ABŞ Prezidenti Donald Trampın Çinə səfəri beynəlxalq siyasətdə ən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Dünyanın iki ən böyük iqtisadi və siyasi gücü arasında münasibətlərin inkişafı yalnız Vaşinqton və Pekin üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün mühüm əhəmiyyət daşıyır. ABŞ və Çin münasibətləri son illərdə ticarət müharibələri, texnologiya sahəsində rəqabət, Tayvan məsələsi və regional təhlükəsizlik problemləri səbəbindən mürəkkəb mərhələdən keçib. Məhz belə bir şəraitdə Donald Trampın Çinə səfəri tərəflər arasında dialoqun bərpası və münasibətlərin yeni istiqamətdə inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
İqtisadi münasibətlər
Səfər çərçivəsində əsas müzakirə mövzularından biri iqtisadi münasibətlər olub. ABŞ və Çin dünya iqtisadiyyatının əsas lokomotivləri hesab olunur, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi yüzmilyardlarla dollarla ölçülür. Buna görə də tərəflər arasında yaranan hər hansı gərginlik qlobal bazarlara birbaşa təsir edir. Donald Tramp görüşdən sonra Çinlə ticarət münasibətlərində ABŞ-nin maraqlarının qorunmasını prioritet məsələ kimi təqdim edib. Çin tərəfi isə iqtisadi əməkdaşlığın qarşılıqlı fayda prinsipi əsasında davam etdirilməsinin vacibliyini vurğulayıb.
Təhlükəsizlik və geosiyasi məsələlər
Səfər zamanı təhlükəsizlik və geosiyasi məsələlər də əsas gündəm mövzuları sırasında yer alıb. Xüsusilə Asiya-Sakit okean regionunda güc balansı, Tayvan ətrafında artan gərginlik və Cənubi Çin dənizindəki vəziyyət tərəflər arasında fikir mübadiləsinə səbəb olub. ABŞ regionda öz strateji maraqlarını qorumağa çalışdığı halda, Çin daxili məsələlərinə xarici müdaxiləni qəbul etmədiyini bəyan edir.
Səfərin nəticələri gələcəkdə ABŞ-Çin münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə müəyyən təsir göstərəcək. Əgər tərəflər qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını genişləndirə bilsələr, bu, dünya iqtisadiyyatı və beynəlxalq təhlükəsizlik baxımından müsbət nəticələr doğura bilər. Əks halda isə iki böyük güc arasında rəqabətin daha da sərtləşməsi qlobal siyasi proseslərə təsirsiz ötüşməyəcək.
Tayvan narazı qalıb
Ən əsası Donald Trampın Çin Sədri Si Cinpinlə "Tayvan məsələsi"ni müzakirə etməsi ada hakimiyyətini narahat edib. Onlar bəyan ediblər ki, adanın mövqeyi birmənalıdır: Tayvan Çinin tərkib hissəsi olmayan suveren bir ölkədir. Buna görə də adanın gələcəyinə dair müzakirələri orada qəbuledilməz hesab edirlər. Bu "Tayvan mesajı" təkcə Çin rəhbərliyinə deyil, həm də ABŞ prezidentinə ünvanlanıb. Tayvan lideri Lay Çindenin ofisinin nümayəndəsi Karen Ko bəyan edib ki, onlara suveren ölkədirlər və bu, hamı üçün aydındır. Əgər Si söhbətdə Trampı Tayvan məsələsində "səhv" addımlardan çəkindirməsəydi, bəlkə də Taypeyin belə bir şərhə ehtiyacı olmazdı. Buna görə də Tramp "Fox News"a müsahibəsində Tayvanın müstəqillik elan etməsinə yönəlmiş istənilən cəhdləri bəyənmədiyini bildirib. Ağ Evin sahibinin sözlərinə görə, müstəqillik elan etmək cəhdi riskli bir işdir. Bunu müdafiə edən insanlar "arxalarında ABŞ-nin durduğunu" düşünərək müharibə istəyirlər.
Əməkdaşlıq meyili gərginliyə üstün gəlir
Ekspertlər hesab edirlər ki, görüşün ən mühüm nəticəsi bağlı qapılar arxasında əldə edilən razılaşmalar ola bilər. Verilən mesajlar göstərir ki, əməkdaşlıq meyli gərginliyə üstün gəlir. Tərəflər arasındakı bütün problemlər aradan qalxmasa da, ən azı iqtisadi sahədə müəyyən yumşalma müşahidə oluna bilər. Təxminən 55 il əvvəl ABŞ Prezidenti Riçard Niksonun Pekinə tarixi səfərindən sonra Vaşinqtonun dəstəyi ilə Çin sürətli inkişaf mərhələsinə qədəm qoydu və bu gün dünyanın ikinci ən böyük iqtisadi gücünə çevrildi. Çin hazırda texnologiya sahəsində də ciddi nailiyyətlər əldə edib. Bu istiqamətdə əməkdaşlıq imkanları da istisna deyil. Ağ Ev səfər çərçivəsində mühüm iqtisadi anlaşmaların imzalandığı barədə bəyanat yayıb. Qeyd edilib ki, iki lider iqtisadi münasibətləri yaxşılaşdırmaq məqsədi ilə ABŞ-Çin Ticarət və İnvestisiya Şuraları yaratmağa qərar veriblər. Digər razılaşma çərçivəsində Çində ABŞ malları üçün yeni bazarlar açılacaq, amerikalılara bu ölkədə yüksək maaşlı iş yerləri yaradılacaq. Həmçinin Çin 200 ABŞ istehsalı "Boeing" təyyarəsi almaq öhdəliyi götürüb. Bundan başqa, Çin nadir torpaq elementləri və digər vacib minerallar üçün təchizat zəncirində qopmalarla bağlı Vaşinqtonun narahatlığını, eləcə də məhdudiyyətlərlə bağlı məsələləri operativ formada həll edəcək. Həmçinin, Çin ABŞ-dən 2026, 2027 və 2028-ci illərdə hər il ən azı 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları alacaq. Eyni zamanda, Çinin ABŞ-nin mal və quş əti bazarından hər il minlərlə ton məhsul almaq öhdəliyi razılaşmaya daxil olunub.
Göründüyü kimi, ABŞ, daha dəqiq ifadə etsək, Tramp hakimiyyəti hər şeydən əvvəl iqtisadi məsələləri önə çəkməyə üstünlük vermək siyasətini davam etdirir.