Almaniyanın Koblenz şəhərində fəaliyyət göstərən Hərbi Nəqliyyat Vasitələri Muzeyi (WTS) aralarında Azərbaycanın da olduğu 26 dövlətin vətəndaşları üçün giriş qadağası tətbiq edib.
Moderator.az-ın məlumatına görə, bu məhdudiyyət barədə qurumun rəsmi internet səhifəsində bildiriş dərc olunub.

Rəsmi bəyanatda qeyd olunub:
"Hərbi təhlükəsizlik qaydalarına əsasən, Təhlükəsizlik Yoxlanışı haqqında Qanunun (SÜG) 13-cü maddəsinin 17-ci bəndində xüsusi olaraq göstərilən siyahıdakı dövlətlərin vətəndaşlarına hazırda kolleksiya sahəsinə daxil olmaq icazəsi verilmir".
Muzeyə buraxılmayan şəxslər Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna, Əfqanıstan, Əlcəzair, Ermənistan, Çin, Gürcüstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Şimali Koreya, Kuba, Laos, Livan, Liviya, Moldova, Pakistan, Sudan, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan və Vyetnam vətəndaşlarıdır.
Sözügedən hərbi texnika eksponatları ilk dəfə 1961-1962-ci illərdə Meppen/Emsland ərazisindəki 91 saylı Bundesver Sınaq Poliqonunda bir araya gətirilib. 1982-ci ildən etibarən isə kolleksiya muzeyi idarə edən Bundesverin Avadanlıqlar, İnformasiya Texnologiyaları və Texniki Dəstək üzrə Federal İdarəsinin (BAAINBw) baş qərargahının yerləşdiyi Koblenz şəhərində qorunur. Qurumun saytındakı məlumata əsasən, bu sərgi öz növünə görə Avropanın ən nəhəng kolleksiyaları sırasındadır. 1982-ci ildən indiyədək obyekti 1 milyondan çox insan ziyarət edib.