Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilir.
Azərbaycan xalqının böyük şairlərindən Nizami Gəncəvi haqqında belə bir müsabiqənin keçirilməsi, Nizami irsinin öyrənilməsi və təbliği baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu cür müsabiqələr yeniyetmələrimizə, gənclərimizə hansı elmi-əxlaqi məziyyətlər qazandırır?
Moderator.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov, belə müsabiqələrin böyük önəm kəsb etdiyini bildirib:
“Nizami Gəncəvi ilə bağlı belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirirəm. Bu cür müsabiqələr keçirilməlidir ki, yeniyetmələrimiz, gənclərimiz Nizami Gəncəvini dərindən dərk edə bilsinlər.
Bu gün məktəblərimizdə Nizami Gəncəvinin əsasən bir əsəri geniş tədris olunur. Amma elə olmalıdır ki, orta məktəb dönəmində Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlər oxunulsun. “Xəmsə”yə daxil olan əsərlərin hamısının tərcüməsi var. Bu tərcümənin keyfiyyəti hansı səviyyədədir, bu, tamam başqa məsələdir. Lakin hər halda, orta məktəb səviyyəsində bu tərcümənin keyfiyyəti yarayır. Buna görə də, orta məktəblərdə Nizaminin “Xəmsə”sinə daxil olan əsərlərin hamısının oxunulması təmin edilməlidir. Təmin edilməlidir ki, uşaqlar Nizamini tanısınlar, onun dünya səviyyəli böyük azərbaycanlı olduğunu dərk etsinlər.
Bizim uşaqlarımız Nizami Gəncəvi haqqında ən ümumi mülahizələri bilirlər. Nizami Gəncəvi elə böyük şəxsiyyətlərdən, şairlərdəndir ki, onun əsərlərini biləndə dünya ədəbiyaytını, dünya ictimai fikrini, dünya əxlaqi-mənəvi sistemini bilirsən. Buna görə də, belə müsabiqələr çox keçirilməlidir.
Bu baxımdan Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsini keçirilməsini təqdir edir, təşkilatçılara və iştirakçılara uğurlar arzulayıram”.
Seymur ƏLİYEV