Tanınmış şair Namiq Hacıheydərli redaksiyamıza öz yaradıcılığı üçün ənənəvi olmayan bir neçə şeirini göndərib.
Moderator.az həmin şeirləri oxucularına təqdim edir:
Məcnundan sonra
Məcnundan sonra; Min ildi səhra küləkləri Sərgərdan gəzir-dolaşır Ayağına toxunmağa... Min ildi güllər-çiçəklər Ağaclar quşlar Ceyranlar-cüyürlər Və... Yırtıcılar insan axtarır... İnsan axtarır; səcdəsinə durmağa...
Qız ağaclar
Bir kərə bəzənər ağaclar Cəmi bir kərə Hər il bahar gəlincə geyər güllü donunu qız ağaclar ağac qızlar; Oğlan yolu gözlərlər Onlara oğlanı küləklər gətirər Günəş evləndirər onları Hamilə qalınca çıxarar güllü donunu Ana olmağa baxar Övlad böyüdər. Bir kərə bəzənər ağaclar Cəmi bir kərə...
Tərəzidə
Tərəzidə yüngül gəldik Tanrının yazığı gəldi Dərd verdi bizə böyümək üçün Ağır gəlmək üçün Böyümədik Böyüyə bilmədik Dərdlərimizə qurd düşdü Yazıq oldu...
Şam
Axşam Yanan şam Qaranlığın tən ortasından Başladı yol açmağa Bizi ardınca aparmağa... Cığır uzandı sabaha doğru Işıq cığırı... Bu gecə Dilim-dilim yandı Gilə-gilə əridi şam (Səhərə qədər Oyaq qaldı açdığı cığırla yol getdi şam) Dan yeri ağaranda Bizi günəşə əmanət verib Canını tapşırdı. Ölmədi; Göylərə yüksəldi, Şəhid oldu şam...
Yalquzaq
Ömründə bircə yol Eş seçər özünə boz qurd Birlikdə gəzər Birlikdə ömür sürər Birlikdə yatıb-durar nəfəs-nəfəsə... Eşini itirərsə; Tənhalaşar Bir daha eş aramaz Beləcə, Yalquzaq olar bozqurd Boz qurd ”“ yırtıcı dediyin...
Zəminxarə
Zəminxarə Qorqud Atadan sonra Bitib-tükənmək bilməyən Min illik acılarımın ismidi. Güneydə əzilən Kərkükdə üzülən On yerə bölünən Divlərdən hava əjdahadan su dilənən... millətimin səslə çəkilmiş rəsmidi zəminxarə...
Min adam
Üç gündü Soyuducunun qapısı açılıb-bağlanmırdı Üç gündü Çocuqlar oyuncaq yox Çörək istəyirdi ondan Üç gündü qonşu otaqdan Xanımının səsi gəlmirdi: “Yemətin hazırdı, gəl”!-deyə... ...Telefonu gözdən keçirdi Adlara, nömrələrə baxdı bir-bir Nə az, nə çox: min nömrə! Min nömrə, min ad vardı telefonunda Fəqət, Min adamın içindən Durumunu söyləyəcək Dərdini aça biləcək Kimisə seçə bilmədi... Iniltili ah qopdu sinəsindən Acı-acı güldü adam Telefondan min adın Minini də sildi adam...