Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Hərb Nazirliyi İrana qarşı hücumlarda tətbiq olunan yeni nəsil "PrSM" (dəqiq zərbə raketi) sursatlarının illik tədarükünü 10.5 dəfəyə qədər çoxaltmaq məqsədilə əlavə maliyyə vəsaiti cəlb etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.
Xəbərə görə, Pentaqon hazırda mövcud olan 108 raketlik göstəricini 1 134 ədədə çatdırmağı hədəfləyir. Bu isə satınalma həcminin 950 faiz nisbətində yüksəldilməsi deməkdir.
"PrSM" sistemlərinin istehsalını həyata keçirən "Lockheed Martin" şirkəti 2025-ci ilin oktyabr ayına kimi illik raket satışını 400 ədədə çatdırmaq istədiyini bəyan edib.
Media orqanlarının martın 2-də verdiyi xəbərə görə, ABŞ silahlı qüvvələri "PrSM" raketlərindən ilk dəfə olaraq Yaxın Şərqdə real döyüş şəraitində yararlanıb. Ekspertlər ABŞ Mərkəzi Komandanlığının paylaşdığı videokadrlarda İrana qarşı yüksək mobillikli artilleriya raket sistemindən (HIMARS) buraxılan sursatın məhz bu yeni raket olduğunu aşkarlayıblar.
Martın 30-da isə yayılan məlumatlarda ABŞ hərbçilərinin İranın Lamerd şəhərinə hücumu zamanı "PrSM" raketlərini tətbiq etdiyini yazıb. Zərbələr nəticəsində ibtidai məktəb və idman zalı vurulub, 21 nəfər həyatını itirib, 100 nəfər isə xəsarət alıb.
Amerikalı hərbi mütəxəssislərin bildirdiyinə görə, bu raketlər volfram kürəciklərindən ibarət qəlpəli döyüş başlığına malikdir və dağıdıcı təsiri artırmaq üçün hədəfə çatmamış havada partlayır. Aprelin 2-də İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi hücum faktını təsdiqləyərək baş verənləri hərbi cinayət kimi qiymətləndirib. /oxu.az/