"ABŞ-ın İran uğursuzluğundan sonra yeni avantüra ehtimalı gündəmdədir..."
Vaşinqtonun son həftələrdə Kubaya qarşı addımlarını sərtləşdirməsi heç də təsadüfi deyil.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "National Review" nəşri yazıb.
Kubaya qarşı yeni təzyiq dalğası
Müəllif hesab edir ki, Donald Tramp administrasiyası İran istiqamətindəki problemlərdən diqqəti yayındırmaq üçün Karib hövzəsində yeni güc nümayişinə hazırlaşa bilər. ABŞ Ədliyyə Nazirliyi Kuba inqilabının simalarından biri olan Raul Kastro və bir neçə kubalı rəsmiyə qarşı ittiham irəli sürüb. Onlar 1996-cı ildə iki mülki təyyarənin vurulmasına görə günahlandırılır. Həmin hadisədə dörd nəfər həlak olmuşdu və ölənlərdən üçü ABŞ vətəndaşı olub.
"Nimits" Karib dənizində: Vaşinqton əməliyyata hazırlaşır?
Məqalədə qeyd olunur ki, ittihamların açıqlanması Vaşinqtonun Kubaya qarşı iqtisadi və hərbi təzyiqləri gücləndirdiyi vaxta təsadüf edir. Tramp administrasiyası adaya neft tədarükünü məhdudlaşdıran qərarlar qəbul edib, eyni zamanda ABŞ-ın "Nimits" aviadaşıyıcısı Karib dənizinə göndərilib.
Bundan əlavə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Havanaya səfəri və Kuba rəhbərliyindən "tammiqyaslı dəyişikliklər" tələb etməsi diqqət çəkib. Müəllif hesab edir ki, Raul Kastroya qarşı ittiham gələcək hərbi əməliyyat üçün hüquqi zəmin yaratmaq cəhdi ola bilər. Məqalədə bu ssenari əvvəllər Venesuela lideri Nikolas Maduroya qarşı planlaşdırılan əməliyyatlarla müqayisə edilir.
ABŞ özü üçün təhlükəli presedent yaradır?
Yazıda xatırladılır ki, 94 yaşlı Raul Kastro 1959-cu ildən Kubadakı kommunist sisteminin əsas fiqurlarından biri olub və qardaşı Fidel Kastro ilə birlikdə ölkəni SSRİ-nin əsas müttəfiqlərindən birinə çevirib. Müəllif bildirir ki, rəsmi vəzifələrdən getsə də, Raul Kastro hələ də Kubada "kölgə hakimiyyəti" sayılır.
Məqalənin ən mübahisəli hissəsi isə ABŞ-ın özü ilə bağlıdır. Müəllif Vaşinqtonun Kuba rəhbərliyini beynəlxalq sularda mülki hədəflərə zərbə endirməkdə ittiham etməsinin ABŞ ordusunun Karib hövzəsində həyata keçirdiyi əməliyyatlarla ziddiyyət təşkil etdiyini yazır. Onun fikrincə, bu yanaşma gələcəkdə ABŞ-ın özünə qarşı da oxşar ittihamların irəli sürülməsi üçün presedent yarada bilər.