Qulu Məhərrəmli: “Bu millətə, onun tarixinə və ədəbiyyatına onun qədər bağlı olan çox az söz adamı var”
Bu gün türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 97-ci ildönümüdür. Bu münasibətlə Moderator.az-a açıqlama verən professor Qulu Məhərrəmli Bəxtiyar Vahabzadə haqqında maraqlı fikirlər səsləndirib:
“Bəxtiyar Vahabzadə XX əsr Azərbaycan poeziyasının ən görkəmli simalarından biridir. O, sözün həqiqi mənasıdna intellektual, rəngarəng poeziya mühitimizdə özünəməxsus yeri olan şairdir.
Bütün şairlərdə vətən, millət duyğusu var və bunu da çox gözəl şəkildə ifadə edirlər. Amma oxucu şüurunda, azərbyacanlı şüurunda Bəxtiyar Vahabzadənin xüsusi yeri var. Bu da səbəbsiz deyil. Sözün susqun olduğu vaxtlarda belə Bəxtiyar Vahbzadə milli problemləri qaldırıb, “Gülüstan” poemasını yazıb. Azərbaycan xalqının milli kimliyi haqqədna danışıb. Bütün bunlar da poeziyanın yaddaşıdna qalıb, şairi oxuculara sevdirib.
Bəxtiyar Vahabzadə fəlsəfi şairlərimizdəndir. Onun hər misrası sanki konseptual bir fikri ifadə edir. O, qələmini bir çox sahələrdə sınayıb. Onun gözəl dram əsərləri, radio pyesləri var. Bəxtiyar müəllimin publisitikası haqqıdna ayrıca danışmaq olar. Haqq, ədalət, insanlara humanist yanaşmaq Bəxtiyar Vahabzadənin publisistik yaradıcılığında önəmli yer tutur. O, Səməd Vurğunun yaradıcılığını dərindən araşdırmışdı və özü də əslində Səməd Vurğun poeziyası xəttinə malik söz ustası idi.
Mən Bəxtiyar Vahabzadəni şəxsən tanıyırdım, Şirməmməd müəllimlə onların evində olurdum. Bir dəfə gedəndə professor məlumat verdi ki, Bəxtiyar, bildin də Vyanada Üzeyir bəyin heykəlini qoyublar. O, bu xəbərdən çox sevindi və hönkürtü ilə ağladı. O, sevindi ki, bu millətin oğluna belə böyük dəyər verirlər. Biri var ki, sözdə milli duyğulara böyük dəyər verirsən, biri də var əməldə. Kimsə Bəxtiyar müəllimin şeirlərindən xoşlanıb-xoşlanmaya bilər. Bu, başqa mövzudur. Bu, oxucu zövqü ilə bağlıdır. Amma bu xalqın vətənə, millətə, onun tarixinə və ədəbiyyatına bu dərəcədə vurğun olan, onun keşiyində bu cür dayanan çox az söz adamı var. Ona görə də biz bu gün onun doğum günüdə Bəxtiyar müəllimi sevgi ilə yad edir, onun ruhuna dualar oxuyuruq. Nə qədər ki, Azərbaycan ədəbiyyatı var, Bəxtiyar müəllim bir o qədər də anılacaq”.
Seymur ƏLİYEV