“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən II yazı
Hər bir millətin özünü, yalnız ona xas olan xüsusiyyətlərini nümayiş etdirən elementlər ilk növbədə, müəyyən millətin dəyərləri və mənəvi mirasıdır. Dil, adət və ənənələr, millətin mədəniyyəti və sənəti milli dəyərlər sırasına daxil olur. Millətin birinci göstəricisi onun ana dili olsa, mədəniyyət onun xarakterini müəyyən edən əsas göstəricilərdən sayılır.
Əsrlər boyu yaşayıb gələn milli dəyərlərin davamlılığı ən əvvəl xalqın bu mirası nə qədər qoruyub saxlamasına bağlıdır. Özünü itirən xalqların ilk növbədə dilindən, sonra digər dəyərlərindən ayrılacağına dair tarixdə nümunələr çoxdur. Cəmiyyətin inkişafında bu cür itkilərə səbəb olan amillər var, millətin fədaəvərləri məhz bunlardan ehtiyatlı olmalıdırlar. Sovet dövründə “Get-gedə millətlər yox olub, yeganə sovet milləti yaranacaq” kimi təhlükəli yanaşmalar irəli sürülmüşdü, amma millətlər özlüyünü qorumaq üçün nə qədər mübarizə apardıqlarını böyük və orta nəsil nümayəndələri yaxşı bilir.
İnsanlığın yaratdığı müxtəlif sahələrdəki biliklər - bədii və elmi əsərlər, rəssamlıq və heykəltəraşlıq sənəti nümunələri, memarlıq abidələri, kino və teatr əsərləri, kitabxanalar və muzeylər hər bir millətin mənəvi irsi hesab olunur. Ataların miras qoyduğu ənənələri qoruyub inkişaf etdirən və onu öz inkişaf yolunda istifadə edən millət dünyada uzun müddət qala bilər.
Dünya tarixinə nəzər salsaq, elmin müxtəlif sahələrində zəngin miras qoyan alimlərin əksəriyyətinin Türküstan ərazisində yaşayıb, fəaliyyət göstərdiyini görürük. Əl-Xarəzminin əlcəbr və riyaziyyat, İbn Sinanın tibb, fəlsəfə, ədəbiyyat və musiqi, Əlişir Nəvainin şeir, İmam Buxari, İmam Maturidi, İmam Termizinin hədis və dinşünaslıq, Bəhəuddin Nəqşbəndin fəlsəfə sahəsindəki fəaliyyətləri dünya tərəfindən tanınmış, yüksək dərəcədə qiymətləndirilmişdir. Saydığımız ulu əcdadlarımız – böyük silsilənin kiçik bir hissəsidir yalnız. Bölgəmizdə onlar kimi minlərlə biz bilən və bilməyən böyük alimlər yaşamışdır.
Milli dəyərlərin və mənəvi mirasın cəmiyyətin inkişafındakı rolu təkcə ölçülə bilməzdir. Dəyərlərin davamlılığı sayəsində müəyyən xalq öz milli kimliyini qoruyub saxlayırsa, mənəvi irsdən səmərəli istifadə edərək inkişafın yüksək zirvələrinə çatmaq mümkündür. Bu gün cəmiyyət həyatının ayrılmaz bir hissəsi halına gəlmiş kompüter və mobil telefonların iş prinsipi arxasında ulu babamız Xarəzmiyin yaratdığı algoritm anlayışı dayanır ki, bunu hər kəs də bilməz. Dünya hələ də İbn Sina təlimatından dərs alır, onun yaratdığı müalicə üsullarından istifadə edir. Əl-Fərqaniyin yaratdığı “nilomər” qurğusu yaxın zamanlara qədər Nil çayının suyunu ölçmək üçün əsas vasitə sayılırdı. Sahibqıran Əmir Teymurun hökmdarlıq və sərkərdilik təcrübəsi hələ də hərbi təhsil müəssisələrində tədris olunur. Farabi isə haqlı olaraq Aristoteldən sonra “İkinci müəllim” kimi tanınır. Mirzə Uluqbəyin fəlsəfəyə dair kəşfləri, onun “Zic-i Körəgəni” cədvəli bir neçə əsr boyunca dünya astronomiya məktəblərində dərslik olub.
Qədimdən qalan sənət nümunələri bugün də milli şüur və mədəniyyətin yüksəlməsinə xidmət edir. Ölkəmizdə yaradılmış müstəsna musiqi mirası sayılan “Şəşməqam” YUNESKO tərəfindən insanlığın qeyri-maddi mirası kimi tanınması da fikrimizə dəlildir. Dünən və bu gün özbək mahnı sənətində yaradılan və sabah yaradılacaq bütün əsərlər, şübhəsiz, “Şəşməqam”dan bəhrə alır.
Daşkənd, Səmərqənd, Buxara, Xarəzm, Şəhrisəbz və Fərqanə vadisində saxlanmış memarlıq abidələri bu gün də öz mahiyyətləri və yüksək zövqü ilə insanları heyrətləndirir. Belə nadir sənət nümunələri gənc nəsli milli dəyərlərimizə, mədəni irsimizə hörmət ruhunda tərbiyələndirməkdə, onların ürəklərində milli qüruru formalaşdırmaqda mühüm rol oynayır.
Müstəqillik nəticəsində yenidən doğulmuş özbək döyüşü – millətimizin zəka əlamətidir. Dünya tərəfindən tanınan bu idman növü ildən-ilə populyarlaşır, onun terminləri dünya arenasında saf özbək dilində səslənir. Xalq dahası tərəfindən yaradılan bu kəşf özünün sadəliyi, dürüstlüyü və cəsarəti ilə digər idman növlərindən kəskin şəkildə fərqlənir.
Tez inkişaf edən dünya “qloballaşma” adlı çərçivəyə düşüb, bu millətlər üçün real təhlükə yaradır. Eyni şəkildə düşünmək, oxumaq, danışmaq və geyinmək insanları mankurt və zombiyə çevirə bilər, özünü unutmuş insan heç çəkinmədən vətəni və millətini tərk edər əlbəttə. Bu təhlükədən cəmiyyət yalnız milli dəyərlər, əcdadlarımızdan qalan mənəvi miras sayəsində xilas ola bilərik. Bunun üçün isə yalnız millət ziyalıları deyil, bütün cəmiyyət birgə çalışmalıdır. Mədəniyyət və mənəviyyat sahəsindəki adamlar, şairlər və yazıçılar, jurnalistlər və müəllimlər ilə yanaşı, hər bir ailə başçısı milli dəyər və mənəvi mirasını qoruyub saxlamaq üçün ürəkdən çalışmalıdır. Beləliklə, özbək milləti dünya xəritəsində əbədi olaraq qalacaq. Zira, yalnız kökləri dərinlərə gedən və ana torpaqdan su içən ağaclar uzun ömür sürə bilər.
Dilabər Corayeva,
Özbəkistan Respublikası Mədəniyyət və Maarif MərkəzininAlat rayon bölməsinin baş mütəxəssisi