Dünya
426
18:57, Bu gün

"Həqiqətə senzura artıq qanundur": ABŞ informasiya həbsxanasına çevrilir” - "UnHerd"

"Bayden dövründə dövlət və texnologiya şirkətləri arasında formalaşan yeni informasiya modeli..."

Bayden administrasiyası dövründə ABŞ-da informasiya mühiti COVID-19 pandemiyası və "daxili ekstremizm"lə mübarizə siyasətinin təsiri altında kəskin dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "UnHerd" nəşri yazıb.

Pandemiya və "infodemiya" adı altında informasiya məkanının dəyişməsi

Bu mərhələdə "dezinformasiya ilə mübarizə" rəsmi əsas kimi göstərilsə də, əslində fərqli siyasi baxışların sıxışdırılması üçün geniş mexanizm formalaşıb. Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyinin "infodemiya" anlayışını gündəmə gətirməsi ilə sosial şəbəkələrdə informasiya nəzarəti daha da güclənib.

"Facebook", "Google", "YouTube", "Twitter" və digər platformalar dövlət qurumları ilə koordinasiyada "etibarlı məlumat" adı altında kontenti süzgəcdən keçirməyə başlayıb. Nəticədə maskalar, virusun yayılma yolları və hətta onun mənşəyi kimi mövzularda rəsmi mövqe dəyişdikcə, əvvəlki fikirlər "yanlış informasiya" kimi silinib.

Məqalə qeyd edir ki, pandemiya dövründə sərt lokdaunlar, məktəblərin bağlanması və sosial məhdudiyyətlər cəmiyyətin gündəlik həyatına dərin təsir göstərib. Eyni zamanda, elita və ictimaiyyət arasında qaydaların fərqli tətbiqi (məsələn, yüksək səviyyəli tədbirlərdə məhdudiyyətlərin pozulması) ictimai narazılığı artırıb.

Seçkilər, "zərərli informasiya" anlayışı və senzuranın institutlaşması

Məqaləyə görə, 2020-ci il seçkiləri ərəfəsində ABŞ-də informasiya nəzarəti daha sistemli formaya keçib. CISA (ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi -red.) və digər qurumlar, eləcə də "Election Integrity Project" və "Virality Project" kimi təşəbbüslər sosial şəbəkələrdə "arzuolunmaz" hesab edilən məzmunu izləyərək platformalara silinməsi üçün siqnallar göndərib.

Burada əsas dönüş nöqtələrindən biri "zərərli informasiya" anlayışının geniş tətbiqi olub. 2017-ci ildə akademik mühitdə ortaya çıxan bu termin sonradan dövlət siyasətinə daxil edilib və təkcə yalan deyil, "doğru olsa belə zərərli hesab edilən" fikirləri də hədəfə alıb.

Nəşr yazır ki, Bayden administrasiyasının ilk aylarında CISA-nın missiyası dəyişdirilib: xarici dezinformasiyadan daha çox daxili informasiya axınına nəzarət əsas hədəfə çevrilib. Bu isə faktiki olaraq dövlət və özəl sektorun birlikdə işlədiyi geniş senzura modelinin formalaşması demək idi.

Siyasi qütbləşmə, platforma qadağaları və yeni informasiya gücü

Məqalədə ABŞ-da siyasi qütbləşmənin informasiya nəzarəti ilə daha da dərinləşdiyi vurğulanır. Kapitoliya hadisələrindən sonra Donald Trampın sosial şəbəkələrdən bloklanması və onun tərəfdarlarının maliyyə platformalarından kənarlaşdırılması bu prosesin ən kəskin nümunəsi kimi təqdim olunur.

Eyni zamanda, BLM ("Black Lives Matter" - ABŞ-də qaradərili insanların hüquqlarının müdafiəsi üçün yaranmış ictimai-siyasi hərəkatdır - red.) etirazlarına münasibətin fərqli olduğu, böyük texnoloji şirkətlərin bu hərəkatı açıq şəkildə dəstəklədiyi qeyd edilir. "UnHerd" bu fərqi informasiya siyasətinin selektiv tətbiqi kimi izah edir.

Məqalənin yekun nəticəsinə görə, ABŞ-da yaranan bu model artıq ənənəvi dövlət senzurası deyil, dövlət qurumları ilə texnoloji platformaların birləşdiyi yeni tip "informasiya hakimiyyəti"dir. Bu sistemdə informasiya axınını idarə edənlər təkcə xəbərləri deyil, həm də ictimai reallığın necə formalaşacağını müəyyən edirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər