Dünya
246
21:32, Bu gün

"Tramp Yeltsinin səhvlərini təkrarlayır: ABŞ-ı SSRİ-nin taleyi gözləyə bilər" - "Asia Times" (Honkonq)

"Sovet anı" və Amerika sistemində dərinləşən böhran siqnalları..."

Donald Tramp ilə Boris Yeltsin arasında müəyyən tarixi paralellər mövcuddur. ABŞ-da baş verən proseslər SSRİ-nin son illərində yaşanan sistem böhranını xatırladır.

Moderator.az xəbər verir ki, bu barədə Honqonkun "Asia Times" nəşri yazıb.

Sistem böhranı və tarixi paralellər

Nəşr yazır ki, XX əsrdə dünya iki model - kapitalizm və kommunizm arasında bölünmüşdü. SSRİ güc çatışmazlığından deyil, daxili sistem problemlərindən dağıldı: iqtisadi stimulların zəifləməsi, resursların qeyri-səmərəli bölüşdürülməsi və cəmiyyətin sistemə inamının itməsi həlledici rol oynadı.

Amerikada "əks disbalans"

Bu gün ABŞ fərqli, amma oxşar struktur problemlə üz-üzədir. Əgər sovet sistemi sahibkarlığı sıxışdırırdısa, Amerika modeli getdikcə işçi təbəqəni kənarda qoyur. Qloballaşma və maliyyə sektorunun böyüməsi nəticəsində kapital güclənib, istehsal isə xaricə köçüb. Nəticədə iqtisadi artım davam etsə də, sərvət kəskin şəkildə cəmləşib.

ABŞ-da ən varlı 1 faiz əhalinin ümumi sərvətin təxminən üçdə birinə sahib olduğu qeyd olunur. Maaş artımı isə geniş kütlələr üçün zəifləyib və bu, cəmiyyətdə narazılığı artırıb. Bu artıq təkcə iqtisadi deyil, legitimlik problemidir. Sorğular göstərir ki, amerikalıların böyük hissəsi ölkənin yanlış istiqamətdə getdiyini düşünür və sistemin onların maraqlarına xidmət etmədiyinə inanır.

Liderlər səbəb yox, simptomdur

Məqalədə vurğulanır ki, Boris Yeltsin SSRİ-də böhranı yaratmadı, sadəcə onu təcəssüm etdirdi və sürətləndirdi. Onun dövründə aparılan xaotik özəlləşdirmə oliqarxların yaranmasına və sosial sarsıntılara səbəb oldu. Daha sonra Vladimir Putin hakimiyyətə gələrək dövlət nəzarətini gücləndirdi və sabitliyi qismən bərpa etdi.

Eyni məntiq üzrə Donald Tramp da sistem böhranının səbəbi deyil, onun nəticəsi kimi təqdim olunur. Onun siyasəti mövcud iqtisadi və sosial narazılıqların ifadəsi kimi qiymətləndirilir. Bu baxımdan Tramp daha çox keçid fiquru kimi Yeltsinə bənzədilir.

"Neft-dollar" dayağı və artan risklər

Uzun illər ABŞ-ı bu cür disbalanslardan qoruyan əsas amil dolların qlobal üstünlüyü olub. Lakin son illərdə bu sistem zəifləməyə başlayır: Çin və Rusiya alternativ maliyyə mexanizmlərinə yönəlir. Eyni zamanda ABŞ-ın dövlət borcu sürətlə artır və artıq 40 trilyon dollara yaxınlaşır. Tramp administrasiyasının bu problemi həll etmək üçün aydın strategiya təqdim etmədiyi, əksinə hərbi xərcləri artırdığı qeyd olunur.

Qarşıda seçim var

Məqalənin əsas nəticəsi belədir: böyük dövlətlər birdən-birə çökmür, lakin sistemləri öz prinsiplərinə uyğun gəlmədikdə tədricən zəifləyir. SSRİ təcrübəsi göstərir ki, böhranı keçid liderləri yox, onlardan sonra gələn siyasət müəyyən edir. ABŞ üçün də əsas sual budur: ölkə kapital və əmək arasında balansı bərpa edə biləcəkmi, yoxsa mövcud disbalans daha dərin böhrana gətirib çıxaracaq. Nəşr vurğulayır ki, ABŞ hələ kritik həddə çatmayıb, amma bu hədd əvvəlkindən daha yaxın görünür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər