həmin gün Rəşad bir şad xəbər də eşitdi. Gülşah hamilə idi. Bir ildən sonra Rəşadın nur topu kimi bir oğlu dünyaya gəldi. O, babasından qalma evlərini təmir etdirib nənəsinin illərlə qoynunda saxladığı açarı həmin qarmaqdan asdı .Qarının otuz ilə yaxın özü ilə gəzdirdiyi əşyaları onun istəyi yerə qoydu. Ürəyinə, ruhuna sakitlik çökmüşdü. Bir səhər oğlunu qucağına alıb,eyvanda dayanmışdı. Payızın sazağı kürəyində , qollarında olan köhnə yaraları sızıldadırdı. Lakin o, sızıltıdan oğlanın ürəyinə bir sərinlik axırdı. Bu misilsiz sevinci yaşayan minlərlə insanı xatırlayıb düşünürdü: Bu xalq ona bu sevinci yaşadan, xalqın kimliyini , mənliyini , vüqarını ona qaytaran əzəmətli prezidentinə daim minnətdar olacaq. Qərinələr ötəcək ,əsrlər keçəcək adını tarixə qızıl hərflərlə yazan , xalqını zəfərdən zəfərə aparan yenilməz lider İlham Əliyevin şəninə,qəhrəmanlıq dastanları, zəfər nəğmələri,şeirlər , poemalar yazılacaq deyə düşünürdü. Zəfər nəğməsi qulağına gəlirdi. Onu bütün xalq oxuyurdu. Rəşad isə oğlunu sinəsinə sıxıb , körpənin qulağına Qarabağ
Azərbaycandır!- deyirdi.
Dərya Qılıc (Nailə)
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Prezident təqaüdçüsü