Ədəbiyyat
3913
18 May 2023 | 13:55

"Sizi aldadırlar, başınızı qatırlar, heç vaxt aldanmayın, özünüzə heyfiniz gəlsin..."

“İradə İsakı tanıyıram, bizim yadda qalan televiziya aparıcılarından biridir. Amma bilmirəm niyə elə deyib ki, kişilər corablarını axtarıb tapa bilmirlər. Yəqin ki, İradə xanımı hansısa kişi nə vaxtsa axtarıb tapıb. Bəs onda corab tapa bilməyən kişi İradə xanım kimi gözəl, tanınmış bir adamı necə tapıb? İradə xanımın bu fikrinin heç bir söynkənəcək yeri yoxdur”
 
Bunu Adalet.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı gender bərabərliyini ortaya atan adamların qadınların düşməni olduğunu bildirib:
 
“Mən həmişə demişəm və yenə də təkrar edirəm. Gender bərabərliyi son illər ortaya çıxdı. Heç gender bərabərliyi yox idi, Azərbaycan xalqı bir milyon iki yüz min il belə yaşayırdı. Sadəcə mənim bu qadınlara ürəyim ağrıyır. Bunu televizada da, mətbuatda da demişəm ki, gender bərabərliyini kim ortaya atıbsa, o, qadınların düşmənidir. Bunu ortaya atanlar və dəstəkləyənlər ancaq qadınları hərifləməklə məşğuldurlar. Səhər dur kişiylə bərabər işə get, orda əziyyət çək, axşam evə qayıdıb uşaqları rahatla, dərslərinə bax, yeməklərini hazırla, uşaqlar yatandan sonra kişinin də qulluğunda dur. Biz bu boyda işi niyə qadına yükləyirik? Mən bunu vicdansızlıq hesab edirəm. Hörmətli, gözəl xanımlar, gender bərabərliyinə uymayın, özünüzə heyfiniz gəlsin. Siz hansı zirvəyə gedib çatsanız da biznesdə, ictimai həyatda hansı zirvələri fəth eləsəniz də,  analıq və bir kişinin xanımlığı zirvəsindən heç də yuxarı qalxa bilməyəcəksiniz. Həmişə onun aşağısında olacaqsınız. Ona görə də mənim sizə ürəyim ağrıyır. Mənim də anam, bacım var, baxıram və görürəm ki, üz-gözlərindən zəhrimar tökülür, çünki əziyyətləri həddən artıq çoxdur. Gecə-gündüz kombayn kimi işləyən xanımdan nə xanımlıq gözləyirsən. Fikrimi son otuz beş ildə dəbdən düşmüş dünyanın dahilərindən biri olan Karl Marksın fikri ilə yekunlaşdırmaq istəyirəm. Marks deyirdi ki, “qadınların gücü onların zəifliyində və zərifliyindədir”. Ona görə də analıqdan, bir evin xanımı olmaqdan qadın üçün yüksək heç bir zirvə yoxdur. Əgər deyirlərsə var, yalançı bir şeydir. Sizi aldadırlar, başınızı qatırlar. Heç vaxt aldanmayın  və mən də sizi dəstəkləməyə hazıram”. 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər