"Təkcə hərbi güclə qalib gəlmək dövrü başa çatır..."
Ukrayna müharibəsi müasir dövrdə hərbi güc və texnologiya arasındakı münasibətlərə dair köhnə təsəvvürləri ciddi şəkildə dəyişib. Həm Qərb ekspertləri, həm də hərbi analitiklərin fikrincə, bu müharibə böyük ordular və nəhəng hərbi büdcələrin artıq qələbəyə avtomatik zəmanət vermədiyini göstərib.
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
Nəşr yazır ki, Ukrayna Rusiyadan qat-qat zəif hərbi potensiala malik olmasına baxmayaraq, cəbhəni qorumağa və Rusiyanın dərinliklərində yerləşən hədəflərə getdikcə daha ağrılı zərbələr endirməyə nail olub. ABŞ-ın istefada olan bir neçə generalı da son meyllərin Ukraynanın döyüş meydanında üstünlük əldə etdiyini göstərdiyini bildirir.
Dronlar müharibənin qaydalarını dəyişir
Ekspertlərin fikrincə, müharibənin gedişinə ən ciddi təsir göstərən amil pilotsuz uçuş aparatlarının inkişafıdır. Əgər əvvəllər uzaq məsafələrə yüksək dəqiqlikli zərbələr endirmək əsasən böyük dövlətlərin imkanları daxilində idisə, indi daha ucuz və effektiv texnologiyalar kiçik ölkələrə də ciddi imkanlar yaradır.
ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin keçmiş rəhbəri, istefada olan general-leytenant Robert Eşlinin sözlərinə görə, Ukrayna düşmənin əməliyyat əhəmiyyətli hədəflərini məhv edir, gələcək əməliyyatlar üçün şərait yaradır və təşəbbüsü əlində saxlayır. Digər amerikalı generallar da bu qiymətləndirmə ilə razılaşaraq bildirirlər ki, Ukrayna bir çox istiqamətdə Rusiyanı qabaqlayır.
"İşğal müharibələri əvvəlki kimi işləmir"
Analitiklər hesab edirlər ki, Ukrayna müharibəsinin ən mühüm dərslərindən biri böyük hərbi üstünlüyün artıq qələbəni təmin etməməsidir. İtaliyanın müdafiə naziri Quido Krozettonun fikrincə, müqavimət göstərmək əzmi olan bir xalqı yalnız silah gücü ilə məğlub etmək demək olar ki, mümkün deyil.
Niderland Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onno Eyxelşaym da bildirir ki, müasir dünyada bir ölkəni işğal etmək və ya hakimiyyəti dəyişmək əvvəlki dövrlərlə müqayisədə xeyli çətinləşib. Onun sözlərinə görə, hücumun ilk həftələrində nəticə əldə olunmadıqda müharibə uzunmüddətli qarşıdurmaya çevrilir və tərəflər dalana dirənirlər.
Çinin diqqətlə izlədiyi təcrübə
Müharibənin nəticələri Pekində də yaxından araşdırılır. Çinli hərbi ekspert Çjou Bo qeyd edir ki, Ukrayna müharibəsi dronların gələcək münaqişələrdə həlledici rol oynayacağını göstərib. Onun sözlərinə görə, Çin böyük dron istehsalçısı olsa da, onların real döyüş şəraitində tətbiqi ilə bağlı təcrübəyə malik deyil.
Ekspertlər eyni zamanda hesab edirlər ki, nə Rusiya, nə də Ukrayna hələlik müharibəni dayandırmağa hazır görünür. Hər iki tərəf qələbənin mümkün olduğuna inanır. Lakin artıq aydın görünür ki, müasir müharibələrdə texnologiya, innovasiya və cəmiyyətin müqavimət iradəsi çox vaxt tankların, canlı qüvvənin və hərbi büdcələrin həcmindən daha böyük rol oynayır.