Enerji şokunun təsirləri ilə mübarizə aparmaq məqsədilə Avropa İttifaqı dövlətləri vergiləri azaltmağa hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, Avropa Komissiyası elektrik enerjisi xərclərinin və enerjidaşıyıcıları üzərindəki vergi yükünün azaldılması istiqamətində tövsiyələr hazırlayır. Nəzərdə tutulan bu tədbirlər qaz və neft qiymətlərindəki artımın vətəndaşlar, eləcə də sahibkarlar üçün mənfi fəsadlarını yumşaltmalıdır.
Müvafiq sənədin aprelin 22-də ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Bu sənəd Hörmüz boğazı ətrafındakı gərginlik fonunda vəziyyətin sabitləşdirilməsi üzrə daha geniş bir planın tərkib hissəsi olacaq.
Bununla yanaşı, Avropada enerji qiymətlərinin artıq əhəmiyyətli dərəcədə yüksəldiyi diqqətə çatdırılır. Yaxın Şərqdə münaqişənin başlamasından etibarən "Brent" markalı neftin qiyməti 40%-dən çox artıb, həmçinin qazın dəyərində də kəskin artım qeydə alınır.